Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz
Demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyi hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunəsində stimulverici amilə çevrilib.
Ölkə Prezidenti İlham Əliyev müsahibələrinin birində “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirmişdir ki, şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik: “Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk…»
29 ildən artıq müstəqillik tarixinə malik olan ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev eyni zamanda bu fikri də önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır.
1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına xidmət edir. 2009-cu il referendumunda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması oldu.
Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də son 17 ildə diqqətdə olan məsələlər sırasındandır. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-lərin rolunu yüksək dəyərləndirən cənab İlham Əliyev 2005-ci ildə imzaladığı Sərəncamla 30 faizdən artıq maliyyəsini xaricdən alan QHT-lərin seçkiləri izləmələrinə qoyulan qadağanı aradan götürdü. Vətəndaşların sərbəst toplaşma azadlığının təminatı da dövlət siyasətinin əsasında dayanır. Bununla bağlı qəbul olunan qanun da dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir.
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması məqsədilə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünə uyğun olaraq prosedur qaydalarına əsasən atılan addımların sonda cənab İlham Əliyevin Sərəncamı əsasında altıncı çağırış Milli Məclisə seçkilərin keçirilməsi ilə başa çatdı. Cari ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin ilk iclasında «Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ötən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var: «Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.»
Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin mümkünsüzlüyünü bildirən ölkə Prezidenti qeyd etmişdir ki, bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir: «Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.»
Qeyd edək ki, hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmə ölkəmizin hərtərəfli inkişafını sürətləndirir. Hazırkı dövrdə siyasi partiyalar arasında dialoqun təşkili məsələsi əsas müzakirə olunan məsələlər sırasındandır. Siyasi proseslərin iştirakçıları arasında etibarlı və işgüzar münasibətləri təşviq edən siyasi dialoqla bağlı iqtidarın təşəbbüsləri davam edir. Bu fikir xüsusi qeyd edilir ki, siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə mütəmadi görüşləri də bu məqsədə xidmət edir. Hər bir görüş əlaqələrin inkişafına, gündəmə gətirilən məsələlərlə bağlı ümumi mövqenin ortaya qoyulmasına geniş imkanlar açır. 44 günlük müharibə dövründə ölkəmizdə birlik, həmrəylik siyasi partiyaların bir araya gəlib dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməsində də öz təzahürünü tapdı. 50-dən artıq siyasi partiyasının birlik Bəyanatı bir daha təsdiqlədi ki, ümummilli məsələlərin həllində iqtidar-müxalifət münasibətləri yoxdur, dövlət maraqları hər şeydən üstün tutulmalıdır. Ə.Vəliyevin siyasi partiyaların rəhbərləri ilə son görüşlərində də Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və Zəfər paradı, müharibə zamanı tətbiq olunan yeni hərbi strategiyanın xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti və bu müstəvidə qazilərə, habelə şəhid ailələrinə göstəriləcək yardımlar, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, Azərbaycanın artan geosiyasi statusu, Türkiyənin dəstəyi və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin perspektivləri, milli həmrəylik mühitinin qorunmasında siyasi partiyaların rolu, COVID-19 pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin aşılanmasında maarifçilik işinin birgə təşkili kimi aktual mövzular müzakirə edilmişdir. Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ilə görüşlərində Qələbə mövzusu ətrafında danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin xalqa dekabrın 1-də etdiyi müraciətindən sitat gətirib: “Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”.
Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Siyasi partiyalar arasında sağlam dialoq mühitinin formalaşması hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək. Hakimiyyət daim belə dialoqların təşkilində maraqlıdır və bu səbəbdən də bütün siyasi partiyaları birliyə, həmrəyliyə çağırıb.
Yeganə Əliyeva, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir