17 dekabr 2020 17:03
1423

Hər an üzləşə biləcəyimiz arzuolunmaz təhlükəli «qonaq»

Bir nəfəs qədər bizə yaxın olan bu riskə qarşı silahımız tibbi maskalar, qoruyucu vasitələr, saxlamağa məcbur olduğumuz ara məsafədir

BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasında Prezident İlham Əliyevin çıxışı ilə  bağlı  xarici ölkə mətbuatlarında  xoş sözlər deyilməkdədir. Pandemiyanın sürətlə artdığı, dövlətlərin öz problemlərini həll etməyə çalışdıgı bir zamanda  Azərbaycan Prezidenti İlham Əliyevin dünya ictimaiyyətinə  müraciət etməsi, koronavirusla mübarizə üçün   səylərin  birləşdirilməsi ilə bağlı çağırışı müsbət qarşılanıb. «Euractiv» portalında dərc olunmuş «COVID-19 pandemiyası ilə mübarizədə çoxtərəfli diplomatiya və  kollektiv səylər» adlı məqalədə qeyd olunduğu kimi, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycanın dövlət başçısı kimi belə çətin zamanda da  bəşəri əhəmiyyətli,   xalqları eyni məqsəd naminə birləşdirmək təşəbbüsü  ölkəmizin multikultural dəyərlərindən irəli gəlir.

4 may 2020-ci ildə  Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə  görüşünü təşkil edən  Prezident İlham Əliyev qurumun sədri kimi qlobal problem olan pandemiyaya qarşı mübarizənin coğrafiyasının genişləndirilməsi üçün məsələnin BMT səviyyəsində müzakirəsi ilə bağlı təşəbbüs irəli sürmüş və təklif yekdilliklə qəbul olunmuşdu. Pandemiyanın misli görünməmiş fəsadlarının aradan qaldırılmasında beynəlxalq səylərin birləşdirilməsini, yoxsul təbəqələrə yardımların göstərilməsini  bəşəri vəzifə hesab edən Prezident İlham Əliyev bildirmişdi ki, ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün fundamental problemlərin aradan qaldırılması yalnız bütün dövlətlərin birgə səyi ilə mümkündür.

Ölkəmizin əhalisi arasında virusa yoluxma hallarının qarşısının alınması üçün aparılan tədbirlər də  diqqətçəkəndir.  Ermənistanın təxribatlarına qarşı əks-hücum  əməliyyatlarının gərgin dövründə başlanan Vətən müharibəsinin çətinliyinə  baxmayaraq ölkəmizdə pandemiyaya qarşı mübarizənin gücləndirilməsi onu göstərir ki,  Azərbaycanda  insan amilinə diqqət dövlət siyasətinin ən birinci və vacib  amlidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə Bağlı  Ehtiyacların Qiymətləndirilməsi Missiyası təmsilçilərinin hərbi əməliyyatlardan zərər çəkən insanlarla görüşməsi, mülki əhaliyə göstəriləcək dəstəyin müəyyənləşdirilməsi ilə bağlı  araşdırmalar aparılması ölkəmizə göstərilən diqqətdir.  5 günlük səfər cərçivəsində  Ermənistanın  təcavüzü  və bölgəyə atılan raketlərdən dağılmış Gəncəyə, Bərdəyə Tərtərə səfər edən Missiya üzvləri maarifləndirici söhbətlər aparmış,  pandemiyaya qarşı mübarizədə əməl olunması ən vacib prosedurlar diqqətə çatdırılmışdır.

TƏBİB-in açıqlamasında qeyd olunduğu kimi, nəfəs qədər yaxınımızda olan pandemiyadan zərər çəkənlərin sayının artması vətəndaşları daha diqqətli, məsuliyyətli olmağa çağırır. Pandemiyanın gedişi ilə bağlı statistikada hələ də ürəkaçan rəqəmlərin olmaması vətəndaşlardan yaşadıqları ərazilərdə, iş yerlərində, istifadə etdikləri nəqliyyat vasitələrində qoruyucu  maskalardan  nəzərdə tutulduğu qaydada istifadəni, ara məsafəyə əməl edilməsini,  gigiyenik vasitələrdən mütəmadi istifadəni  gündəlik həyatımızın vərdişləri kimi  tövsiyə edir.

Ölkəmizdə  əvvəlki aylarda tətbiq olunan komendant saatının ləğvindən sonra  karantin rejiminin gücləndirilməsi və sərtləşdirilməsi bütün dünyada olduğu kimi, ölkəmizdə də yoluxma hallarının artması ilə bağlıdır. Həyata keçirilən tədbirlərdə məqsəd insanların  həyatı üçün mövcud təhlükələrin qarşısını almaqdır. Bu baxımdan bəzi rayon və şəhərlərə gediş-gəlişə qoyulan məhduduyyətlər, SMS-icazənin tətbiqi insanların virusdan qorunması naminə həyata keçirilən zəruri  tədbirlərdir. 

Ən çətin məqamlarda belə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara  yardım göstərilən ölkəmizdə bu ənənə yenə də davam etdirilir. Məlum olduğu kimi, əvvəlki aylarda birdəfəlik yardım üçün müraciət edən vətəndaşlara aylıq 190 manat verilmişdir. Belə qayğı ilə əhatə olunanların sayı 600 min nəfər olmuşdur.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında qeyd olunur ki,  yardımlar yenə də eyni qaydada davam etdiriləcək. Karantin rejimindəki məhdudlaşdırma ilə bağlı iqtisadi fəallığı aşağı düşən vətəndaşların 190 manatla bağlı müraciətlərinə elektron araşdırmalar vasitəsilə baxılacaq. Bu dövrdə işsiz statusu olan və  işə götürülməyən şəxslərə yenidən 190 manat birdəfəlik  yardım ödəniləcək. Səhiyyə sistemində çalışan sağlamlıq keşikçiləri isə həyatları bahasına olsa da xəstələrin müalicəsi ilə məşğul olur, yorulmaq bilmədən çalışırlar.

Dövlətin vətəndaşların qeydinə qaldığı qədər insanlar da özlərinə, ətraflarına diqqətlə yanaşıb, məsuliyyətlərini artırsalar yoluxma sayında azalmalar hiss olunar. Elə bir insan tapılmaz ki, ailəsində, ətrafında, çalışdığı kollektivdə koronavirusa yoluxanlarla rastlaşmasın. Onların çəkdikləri əziyyətlərdən təsirlənməsin. Belə halların aradan qaldırılması üçün hər birimiz özümüzə və başqalarına qarşı diqqətli olmalıyıq.

Bu gün həyəcanla izlədiyimiz vəziyyətdən daha artıq narahat olmamaq üçün özümüzə qarşı tələbkarlığı artıraraq,  maska taxaq.  Qarşıdakı illərdə daha yaxın olmaq üçün indi tələb olunan səviyyədə məsafə saxlayaq.

Xuraman İsmayılqızı, «İki sahil»