24 dekabr 2020 16:53
1860

Qərb «demokratiyası»

Yaxud erməni havadarlarının oyunları

Vətən müharibəsində hərbi, siyasi, demokratik, informasiya cəbhələrində apardığı mübarizədə qalib gələn Azərbaycan bütün dünyaya əsl demokratiyanın, ədalətin, qanunlara hörmətin, ən asası isə ikili standartların beynəlxalq sülhə vurduğu zərbənin  mahiyyətini, iyrəncliklərini də göstərdi.  Bəşəri bəla olan terrorla mübarizədə birlik və həmrəyliyin ən güclü silah olduğunu  terrorçu yuvası Ermənistan üzərində qələbəsi ilə sübut etdi. Bütün dünya ictimaiyyətinə aydın oldu ki, «beynəlxalq terrorizmə qarşı mübarizə» çağırışı edənlərin özləri  ən qatı radikal, terrorçu birləşmələrini silahlandıranlardır.Terrordan da  təhlükəli  olan ikili standartların müəllifləri xalqlar arasında milli münaqişələr yaratmaq üçün təşkil etdikləri düşərgələrdə   radikal qruplaşmaları ideoloji, hərbi  cəhətdən silahlandırır,  özlərinin maraqları naminə günahsız insanların kütləvi qırğınlarına səbəb olurlar.

44 günlük müharibədə Ermənistana, havadarlarına, terrora dəstək verənlərə əsl demokratiyanın nə olduğunu bildirən, birlik və həmrəyliyinin sarsılmazlığını göstərən Azərbaycan çoxlarının şirin xəyallarını  iflasa uğratdı. Vətən müharibəsində Qələbəmizdən sonra ölkəmizə qarşı yenidən təxribatlara, “qara piar” kampaniyasına başlayanlar, ölkə müxalifəti kimi  «Bəlkə də qaytardılar!» ümidi ilə sıraya düzülən erməni havadarları «köhnə hamam, köhnə tas» deyərək Ermənistanın baş naziri Nikol Paşinyana dəstək göstərməkdə davam edirlər.  Necə deyərlər, «toydan sonra nağara, xoş gəldin Makron ağa.»

 Həmişə Azərbaycana qarşı  təxribatların, kampaniyaların təşkilatçısı və  ölkəmiz  əleyhinə  yönələn «qara piar»ın  öncüllərindən olan «Human Rigts Watsh», «Amnesty İnternational»ın  təcavüzkar Ermənistanın  vəhşiliyini qınadığı bir zamanda, Fransa, Niderland parlamentlərinin ölkəmiz və Türkiyə əleyhinə təxribat xarakterli, əsası olmayan bəyanatlar qəbul etmələri  qərəzli olmaqla,  beynəlxalq terrora dəstəkdir.  Erməni lobbisinin maliyyələşdirdiyi  hər iki təşkilatdan ölkəmizə  qarşı  kampaniyalarda istifadə edən Avropa ölkələri bu dəfə  vərdişlərinə xilaf çıxaraq həqiqəti təhrif edən sənədlər qəbul etməklə  Ermənistana dəstək göstərirlər.   Ermənistanın döyüş bölgələrindən xeyli kənarda yerləşən Gəncəni , Bərdəni, Tərtəri, Qəbələni atəşə tutması nəticəsində yaranan dözülməz görüntüləri, dağıntıları müşahidə edən «Human Rigts Watsh» təmsilçiləri təsdiqlədilər ki, mülki  azərbaycanlılar kasetli bombalar vasitəsilə qətlə yetiriliblər. Təşkilatın bu etirafından qəzəblənən Fransa Senatı beynəlxalq hüquqa hörmətsizlik olan   «Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair» qətnamə qəbul etməklə  “demokratiyanın fransızcası”na imza atdı. Xəritədə Dağlıq Qarabağın yerləşdiyi ərazidən, münaqişənin yaranma səbəblərindən xəbəri olmayan  «müsyölərin»  işğalçı Ermənistana dəstəyi Avropa dəyərlərini gözdən saldı. Senatorların bəziləri sonradan səhvlərini düzəltsələr də, erməni lobbisinin maliyyələşdirdiyi, işğalçı dövlətin ruporu rolunda çıxış edən, niyyətlərinə çatmayan  bəziləri hələ  də Ermənistan üçün yas tutur.

Bu arada madam Baronessa Koksu unutmaq ermənilərin xətrinə dəyər. Böyük Britaniya Lordlar Palatasının üzvü, həftə səkkiz, mən doqquz Ermənistanda görünən Baronessanı ermənilər elə özlərinin «axçiyi» hesab edirlər. Türkiyə və Azərbaycan əleyhinə təxribatlar ilə  Ermənistana dəstək göstərən,  Lordlar Palatasında istədiyinə nail olmayan bu «tıq-tıq xanım» özünə dost axtarmaq üçün üz tutur  mənzil- qərargahı İsveçrənin Sürix şəhərində yerləşən  Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatına. Təşkilatın sədri Con İbnerlə birləşərək «Qarabağ xristianlarının soyqırıma məruz qalması təhlükəsinin» qarşısının alınması  üçün «Dağlıq Qarabağ respublikası» nın tanınması ilə bağlı ermənilərin tərtib etdikləri bəyanat  hazırlasalar da, əlləri boşda qalır. Bu ünsürlər unudurlar ki, Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də qalibdir. Onların bu cızma-qaraları erməni lobbisindən pul qoparmaq bəhanəsindən, Qərbin uydurduğu illüziyalardan, «demokratiya oyunu»ndan başqa bir şey deyildir.

  Ancaq hadisələr göstərdi ki,  Azərbaycanın gücündən, qüdrətindən təşvişə düşən avropalı demokratlar ölkəmizə  təzyiq göstərmək vərdişlərindən əl çəkməmiş, sadəcə, məqam gözləyirlərmiş. Ermənilərə himayədarlığını manipulyasiya edərək istədikləri formada ictimaiyyətə çatdıran, Milli Ordumuzun Vətən müharibəsindəki Qələbəsini  həzm edə  bilməyən, erməni lobbisinin təsiri altında olan Niderland parlamentinin anti-Azərbaycan, anti-Türkiyə qrupunda toplaşanların heç bir səbəb olmadan Fransa Senatının hərəkətini təkrar etməsi beynəlxalq hüquqa zidd olmaqla,  ölkələrimiz arasındakı münasibətlərə zərbə vurur. 70-ci illərə qədər Asiya, Afrika  ölkələrində müstəmləkəçilik  siyasəti  yeridən, milyonlarla insanın ölümünə səbəb olan Fransa və Niderland parlamentlərindəki təxribatçı qrupların bu cür hərəkətləri  başadüşülən deyil.   Əlcəzairdə, Ruandada, digər Afrika dövlətlərində  törətdikləri soyqırımlar və vəhşilikləri ilə iz qoyan   Fransa kimi Niderland da  işğal altında saxladıqları ölkələrdə kütləvi qırğınlar törətmişlər. Balkan müharibəsinin acı səhifələrindən olan Serebrenitsa soyqırımının qurbanlarının əsas  günahkarı  Niderland sülhməramlılarıdır.

Ermənistanla   daşnakları birləşdirən də məhz bu amildir,  insan qatili olmalarıdır. Çünki Ermənistanın iki əsrdə azərbaycanlılara qarşı törətdiyi  qırğınlar, soyqırımlar tarixin qaranlıq səhifələrindəndir. Niderland parlamentində belə biabırçı qətnamənin qəbul edildiyi zaman bu ölkənin Azərbaycana təyin olunan səfirinin etimadnaməsini qəbul edən Prezident İlham Əliyevin söylədiyi «Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza  izah etmək çətin olacaq. Buna görə də  parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland  olduğunu  insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız» sözləri diplomatik  xəbərdarlıq idi.

Avropalı parlamentarların demokratiyaya sadiqliyinin bir nümunəsi də Belçikada  göründü. Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində Qarabağla əlaqədar müzakirəyə çıxarılmış layihə  bir sıra düzəlişlərlə sözügedən komitədə qəbul olunmaqla plenar iclasa  tövsiyə olunmuşdur. Separatçı meyillərin əsas daşıyıcılarından olan, islamofob və antitürk əhval –ruhiyyəli millətçi yeni Flamand İttifaqı Partiyasının (N-VA) üzvü, Brüsseldəki əsas erməni lobbi təşkilatının rəhbəri Kaspar Karapetyanla  sıx əməkdaşlıq edən  Mark Demesmaekerin  təşəbbüsü ilə hazırlanan layihənin Belçika Nümayəndələr Palatasının plenar iclasında səsverməyə qoyulması və istənilən nəticəyə nail olunmaması  erməni sevdalılarına daha bir zərbə oldu.  Ermənistanın uğursuzluqlarının pərdələnməsinə yönələn səylər nəticəsiz qaldı. Belçikada dəstək qazanmaq istəyən daşnakların bütün səylərinə baxmayaraq, qətnamə layihəsinin ilkin mətndəki qondarma «artsax» adına bütün istinadlar çıxarılıb və Dağlıq Qarabağ anlayışı qəbul olunub. Ən əsası odur ki, beynəlxalq hüquqa əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də  layihəyə daxil edilib. Erməniləri dəstəkləyən qüvvələrin səylərinə baxmayaraq, sənəddə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiq olunub.

 Əsas məqsədləri Belçika parlamentində  «artsaxın tanınması»  olan, lakin bu ideyaları reallaşdıra bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxıb. Almaniya , Lüksemburq və Belçikadan sonra  qondarma Dağlıq Qarabağ  rejiminin tanınmasına çalışan  Fransa  faktiki olaraq Avropada təkləndi. Azərbaycana qarşı qərəzli mövqeyini erməni düşüncəsi ilə ortaya qoyanlara,  Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində törədilən dağıntıları,  bərbad vəziyyətə salınan şəhər və kəndlərin, dini, tarixi abidələrin ürəkağrıdan mənzərəsini  müsahibələrində diqqətə çatdıran Prezident İlham Əliyevin bu sözləri heç vaxt unudulmayacaq cəsarətli cavabdır: « Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm ki, Bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədənsə ittiham etmək istəyən getsin ilk növbədə güzgüyə baxsın.»

 Prezident İlham Əliyev bir məsələni də qətiyyətlə bildirir ki, bizim qələbəmiz  təkcə Ermənistan dövləti üzərində  əldə  edilmiş qələbə deyil, biz erməni faşizmini  məhv etdik. Azərbaycanın əsgərləri «Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur» fikirlərini korrektə etdi.  «Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki,  lazım olsa torpaqlarımızı  hərbi yolla azad edəcəyik. Deyirdim ki,  müharibə heç zaman istisna olunmur» söyləyən Prezident İlham Əliyev bildirir ki, Azərbaycan müstəqilliyinin ilk illərindən demokratik yolla irəliləyir,  beynəlxalq qanunlara sadiqdir, haqqın, ədalətin tərəfdarıdır.

Ermənistana dəstək göstərənlərə  məsləhət görərdik ki, əsl demokratiyanın nə olduğunu görmək istəsələr və gələcəkdə  fəaliyyətlərində tətbiq etmək arzusunda olsalar  Azərbaycana gəlsinlər.

Xuraman İsmayılqızı, «İki sahil»