Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Rusiyanın məşhur “Vedomosti” nəşri tərəfindən “İlin siyasətçisi” seçilməsi bir daha dövlətimizin qətiyyətli mövqeyinin, hərbi imkanlarımızın dünyaya təqdimatı oldu
Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Dövlətimizin başçısı İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Bildirilib ki, cənab İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar.
Noyabrın 10-da şanlı tariximizin ən yaddaqalan müjdəsini xalqa çatdırarkən “Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!
10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası nəticəsində Ağdam, Kəlbəcər və Laçın müharibəsiz Azərbaycana qaytarıldı. 44 gün davam edən müharibədə 300-ə yaxın kəndin, 5 şəhərin, 4 qəsəbənin işğaldan azad edilməsinə nail olan Azərbaycan Ağdamın, Kəlbəcərin və Laçının qaytarılması ilə tarixi qələbəsinin sevincini yaşayır, bu bölgələrdə həyatın bərpası istiqamətində kompleks tədbirlər planı hazırlayır, soydaşlarımızın qaçqınlıq həyatına son qoyaraq öz doğma yurd-yuvalarına qayıtmaq üçün mühüm addımlar atır. Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!
Bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə - biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Artıq müharibə arxada qaldı.
Azərbaycan tarixi Zəfəri ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Dövlətimizin başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı əsgərlərlə görüşündə bir daha diqqəti bu məqama yönəldərək bildirmişdir ki, müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Xarici tərəfdaşlarımız bu məlumatı çatdırırlar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, aparılan əməliyyatlar öyrənilir: “Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu… Bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır.”
Ermənistan ordusu onilliklər ərzində yaradılırdı və onlara hərbi texnika pulsuz verilir. Bu məqam 44 günlük müharibə dövründə daha aydın özünü göstərdi. Dövlətimizin başçısı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrinin hər birində bu suala cavab axtardığını diqqətə çatdırdı ki, kasıb ölkəyə belə böyük məbləğdə silah verən kimdir? Məhv edilən və qənimət kimi götürülən texnikaların qiyməti ilə işğalçı Ermənistanın maliyyə imkanları təzad təşkil edir. Hardandır bu kasıb ölkədə bu qədər pul? Təbii ki, bütün dövrlərdə böyük dövlətlərin maraqlarının icrasında vasitəçi olan Ermənistan onlar tərəfindən silahlandırılıb, maddi və mənəvi dəstəklə əhatə olunub.
Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Dövlətimizin başçısının müsahibələrində də qeyd etdiyi kimi, ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq.
Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində məhz Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.
Azərbaycanın 2003-cü ilədək olan dövrü, eyni zamanda, 2003-cü ildən sonrakı mərhələsi bu gün əldə olunan uğurları şərtləndirən əsas amillər kimi qeyd edilir. Təbii ki, sabitlik olmasa, iqtisadi inkişaf olmazdı, bu halda da heç bir sahənin tərəqqisindən danışmaq mümkün deyildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmizi müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi. Əgər 1993-2003-cü illəri əsasən bərpa və inkişafın təməlinin qoyulması dövrü adlandırırıqsa, ikinci mərhələ böyük və sürətli quruculuq və inkişaf dövrü kimi xarakterizə edilir. Birinci mərhələ Ümummilli Liderin, ikinci mərhələ isə bu siyasi kursu uğurla davam etdirən, qətiyyətli lider olduğunu həyata keçirdiyi nəhəng transmilli layihələrlə, sosial-iqtisadi islahatlarla, diplomatik mübarizədə qələbələri ilə, eyni zamanda, 44 günü Azərbaycan tarixinə zəfər günü kimi yazan, noyabrın 10-da imzalanan razılaşma əsasında Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini dünyaya təqdim edən Prezident İlham Əliyevin adı ilə bağlıdır. Son 17 ilin əsas hədəfləri sırasında Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən dəfələrlə artıq olmasına nail olmaq idi. Bugünkü qələbəmiz bu reallığın təsdiqidir. Ölkəmizdə müdafiə xərcləri ilə yanaşı regional inkişaf proqramlarının uğurlu icrası, yeni müdafiə sənayesi obyektlərinin yaradılması, müxtəlif adlarda hərbi məhsulların istehsalı və sair kimi biri-birindən əhəmiyyətli addımlar Azərbaycanın bugününə hesablanmış tədbirlərdir. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu, hərbi xərclərimizin artırılması suveren hüququmuzdur. Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”.
Bu gün istər ölkə, istərsə də dünya mətbuatında qalib Prezident İlham Əliyevin müharibədə qalibiyyət qazanmaq üçün atdığı addımlar, informasiya müharibəsində Ermənistanı diz çökdürməsi geniş şəkildə təhlil edilir. Dünya siyasətçiləri, politoloqlar, aparıcı mətbu orqanların nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyanın təlxəkliyini insanlığa sığmayan, bir dövlətin rəhbərinə yaraşmayan hərəkət kimi dəyərləndirir, onu rəqqas kimi təqdim edirlər. Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad edərək bildirirlər ki, Ermənistanın təlxək baş naziri Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə sonda belə acınacaqlı vəziyyəti yaşayacağını düşünməli idi: “Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik.”
İkinci Qarabağ müharibəsinin 44 günündə baş verənlər dövlətimizin başçısı İlham Əliyevin 30 ilin imitasiya naminə danışıqlara son qoyub döyüş meydanında ədaləti bərpa etməsinin mahiyyətini daha dərindən dərk etməyə geniş imkan yaradır. Ermənistanın baş nazirinin sərsəm bəyanatları, münaqişənin diplomatik yolla, havadarlarının isə hərb yolu ilə həllinin mümkünsüzlüyünü bildirmələri Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi: “Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”
Qələbənin memarı, Ali Baş Komandan İlham Əliyev “BBC News”a müsahibəsində ölkəmizin gələcəyi ilə bağlı fikirlərini belə ifadə etmişdir ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr hər bir sahədə böyük imkanlar açacaq. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.
Reallıq budur ki, bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bütün hədəflərə çatmışıq. “Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi” söyləyən dövlətimizin başçısı bu fikirləri də böyük qürur hissi ilə qeyd etmişdir: “Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq.»
Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı «Biz öz istəyimizə nail olduq» söyləyərək bu hədəfi də açıqlamışdır ki, biz bundan sonra da ordumuzu gücləndirəcəyik: «İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır.»
Yeganə Əliyeva, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir