Prezident İlham Əliyev öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir
Ümummilli Lider ona inanırdı və güvənirdi
Ulu Öndərin Azərbaycan xalqına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətində özünün siyasi varisinin gücünü, zəkasını və siyasətçi kimi nəyə qadir olduğunu böyük əminliklə qeyd edərək yazırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə, Azərbaycan xalqının gələcəyi naminə olan mühüm tarixi xidməti cənab İlham Əliyevin şəxsində özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək, ölkəni uğurla idarə edə biləcək siyasi davamçı, peşəkar lideri yetişdirməsi oldu. Prezident İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğunu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir. Böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltmişdir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Xalq ona görə Prezidentini sevir ki, o, həmişə hansısa böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi kimi çıxış edir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini bütün sahələrdə əməli fəaliyyəti ilə nümayiş etdirən Prezident İlham Əliyevin son 17 il ərzində həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşdu. Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı daxili və xairici siyasət sayəsində tarixinin ən ciddi uğurlarına imza atmış oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev- müasir hərb tariximizin şanlı sərkərdəsi
Cənab Prezident və onun komandası Qarabağ probleminin sülh yolu ilə həll olunması naminə bütün nüfuzlu beynəlxalq təşkilatlarla, həmsədr ölkələrin rəhbərləri və Avropa qurumları ilə intensiv iş aparmaqda idi. Cənab Prezidentin son iki-üç ildəki çıxış və bəyanatlarından da hiss olunurdu ki, Ermənistan tərəfinin sonadək status-kvonu qorumaq cəhdləri artıq Onun da səbir kasasını dolub-daşmaq həddinə çatdırıb. Odur ki, cənab Prezident çıxış və bəyanatlarında artıq daha tez-tez problemin həllinin hərb variantını dilə gətirirdi. Beləliklə, 2016-cı ilin aprel döyüşlərindən və Tovuz istiqamətindəki uğursuz cəhdlərindən lazımi nəticə çıxarmayan düşmənə sonuncu həlledici, öldürücü zərbə vurmaq anı gəlib çatdı. Ordumuzun sentyabrın 27-si səhər tezdən başlayan əks-hücum əməliyyatı düşməni şoka saldı. “Erməni ordusunun məğlubedilməzliyi”, “Ohanyan səddinin keçilməzliyi” barədə miflər alt-üst oldu. Azərbaycan Ordusu hər saat, hər gün irəliləyərək yeni-yeni ərazilərimizi işğaldan azad etdi. Nəinki Dağlıq Qarabağdan kənardakı rayonlar, eləcə də Şuşa və digər ərazilər də işğaldan azad edilib. Hərbi əməliyyatların bu məqamda dayandırılması məqsədəuyğun idi. Prezident, Ali Baş Komandan İlham Əliyev “Nəyi, nə vaxt və necə etməyi yaxşı bilirəm” sözlərini əbəs yerə demirdi. Ona görə də bu nəticə Azərbaycan üçün tam Qələbədir. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları 10 noyabr tarixli birgə Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Razılaşma əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları, cənab Prezidentin öz müraciət və bəyanatlarında dəfələrlə təkrar etdiyi kimi, əvvəldən müəyyən olunmuş dəqiq qrafik əsasında, özü də bir güllə belə atmadan işğaldan azad olundu. 44 günlük müharibənin dərsləri ordumuzun 27 sentyabrda başlanan və tariximizə Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsi 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzalanmış olduqları birgə Bəyanatla başa çatmış oldu. Azərbaycan nəhayət ki, ərazi bütövlüyünü tam olaraq bərpa etdi. Bu tarixi Qələbənin icraçısı rəşadətli Azərbaycan Ordusu, onun baş memarı və təminatçısı isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oldu. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Dövlətimizin başçısı ölkənin hərbi potensialını artırmaq məqsədilə ciddi addımlar atdı
Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində, müasir silah - sursatla təmin olunmasında, hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsində görən Prezident, Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq cəbhə bölgələrində – səngərlərdə oldu, əsgər və zabitlərlə şəxsən görüşdü, onlarla birlikdə bir masa arxasında oturub nahar etdi. Dövlətimizin başçısı ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq məqsədilə ciddi addımlar atdı.
