21 dekabr 2020 14:07
1663

Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir

Dövlətimizin başçısı İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında bir daha bildirmişdir ki, ölkəmiz  qlobal miqyasda mübarizə işinə sanballı töhfələr verir

Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında  “Başa çatmaqda olan ilin dünyada əsas mövzusu pandemiyaya qarşı mübarizə olub. Bizim regionda əsas mövzu Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatlar idi. Buna görə də nələr baş verməsi və gələcəkdə nə etməyi planlaşdırmağımız barədə informasiyanı və bu haqda öz təsəvvürlərimi həmkarlarımla bölüşmək istərdim» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada bu ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib istifadəyə verilib. Heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmadığından həkim çatışmazlığını aradan qaldırmaq üçün  5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimlər dəvət olunub.  Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib. İndi dünyada vaksinləmə prosesinin başlandığı vaxtda Azərbaycan da  bu prosesə qoşulur. Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub.

Cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olan ölkə kimi bu mövzunu daim diqqət mərkəzində saxlayaraq bildirirdi ki,  kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın: “Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək. Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir. Bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbir keçirilib.”

Qeyd edək ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən cənab İlham Əliyev «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır» söyləyərək  birgə  addımların atılmasını əsas amil kimi önə çəkdi. Bir-birinə əks qütblərdə dayanan dövlətlərin, beynəlxalq təşkilatların koronavirus infeksiyasına qarşı mübarızədə bir araya gəlməsi Azərbaycanın  dünyanı birləşdirdiyini bir daha təsdiqlədi. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi bunun bariz nümunəsidir. Cənab İlham Əliyev Türk Şurasının Zirvə görüşündə bu əminliyi ifadə etmişdir ki, səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Bu əminlik də ifadə edilmişdir ki, ökələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək. Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi  Zirvə görüşündə də dövlətimizin başçısı bu çağırışı etmişdir ki,  qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə bu virusa  qalib gələ bilərik.

120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Ölkə Prezidenti bu inamı diqqətə çatdırır kı,  Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Həmin Zirvə görüşündə «Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik» söyləyən cənab İlham Əliyev bu çətin dövrdə  bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə çağırmışdır.

Dövlətimizin başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında  bir daha BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi  təşəbbüsündən bəhs edərək bildirmişdir ki, bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Dekabrın 3-4 tarixlərində  Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi. Üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfələr verir.

Onu da qeyd edək ki,  Azərbaycanın təklifi ilə xüsusi sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında oldu.  Dövlətimizin başçısı İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atdı. Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac olduğunu önə çəkərək bildirmişdir ki, hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən davamlı tədbirlərdən geniş bəhs edən cənab İlham Əliyev vurğulamışdır ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Quruma toplam 10 milyon dollar həcmində iki dəfə könüllü maliyyə töhfəsi edildiyini önə çəkən dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, bununla yanaşı, bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Azərbaycanın artıq regional çərçivədən beynəlxalq müstəviyə çıxaraq əməkdaşlığa davamlı töhfələr verməsi həyata keçirilən siyasətin uğuru kimi qeyd edilir. BMT Baş Assambleyasının təmsilçilərinin də qeyd etdikləri kimi,  heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz.  BMT olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri dəstəkləyir və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq. Biz, həmçinin istəyirik ki, bütün dövlətlər, millətlər arasında olan qeyri-bərabərlik aradan qaldırılsın. Bunun üçün biz daha güclü və dayanıqlı sistem yaratmalıyıq. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşəbbüslərindən irəli gələn bu birliyin, həmrəyliyin əhəmiyyətini ilk gündən belə dəyərləndirdi ki, biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o, qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik. Sizin davamlı çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVID-19-un qarşısının alınmasında çox vacibdir. Ölkələr arasında şəffaflığın, etimadın və əlaqələndirmənin qurulması olduqca önəmlidir. Ona görə dünyanın hər bir dövləti buna hazır olmalıdır. Belə bir qlobal fövqəladə hal qarşısında həmrəylik prinsiplərindən çıxış edərək biz insanları və millətləri bu səylərdə birləşdirməliyik.

Təbii ki, bu kimi çağırışları, Azərbaycanın təşəbbüslərinə dəstəyi ifadə edən fikirləri daha çox qeyd edə bilərik. Əsas olan budur ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün, pandemiyanın geniş yayıldığı və mübarizənin daha dərinləşdirildiyi bir zamanda da yalnız özünü deyil, dünyanı düşünür. Məhz buna görədir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü Azərbaycan Prezidentinin artıq regional liderlik səviyyəsini aşaraq dünya liderliyi keyfiyyətinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də dövlətimizin başçısının beynəlxalq nüfuzunun yüksəlməsinə müsbət təsir edən amillər sırasındadır.

Bu məqamı da xüsusi qeyd etməliyik ki, keçirilən Zirvə görüşləri Azərbaycanın pandemiya dövründə gördüyü işlərin, tətbiq etdiyi təkmil təcrübənin təqdimatıdır. Bu gün koronavirusa qarşı mübarizədə hər bir dövlətin həyata keçirdiyi tədbirlərin diqqətdən keçirilməsi, səylərin birləşdirilməsi əsas müzakirə mövzusudursa, Azərbaycanın təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərinin də etiraf etdikləri kimi, təqdirəlayiqdir. Özünütəcrid bu bəlaya qarşı mübarizədə əsas amil kimi qəbul olundu. Dövlətimizin başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına ölkə vətəndaşları mütəşəkkilliklə cavab verdilər. Dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsi fonunda ölkəmiz bu bəlaya qarşı mübarizənin birinci mərhələsindən uğurla çıxdı. Dövlətimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir, sağlamlığımızın keşiyində dayanan həkimlərimiz xəstələrimizin tez sağalıb əvvəlki həyatlarına qayıtmaları üçün bütün qüvvə və bacarıqlarını səfərbər edir, polislərimiz karantin qaydalarının pozulmaması üçün səylə çalışırlar. Məhz bu birliyin yaradılması fonunda sabaha böyük ümidlə baxırıq.

Qeyd etdiyimiz kimi, ölkəmiz dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir.  Bu reallıq bir daha təsdiqlənir ki, səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Reallıq budur ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoyub. Hər bir dövlət bu sınaqdan layiqincə çıxmaq üçün ciddi səylər göstərir. Təbii ki, Azərbaycanın təkmil təcrübəsi, malik olduğu imkanlar, inkişaf modeli onun bu çətin məqamda da digər dövlətlərə öz dəstəyini göstərməsinə rəvac verir. Amma cənab İlham Əliyev bu dəstəkdən, birlik, həmrəylik çağırışlarından bəhs edərkən özü-özlüyündə yaranan “Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi?” sualına qısaca olaraq “Yox” söyləməklə bunu belə əsaslandırır ki, kim bizə irad tuta bilərdi, hətta bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq: “Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilir, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım dilənir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir.”

Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirlərdə Dağlıq Qarabağ problemindən, Ermənistanın təxribatlarından bəhs edən ölkə Prezidenti xüsusi sessiyada da   diqqəti 44 gün davam edən İkinci Qarabağ müharibəsinə yönəldərək bu müddətdə Ermənistan silahlı qüvvələrinin törətdikləri hərbi təxribatları, Azərbaycan Ordusunun sentyabrın 27-dən 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasına qədər göstərdiyi şücaəti  diqqətə çatdırmışdır.  «O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır» söyləyən cənab İlham Əliyev bu məqamı bir daha dünya ictimaiyyətinə çatdırdı ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edildi. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.

Dövlətimizin başçısı İlham Əliyev çıxışında işğalçı Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə olmasına da diqqəti yönəldərək bunun  yeganə səbəbinin təşəbbüsün  Azərbaycan tərəfindən irəli sürülməsi olduğunu bildirmişdir.

Əvvəldə də vurğuladığımız kimi, gerçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil siyasəti ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilmiş, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlətimizin başçısı  İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında  əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfədir.

Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir  ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində cənab İlham Əliyevin şəxsi nüfuzu da mühüm rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyevin natiqlik məharəti, diplomatik təcrübəsi, dünyamiqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım  belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni  əməkdaşlıq formatı yaratdı.  29 illik müstəqillik tarixinə malik olan gənc bir dövlətin   dünyanın xarici siyasətini yenidən formalaşdırması cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin nəticəsidir. 

Yeganə Əliyeva, “İki sahil”