24 dekabr 2020 16:32
1463

Biz bundan sonra qürur hissi ilə yaşayacağıq

Müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi

Bu uğura yol açan vətənpərvərlik hissinin, Vətən, torpaq sevgisinin yüksək olması, ən çətin anlarda yumruq kimi birləşmək bacarığımızdır

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Döyüş meydanında 5 şəhərin, 4 qəsəbənin, 300-ə qədər yaşayış məntəqəsinin, xeyli sayda  strateji yüksəkliklərin əldə edilməsinə nail olan Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü. Noyabrın 8-də Qarabağın ürəyi olan Şuşamızın, noyabrın 9-da 70-dən artıq kəndin, bir qəsəbə və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi işğalçı dövləti təslim olmağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanatda əksini tapan müddəaların hər biri Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini təsdiqləyir. Həmin sənədə əsasən  Kəlbəcər,  Ağdam və  Laçın müharibəsiz sahibinə qayıtdı.

Azərbaycan dövləti daim bu sualla dünyaya müraciət edirdi ki, işğalçı adı ilə çağırılmadığı təqdirdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək nə qədər real görünə bilər?  Real olan bu idi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini,  Ermənistan  isə  status-kvonu saxlamaq, əbədi etmək istəyirdi.  Düşünürdülər ki,  əgər 26-27 il ərzində buna nail olublarsa, deməli, bundan sonra da nail olacaqlar. Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcək, onların arxasında dayanacaq, onların  əvəzinə müharibə aparacaqlar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ermənilər  ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur: «Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb.»

44 günlük müharibə onların bu yanlış düşüncələrini bir daha dünyaya çatdırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə dövründə havadarlarından necə incik düşdüyü sərsəm bəyanatlarından da aydın görünürdü. Hər kəsə qarşı iddialarla çıxış etməklə sanki bugünədək beynəlxalq hüququ kobud şəkildə pozan, hətta müsahibələrində açıq-aşkar onun mövcudluğunu inkar edən Nikol Paşinyan deyil, başqası idi. Paşinyan elə düşünürdü ki, müstəqilliyi formal xarakter daşıyan Ermənistanı maraqlarının icrasında bir vasitəçi kimi qəbul edən dövlətlər bütün hallarda onu dəstəkləmək imkanındadırlar. Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər deyilən məfhumlar vardır. Tarixi inkar edib saxta tarix yazmaq, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edib buna nail olmaq əbədi qalib olmaq demək deyil. Ermənistan hakimiyyəti  də çox yaxşı bilir ki, torpaqlarımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Həmin illərdə ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı ağır durum ordu quruculuğunda da özünü qabarıq şəkildə büruzə verirdi. Ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal etmişdi. Dövlətimizin başçısı İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi qeyd etmişdir ki, bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır.

Ermənistan və ona havadarlıq edən dövlətlər  haqq-ədalətin, beynəlxalq hüququn,  tarixi həqiqətlərin kimin tərəfində olduğunun bir daha şahidi oldu. Qeyd etdiyimiz kimi, saxta yazılan tarix, faktların inkar edilməsi heç zaman inandırıcı görünə, qəbul edilə bilməz.  Amma  ermənilər  onlara maraqlarını icra etmək üçün bir vasitəçi kimi baxan dövlətlərin dəstəyinə arxalanaraq  bu torpaqları əbədi saxlayacaqlarını düşünürdülər.  Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Amma düşündüklərinin əksini gördükdə diz çöküb təslim oldular.

Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki. işğalla heç zaman barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək.  Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edirdi ki, Dağlıq Qarabağ gündəlik işimiz olmalıdır. Cənab İlham Əliyev qeyd etdiyimiz müraciətində də bu məqamı xüsusi qeyd edərək bildirmişdir ki, həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qaldırıldı, həm də münaqişə beynəlxalq müstəvidə daim müzakirə mövzusuna çevrildi.

Cənab İlham Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, Dağlıq Qarabağ problemi əsas müzakirə mövzusu olmasın. Münaqişənin əsl mahiyyəti, erməni vəhşilikləri faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Möhkəm təməl üzərində qurulan siyasət davamlı uğurları ilə diqqət çəkir. Belə ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində atılan addımlar öz müsbət nəticəsini verdi.  Son 17 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi informasiya mübarizəsində qələbəmizi təmin etməklə yanaşı, 44 gün davam edən İkinci Qarabağ müharibəsinin  ədalətin bərpası ilə başa çatmasını təmin etdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında qələbəmizi şərtləndirdi. Azərbaycan Ordusu öz tarixi torpaqlarımızı özümüzə qaytardı, ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Cənab İlham Əliyev bildirir: «Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu.»

Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: «Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Müharibənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı.»

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, yüksək döyüş qabiliyyəti, peşəkarlığı nəticəsində Azərbaycan Qələbə sevincini yaşadı.  Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdə  hücumlarına Azərbaycan Ordusunun dövlətimizin başçısı İlham Əliyevin «İrəli Azərbaycan əsgəri» əmrinə əsasən verdiyi cavab Azərbaycanın Zəfər gününün yaşanması ilə nəticələndi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların yumruq kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, Azərbaycan gənclərinin yüksək vətənpərvərlik nümayiş etdirərək könüllü şəkildə torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etmələri, cənab İlham Əliyevin səfərbərlik çağırışını yüksək səviyyədə cavablandırmaları bugünümüzün reallıqlarını şərtləndirən əsas amillər sırasındandır. Döyüşçülərimizin dilindən daha çox eşidilən  «Vətən sağ olsun», « Şəhidlik ən yüksək zirvədir» kimi ifadələr hər bir Azərbaycan vətəndaşının Vətən, torpaq sevgisinin mənzərəsini yaradırdı. Azərbaycan gənclərinin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də deyilənlərin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin 22 dekabr 2020-ci il tarixli  “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında» Sərəncamı da bu tərkibdəndir. Gənclərin hərbi xidməti bu çağırışı  qürur hissi ilə yaşadığımız Zəfər günlərinə təsadüf edir. Hər zaman əsgəri xidmətə yollanarkən «Vətən mənə oğul desə, nə dərdim» söyləyən Azərbaycan gəncləri   44 günlük müharibənin bəxş etdiyi Qələbə sevincindən, dövlətimizin, xalqımızın bu Zəfərdə Azərbaycan əsgərinin rolunu yüksək dəyərləndirərək belə yenilməz, məğrur ordumuzun olması ilə fəxr etdiklərini dilə gətirmələrindən  daha da ruhlanaraq «müsəlləh əsgərəm mən də bu gündən» deyir.

Yeganə Əliyeva, «İki sahil»