Bəli, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Xatırlatdığımız kimi, ötən 17 ildə Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamət olub. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılması hər şeydən öncə ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtlənib. Buna görə də hərbi hissələrin tikintisində Azərbaycan standartlarına üstünlük verilib, xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanlar yaradılıb. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnib.
Prezident İlham Əliyev qurduğu Azərbaycan Ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə bir fateh kimi, Qarabağ fatehi kimi öz adını yaza bildi. Müharibənin gedişində Müzəffər Ali Baş Komandandan güc alan Azərbaycan Ordusu var idi. Prezidentin hər çıxışı, hər sözü ordumuzun, əsgərlərimizin dilində sloqana, şüara çevrilirdi, əsgərlərin döyüş ruhunu artırırdı. Qələbə əzminə əzm qatırdı. Əsgər ordunun başında iradəli bir sərkərdənin durduğunu görürdü, hiss edirdi. Döyüşən, düşmənlə üzbəüz olan əsgər hər an Ali Baş Komandanın özünün də onun yanında olduğunu hiss edir, onun dəmir yumruğunun düşmən üçün nə dərəcədə qorxulu olduğunu bilərək daha böyük cəsarətlə irəli gedirdi. Yaralı Azərbaycan əsgərləri ilə görüşü zamanı Müzəffər Ali Baş Komandanın onların çəkdiyi can acılarını öz canında necə yaşadığının şahidi olduq. Gördük ki, hər bir əsgərlə əsl döyüş yoldaşı, səngər yoldaşı, bir ata, qayğıkeş bir qardaş kimi davranan Prezidentimiz, Ali Baş Komandanımız var.
Bütün hərbi şəhərciklərin, hərbi bazalarımızın ən yüksək standartlar səviyyəsində yenidən qurulması, ilk növbədə, hərbçilərimizin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlərin keçirilməsi bugünkü Qələbəmiz üçün zəmin yaratdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda nümayiş etdirilən ən müasir silah – sursat, həm düşmənlərimizə, həm də dünyaya ordumuzun gücünü göstərdi. Dövlətimizin başçısı xalqa müraciətində bir daha vurğuladı ki, döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir: “Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Bax, belə ordu yaratmışıq biz!”
Prezident İlham Əliyev həm hərbi, həm də informasiya cəbhəsində məharətli sərkərdə idi
Hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya sahələrində qazanılan tarixi qələbələr də təsdiqlədi ki, Qələbəmizin baş qəhrəmanı – Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Ölkə başçısı sentyabrın 27-dən başlayaraq dünyanın 30-a yaxın aparıcı kütləvi informasiya vasitəsinə verdiyi müsahibələrində Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Dünya ictimaiyyətinə də bəlli oldu ki, Azərbaycan əsgəri öz ərazisində vuruşur. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyev münaqişənin səbəblərindən söhbət açarkən dedi ki, Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlanmış müharibə bir çox hallarda xarici media tərəfindən qeyri-obyektiv işıqlandırılıb. Münaqişənin tarixi, mahiyyəti ilə bağlı təhrif olunmuş, qeyri-dəqiq və qərəzli məlumatlar verilib. Ancaq düzgün müəyyənləşdirilmiş siyasi strategiya nəticəsində, həmçinin informasiya təminatı ilə bağlı göstərilmiş səylər sayəsində Azərbaycana münasibətdə illərlə formalaşmış neqativ fonu dəyişmək və dünya birliyinə həqiqəti çatdırmaq mümkün oldu. Başqa sözlə, Ali Baş Komandan İlham Əliyev beynəlxalq müstəvidə Dağlıq Qarabağın məhz tarixi Azərbaycan torpağı olmasının hüquqi tərəflərinə faktlarla, dəlil-sübutlarla mükəmməl şəkildə aydınlıq gətirdi. Beləliklə, Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi.
Xalq –Prezident-ordu birliyi
Torpaqlarımızın azadlığı uğrunda savaşın ilk günlərindən xalqımız öz liderinin – Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, dövlətimizin başçısının 17 il ərzində insanların dərin rəğbətini qazanmasının parlaq sübutu idi. Vətən müharibəsindəki möhtəşəm Qələbə də Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bu tarixi Qələbəsi bizim haqqımızda uydurulmuş məğlub xalq sindromunu birdəfəlik sındırdı və inamımızı özümüzə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. İşğal altında olan torpaqlarımızın azad edilməsinin ən başlıca səbəbi isə Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, Prezident –xalq birliyinin sıx vəhdətidir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir