18 dekabr 2020 18:06
1720

Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycan

Dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə hər bir addımı Azərbaycanın yeniləşməyə, təkmilləşməyə nə qədər açıq olduğunu nümayiş etdirir

Əbəs yerə deyilmir ki, tarix yazılmır, yaradılır. Tarixi insanlar yaradır, tarix özü şəxsiyyətləri yetişdirir, onların cəmiyyətin həyatında əhəmiyyətli rol almalarında stimulverici amil rolunu oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim tarixdə şəxsiyyətlərin rolundan bəhs edərək, diqqəti ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə yönəldir və bu fikri böyük qətiyyətlə bildirir ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişaf edəcəkdir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tarix yaradan şəxsiyyətdir. 1993-2003-cü illərin Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi daxil olması səbəbsiz deyil. Müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi faciələr onu müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni Azərbaycan quruldu. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradaraq, səhifələrində silinməz izlər qoydu, dövlətimizin, xalqımızın şanlı tarixinə çevrildi.

29 illik müstəqillik tarixinə malik olan Azərbaycanın son 17 ilini vərəqlədikdə Heydər Əliyev yolunun uğurla davam etdirildiyini fəxrlə qeyd edirik.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bu vədini açıqlamışdı: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”.

Son 17 ili necə səciyyələndirmək olar?  Təhlilə  keçmədən bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki,  Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Buna əsas verən dövlətimizin başçısı İlham Əliyevin ölkədə həyata keçirilən islahatları zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirməsi, idarəçilik sistemində yeniləşmə aparması, gənc kadrların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə kadr islahatlarını həyata keçirməsidir. Bir sözlə, Azərbaycan son 17 ildə Dünya Bankının bütün hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirib, inkişaf modeli dünyaya nümunə göstərilib. Son 17 ildə  Azərbaycanın modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyması da bugünümüzün reallıqları sırasındandır. Azərbaycana hansı sahədən baxsaq bu fikri böyük inam və fəxrlə qeyd edə bilərik. İqtisadiyyatın elmi əsaslara söykənərək inkişafı  dayanıqlı tərəqqinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Cari ildə yaşanan pandemiya dövründən əvvəl, 2008-ci ilin iqtisadi və maliyyə böhranın yada salaq. Dünya iqtisadi və maliyyə böhranından əziyyət çəksə də, iqtisadiyyatda geriləmə diqqətdə olsa da, Azərbaycan bu böhranı hiss etmədi. Əksinə iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Həmin dövrdə Azərbaycanın iqtisadi artımına diqqət yetirmək kifayətdir.  Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərkən bu məqsədi də qarşıya qoymuşdur ki, neft gəlirlərindən səmərəli istifadə edilməlidir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılmasında da məqsəd  neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi, bu vəsaitlər hesabına mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə ölkənin hərtərəfli inkişafını təmin etmək idi. Son 17 ildə dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu hədəfə əsasən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması üçün atılan addımlar da neft siyasətinin məntiqi davamı, qeyri-neft sektorunun inkişafına dəstək kimi dəyərləndirilir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində iqtisadiyyatın inkişafı üçün möhkəm təməlin qoyulduğunu, bundan sonra bu təməl üzərində  yeni islahatların həyata keçiriləcəyini diqqətə çatdırmışdır. Təbii ki, bu, cənab İlham Əliyevin yenilikçi, təkmil islahatlara meyilli olmasından irəli gəlir. Ölkə Prezidenti  Azərbaycanı zamanın çağırışlarına  uyğunlaşdırıb.

Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  öz  vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalq öz liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir. İstər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də keçirilən rəy sorğularında bu fikir xüsusi qeyd edilir ki, dövlətimizin başçısı İlham Əliyevə milyonların sevgisini qazandıran daim xalqının yanında olması, insanların qayğıları ilə maraqlanmasıdır. Həyatın bütün sahələrini əhatə edən, dünyada maraqla qarşılanan islahatların təşəbbüskarı ölkə Prezidentidir. Azərbaycan brendi kimi dünyaya səs salan  “ASAN xidmət”, ABAD, DOST layihələri də hər bir təşəbbüsümüzün reallıqda öz əksini tapmasını nümayiş etdirir.

Etimad hər bir ölkənin dövlət başçısının fəaliyyətinin dəyərləndirilməsidir. Xalqımız daim cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük ümidlərlə addımlayır, sabahımızın bugünümüzdən daha yaxşı olacağına əminliyini ifadə edir.

Ölkəmizdə sabitliyin,  insanların təhlükəsiz şəraitdə yaşayışının, sosial müdafiələrinin gücləndirilməsinin də prioritetliyi insan amilinə verilən dəyərdən qaynaqlanır. Dünya siyasətçiləri  Prezident İlham Əliyevin müsbət imicini şərtləndirən amillər sırasında 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən bu günədək  həyata keçirilən struktur və kadr islahatlarını, dövlət idarəetməsinin səmərəsinin artırılmasını  xüsusi qeyd edirlər. Azərbaycan vətəndaşları ölkə rəhbərliyinin şüurlu seçimi olan islahatların bilavasitə şahididir, onun müsbət nəticələrini gündəlik həyatda hiss edirlər. Son illərdə  islahatlar daha dərin, inqilabi xarakter alıb. Dövlətimizin başçısı bunun anonsunu 2018-ci ilin aprelində, prezident seçkiləri ərəfəsində vermişdi: “Gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması, sahibkarlar və iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq”.

Cənab  İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayanması bugünkü uğurlarımızın əsasını təşkil edir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Neft-qaz layihələrindən əldə olunan gəlirlər ilk olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlir. Bu kimi addımlar bir daha göstərir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Cənab İlham Əliyev hər zaman bu reallığı da diqqətə çatdırır ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Eyni zamanda,  o da bildirilir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi xoş ab-havanın yaranmasında, daha səylə çalışmaqda əhəmiyyətli rol oynayır. İnsanlar  görülən işlərdən razı olduqda o zaman dövlətimizin başçısı İlham Əliyev də öz razılığını ifadə edir. Vətəndaş məmnunluğunun artırılması üçün dövlət zəruri olan bütün addımları atır. Əhali ilə birbaşa təmasda olan Prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görüb. Cənab  İlham Əliyev 2003-cü ildə  Prezident seçilərkən 600 mindən çox iş yeri yaradılacağını bildirmişdi. Xatırlasaq, bu rəqəm beş ildə 700 mindən artıq idi. 2003-cü ildə ölkəmizdə yoxsulluq 49 faiz idi. Bu gün həmin statistika 5 faizdir. Ölkəmizin investisiya imkanları, valyuta ehtiyatları artdı. Son 17 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatları 52 milyard dollara çatıb.  Son 17 ildə regionların inkişaf proqramlarının uğurlu icrası nəticəsində 2 milyondan artıq yeni iş yeri yaradılıb ki, onların böyük əksəriyyəti daimi iş yerləridir, eyni zamanda, regionların payına düşür. Bölgələrdə insanların rahatlığının təmin olunması,  sahibkarlığın inkişafı üçün bütün zəruri işlər görülüb. Bu günün reallıqları sırasında dayanan uğurlarımızdan biri də  rayonla  paytaxt arasında fərqin aradan götürülməsidir. Artıq bölgələrdən  şəhərə axının qarşısı alınıb, bütün rayonlarda, kənd və qəsəbələrdə  quruculuq işləri geniş vüsət alıb. Hazırda  paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də dünyanın diqqət mərkəzindədir.  Əvvəlki illərdə  bölgələrin elektrik enerjisi, qaz və su təchizatı, yol infrastrukturu qənaətbəxş deyildi. Dövlətimizin başçısı İlham Əliyev insanların rahat yaşayışının təmin olunması üçün vacib olan bütün şəraitin yaradılacağı vədini verdi və onu əməli işi ilə təsdiqlədi  Azərbaycan elektrik enerjisinə olan daxili tələbaını ödəməklə yanaşı, onu  ixrac edən ölkəyə çevrilib. Dünyanın maliyyə qurumlarının hesabatlarında da ölkəmizin ayrı-ayrı sahələr üzrə əldə etdiyi göstəricilər təqdir edilir. Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında Azərbaycanın yol infrastrukturunun yenilənməsi ilə bğalı əldə etdiyi göstəricilər onun  qərarlaşdığı yerə də öz müsbət təsirini göstərib. Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurlara söykənərək cənab İlham Əliyev bildirir ki, Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb.

Son 17 ildə Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınıb və tanınır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində nəinki bölgənin, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar yaranır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın irəli sürdüyü hər bir təşəbbüs uğurlu sonluqla başa çatıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasının 23 illiyi ərəfəsində, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi, bu ilin sonuna qədər TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması dövlətimizin başçısı İlham Əliyevin hər bir layihənin uğurla başa çatmasında maraqlı olduğunu dünyaya nümayiş etdirir. Ümumiyyətlə, Azərbaycanın başlatdığı və iştirakçısı olduğu   bütün layihələr onun tərəfindən tamamlanıb. İqtisadi əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz layihələrindən geri qalmayan  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını da xüsusi qeyd etməliyik. Hər bir layihə özlüyündə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır.

Hər zaman qeyd etdiyimiz kimi, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Son 17 ildə Azərbaycan yeni dostlar, yeni tərəfdaşlar qazandı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Azərbaycanın ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrinin qurulması və inkişafı  yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, nəyi nə zaman edəcəyimi bilirdim. Əvvəlcə bütün sahələrdə uğurlu inkişafa imzalar atıldı. Azərbaycan güc topladı. Münaqişənin həlli üçün möhkəm hüquqi bazanın formalaşmasına nail oldu, dünyanın ən yüksək tribunalarından haqq səsimizi dünyaya çatdırdı, ikili yanaşmanın yaratdığı problemləri açıqladı və bu bəyanatı səsləndirdi ki, sülh danışıqları səmərə vermədiyi  təqdirdə hərb variantına üstünlük veriləcək. Ordu quruculuğu sahəsində əhəmiyyətli addımlara imza atıldı. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasında yer aldı. Ölkəmiz Beynəlxalq  Müdafiə sərgilərinə ev sahibliyi edərək əlaqələrin inkişafına nail oldu, hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi.

Bu uğurlarımız Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın siyasi Qələbəsini təmin etdi. Tariximizə yazılan Zəfər Günü 30 ilin nisgilinə, gözləntilərinə son qoydu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  Azərbaycan 2021-ci ilə hər sahədə uğurlarla, o cümlədən «Dağlıq Qarabağ münaqişəsi» ifadəsinin yoxluğu ilə qədəm  qoyacaq.

Yeganə Əliyeva, «İki sahil»