18 dekabr 2020 19:05
1590

Bizim dəmir yumruğumuz birliyimizi, gücümüzü təcəssüm etdirir

Azadlıq meydanında keçirilən Zəfər paradı qələbəmizi bütün dünyaya çatdırmaqla Azərbaycanın Silahlı Qüvvələrinin müdafiə qüdrətinə,  beşinci nəsil, ən müasir hərbi texnikaya malik olduğunu göstərdi.   Zəfər paradında  Azərbaycan xalqının yenilməzliyindən, 44 gün davam edən Vətən müharibəsində Qələbənin qazanılması üçün xalq-iqtidar-ordu birliyinin qüdrətindən bəhs edən Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatlar başlanan gündən xalqımızla bir olan, mənəvi,  hüquqi dəstək göstərən Türikiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə xalqına minnətdarlığını bildirdi.

Vətən müharibəsinin hər günü  qəhrəmanlıq dastanı kimi şanlı tariximizə yazıldı.  Zəfər bayramımız BMT Təhlükəsizlik  Şurasının, digər beynəlxalq təşkilatların qəbul etdikləri, lakin kağız üzərində qalan qətnamələrin ordumuzun gücü ilə icra olunması «münaqişənini hərbi yolla həlli yoxdur» deyənlərə də cavab oldu. Ali Baş Komandan İlham Əliyev müasir müharibənin təcrübəsini  başqalarına da öyrətdi 

Müharibə dövründə  dünyanın tanınmış qəzet və telekanallarına müsahibəsində  Azərbaycanın informasiya müharibəsində də  qalib gəldiyini qalib sərkərdə kimi çatdıran Prezident İlham Əliyev  30 ilə yaxın davam edən münaqişənin  yaranma səbəblərindən,  Cənubi  Qafqazda  maraqlarını həyata keçirmək üçün münaqişənin davamlı olmasına çalışan qüvvələrin problemə ikili standartlardan yanaşmasından, insanların çəkdikləri əziyyətlərdən, işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi  terrorlardan, soyqırımlardan ətraflı bəhs edərək bildirdi ki,  artıq regionda  yeni reallıqlar yaranıb. Bu reallığı yaradan isə  güclü, qüdrətli Azərbaycandır. «Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki,  biz daha güclü olmalıyıq və nəyi,  nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında  addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə  dövründə  mən deyirdim ki,  bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi» söyləyən Prezident İlham Əliyevin «dəmir yumruğu»nun zərbəsini dövlət başçımızın  məntiqli açıqlamaları qarşısında  aciz qalan ermənipərəst jurnalistlər də hiss etdilər.

Müharibənin davam etdiyi müddətdə  Azərbaycana gələn xarici KİV-lərin, ekspertlərin, diplomatların   suallarını dünyanın siyasi müstəvisində baş verən qlobal  hadisələr baxımından  cavablandırmaq   o qədər də asan deyil.  Suallara dolğun cavab vermək üçün ən azından  jurnalistin təmsil etdiyi dövlətin daxili və xarici siyasətinə bələd olmalı,  əvvəlcədən planlaşdırılmış qərəzli sualları Azərbaycanın dövlətçilik  mənafeyi naminə cavablandırmalısan. Həqiqəti, hadisələrə münasibətini diplomatiyanın dili, zamanın tələbləri baxımından diqqətə çatdırmaq isə o qədər də asan deyil. Qərəzli sualları ilə  dövlət başçımıza müraciət edən  ermənipərəst jurnalistlərin əksəriyyətini narahat edən Türkiyə-Azərbaycan qardaşlığı, dost ölkənin respublikamıza göstərdiyi mənəvi dəstək idi. Niyyət isə aydın idi:   Hadisələrə başqa don geyindirmək, Azərbaycanın müdafiə qüdrətinə, döyüş məharətinə kölgə salmaq, məğlub Ermənistanı düşdüyü dalandan xilas etmək.  

Yaponiyanın «Nikkei» qəzetinə müsahibəsində jurnalistin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti ilə bağlı sualını  «Həmçinin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır» sözləri ilə cavablandıran Prezident İlham Əliyevin      «Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını istəyirsinizmi»  sualına cavabı da birmənalı  oldu: «Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyindən asılıdır. Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədiyim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, bizim üçün çox yaxşı reallıqdır. Çünki Türkiyə bizim üçün qardaş ölkədir, ən yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demişdim ki, Türkiyə hətta həmsədr də ola bilərdi»

Dağlıq Qarabağda yaşayan ermənilərin taleyi, referendumun keçirilməsi ilə maraqlanan, əslində isə Azərbaycanın mövqeyini öyrənmk istəyən jurnalistlərin suallarına dövlət başçımızın cavabı dəyişməzdir : «Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var.»

Jurnalistin «Cənab Prezident, Siz hansı  torpağı geri almaq istəyirsiniz ki, ondan sonra  bu müharibəyə son qoymağa  hazır olasınız» kimi qərəzli sualı da  erməni təəssübkeşliyindən qaynaqlanırdı.   Prezident İlham Əliyevin «Lakin Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki status-kvo artıq mövcud deyil, təmas xətti artıq  mövcud deyil. Biz yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar» sözləri istədiyi cavabı  almayan jurnalisti məyus etdi .

Prezident İlham Əliyevdən müsahibə alan Fransanın «Fiqaro» qəzetinin əməkdaşının əksər suallarının Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı olması,  Fransa Senatında «Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə  dair» qətnamənin qəbulu  bu ölkənin illərdən bəri Ermənistana hərbi, iqtisadi dəstəyinin nümunəsi idi. Ermənistanın ballistik raketlə Gəncəni, Bərbəni, Tərtəri atəşə tutan dinc əhaliyə qarşı  terrorunu  unudan jurnalistin  Türkiyənin F-16 qırıcı təyyarələrinin Azərbaycanda olmasından narahatlıq duyması bu dövlətin terror dəstəyindən başqa bir şey deyildi. «France 24» televiziya kanalına müsahibəsində  verilən «Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz» sualının cavabı  hazırlıqlı diplomata layiq,  qısa, aydın və qətiyyətli oldu. «Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır.»

Fransanın erməni canıyanarlığına tövsiyələr də belə oldu ki,   erməniləri çox istəyən Fransa  Marseli ermənilərə versin, onlar üçün  ikinci dövlət qursun.

Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən  yaddaqalan bir məqama diqqət yetirək. Jurnalistin «Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır» sualına  Prezident İlham Əliyevin « Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik» cavabı  kimi növbəti «Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər» sualına cavab da  alman yazarın guya hədəfə hesablanmış niyyətini boykot etdi: «Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur.»

Bölgədə sülhün bərpasını istəyən Azərbaycanın sülhsevər mövqeyini diqqətə çatdıran Prezident İlham Əliyev bütün müsahibələrində bildirir ki, biz hər hansı üçüncü ölkənin müharibəyə  cəlb olunmasını istəmirik: «Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün.»

 Azərbaycan, Rusiya, Ermənistan arasında razılaşdırılan  üçtərəfli Bəyanatı imzalayan işğalçı dövlət hərbi kapitulyasiyaya məcbur edildi. «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» kimi sərsəm  iddialar səsləndirən baş nazir Nikol Paşinyanın özü ilə birlikdə  yeddi şərti  iflasa uğradı. Nikol Paşinyanın «yeddi şərti» Prezident İlham Əliyevin qətiyyəti sayəsində  yox oldu. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi,  Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında, Şuşada dalğalanan  zəfər müjdəli bayraqlar, qələbə sevinci Azərbaycanın qarşısında yeni dövr açır. Bu  inkişaf yolunda Türkiyə ilə Azərbaycanın çiyin-çiyinə addımlamasından narahat olanlar Prezident İlham Əliyevin   «Qarabağ Azərbaycandır və nida» sözlərini unutmasınlar

Xuraman İsmayılqızı, «İki sahil»