Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev tarixi Qələbəmizlə bağlı məqamları diqqətə çatdırdı
Əvvəlcə pandemiya ilə bağlı respublikamızda görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda COVID- 19-a qarşı mübarizə məqsədilə ölkə daxilində, beynəlxalq arenada operativ tədbirlər davam etdirilir. Laboratoriyaların sayı 8 dəfə artırılıb, qısa müddətdə 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. 10 mindən çox çarpayı fondu yaradılıb. Qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi üçün İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən dəvət olunmuş həkimlər yerli mütəxəssislərlə birgə çalışırlar. Pandemiyanın yaratdığı iqtisadi çətinliyin aradan qaldırılması üçün zərər çəkmiş vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən ayrılan təqribən 2,5 milyard dollar məbləğində vəsait beş milyona yaxın ölkə vətəndaşının sosial müdafiəsinin qorunmasına sərf olunub ki, bu da əhalinin yarısını təşkil edir. Hazırda dünyanın başqa ölkələri kimi, Azərbaycan da vaksinləmə prosesinə qoşulur. Bu məqsədlə aparıcı vaksin istehsalçıları olan «Sputnik V», «AstraZeneca», «Sinofarm», «Sinovac», «Moderna», «Pfizer BioNTech» kimi tanınmış firmalarla danışıqlar aparılıb. Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq «COVAX» təşəbbüsünə ilk qoşulan ölkələrdəndir. Qoşulmama Hərəkatının sədri olan ölkəmizdə pandemiyaya qarşı mübarizə daim diqqətdə saxlanılır. «Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur» söyləyən Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı olan Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvlərinin iştirakı ilə videoformatda keçirilən Zirvə görüşlərini, xatırladaraq bildirdi ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təklifinin 150-dən çox dövlət tərəfindən dəstəklənməsi, dekabrın 3-4-də 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə həmin sessiyanın keçirilməsi ölkəmizin çoxsaylı humanist çağırışlarındandır. Diqqətə çatdırıldı ki, pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar həcmində ianə edən Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərərək COVID-19-a qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir.
MDB dövlət başçılarına Azərbaycan ilə Ermənistan arasında 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə bağlı ətraflı məlumat verən Prezident İlham Əliyevin çıxışı obyektivliyi baxımından maraqla qarşılandı, diqqətlə dinlənildi. Vurğulandığı kimi, dünyanın kütləvi informasiya vasitələrində döyüşlərlə bağlı kifayət qədər məlumat verilsə də, yenə hadisələrə obyektiv yanaşma unudulub. Münaqişənin təbiəti, yaranma tarixi və problemin mahiyyəti çox vaxt təhrif edilmiş formada təqdim olunmuş, dünya ictimaiyyətinə qərəzli feyk informasiyalar çatdırılmışdır.
44 gün davam edən müharibədə Silahlı Qüvvələrimizin qazandığı uğurlardan bəhs edən, ordumuzun göstərdiyi rəşadəti, tarixdə az- az təsadüf olunan hərbi bacarığını, təcrübəsini diqqətə çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, uzun illər ərzində ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan təcavüzkar dövlət üzərində qazanılan Qələbə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. «Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi» söyləyən Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərindən indiyədək Dağlıq Qarabağı və Azərbaycanın yeddi rayonunu işğal altında saxlayan Ermənistanın vəhşiliklərindən söz açaraq, 1 milyondan artıq qaçqını olan ölkəmizə qarşı etnik təmizləmə siyasəti yeridən terrorçu ölkənin yüzlərlə azərbaycanlını qətlə yetirdiyini, şəhər və kəndlərimizin tamamilə dağıdıldığını diqqətə çatdırdı.
«Bu gün xarici diplomatlar və jurnalistlər Ağdama, Füzuliyə, Cəbrayıla və vaxtilə işğal edilmiş digər ərazilərə səfər edərkən orada nələr edildiyini və bizim torpaqlarda necə vandalizm törədildiyini öz gözləri ilə görürlər. Şəhərlər, kəndlər, xalqımızın tarixi, dini abidələri dağıdılıb. Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik» söyləyən Prezident İlham Əliyev bildirdi ki, 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri işğalçıya qarşı heç bir təzyiq göstərməyərək, əksinə Ermənistanın istəyinə uyğun olan status-kvonun dəyişməz qalması üçün əlindən gələni etmişdir. Belə ki, status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanır, nəticədə bütün dünya ictimaiyyətinə yanlış informasiyalar verilir, danışıqlar prosesi imitasiya şəklində davam etdirilirdi.
Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə ilə məşğul olan həmsədrlərə belə açıq təhdid, hörmətsizlik ifadə edən və hər kəsə meydan oxuyurmuş kimi söylədiyi «Qarabağ Ermənistandır və nöqtə» tezisi cavabsız qaldı. Prezident İlham Əliyevin «Bunun cavabında mən dedim ki, «Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri Azərbaycanın haqq uğrunda zəfər müharibəsində qazandığı Qələbəni təsdiqləməklə, kimin haqlı olduğunu da göstərdi. Cari ilin iyul ayında işğalçının Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata belə göz yuman havadarlar yenə də təcavüzkara təzyiq göstərmədilər. Nəticədə sentyabrın 27-dən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçıya heç vaxt unutmayacağı dərsi verən Milli Ordumuz illərdən bəri Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı qəbul edilən və icra olunmayan qətnamələri yerinə yetirdi. Qərbdəki erməni diasporunun köməyinə ümid edən işğalçının «Dağlıq Qarabağ respublikası”nın parlamentinin Xankəndidən Şuşaya köçürülməsi barədə»ki qərarı isə siyasi həyasızlıq idi. Ermənistan rəhbərliyinin insanlarda hiddət yaradan, müharibəyə sövq edən bu kimi hərəkətləri vəziyyəti daha da kəskinləşdirdi. «Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü» söyləyən Prezident İlham Əliyev Azərbaycan Ordusunun Ermənistan üzərində Qələbəsini, Zəfər paradını xalqımızın haqq-ədalət mübarizəsinin məntiqi nəticəsi adlandırdı.
Birinci Qarabağ döyüşlərində insanlıqdan kənar vəhşiliklərlə Xocalı soyqırımını törədən, günahsız insanları qətlə yetirən, şəhər və kəndləri dağıdan erməni vandalları dağıdıcılıq əməllərini torpaqları tərk edərkən də təkrarladılar. Kəlbəcəri, Ağdamı, Füzulini tərk edərkən evləri, infrastrukturu dağıdan ermənilər döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Bərdəni, Tərtəri raket atəşlərinə tutaraq dinc əhalini qətlə yetirərək hərbi cinayətlərini davam etdirdilər. Düşmənə layiq olduğu cavabı verən Azərbaycan Ordusunun uğurla davam edən əks-hücumları nəticəsində 300-dən artıq yaşayış məntəqəsi, strateji yüksəkliklər erməni işğalından azad edildi.
İşğaldan azad edilən Ağdamda səfərdə olan xarici jurnalistlər gördükləri mənzərəni «Qafqazın Xirosiması» adlandırırlar. Əgər Xirosima nüvə faciəsi, atom zərbəsi ilə dağıdılmışdısa, Ağdam barbar ermənilərin nifrəti ilə bu hala salınmışdı. Hərbi, mənəvi cəhətdən sarsılan, xeyli sayda canlı qüvvəsini itirən və hərbi texnikasının 80 faizi sıradan çıxarılan, Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış Bəyanatın imzalanması ilə hərbi kapitulyasiyaya məruz qalan təcavüzkar məğlubiyyətini rəsmən qəbul etdi. Rusiyanın Prezidenti Vladimir Putin bugünlərdə keçirdiyi mətbuat konfransında bir daha bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. «Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli Bəyanatın şərtlərinə yenidən baxmağa çalışan siyasi qüvvələr üçün vacibdir» söyləyən Prezident İlham Əliyev hələ də təxribatlar törətməklə, yanlış informasiyalar yaymaqla Bəyanatın şərtlərini pozmağa çalışan qüvvələrin olduğunu diqqətə çatdırdı.
Müharibənin Azərbaycanın Qələbəsi ilə başa çatması nəticəsində bölgədə yeni reallıqlar yaranıb. Artıq işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanılıb, infrastruktur yenilənir.
«Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır» söyləyən Prezident İlham Əliyev Azərbaycanla dostluq münasibətləri saxlayan ölkələri yenidənqurma işlərində iştiraka dəvət etdi.
Xuraman İsmayılqızı, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir