15 dekabr 2020 18:03
1296

Türkiyə-Azərbaycan dostluğunu əbədiləşdirən imzalar davamlı olacaq

Əməlləri ilə başqalarından fərqlənən  müdrik şəxsiyyətlər tarix yazır. Fenomen düşüncələri ilə  bəşəriyyət üçün önəmli olan bu dahiləri gələcək nəsillər üçün yaşadan  tarix həm də təkrar olunur. Zamanla sınanmış bu həqiqəti ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin simasında görmək mümkündür. Xilaskar, qurucu, yaradıcı olan  ata kimi   oğulun da məqsədi Azərbaycan xalqının gələcəyini daha gözəl görmək, müstəqilliyimizin əbədiliyini təmin etmək,  ölkəmizi dünyaya qüdrətli bir dövlət kimi tanıtmaqdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün  göstərdiyi fədakarlıq o qədər geniş, məzmunlu, tarixi əhəmiyyətlidir ki, onları sadalamaq və öyrənmək üçün illər gərəkdir.  Belə bir deyim var: O xalq  xoşbəxtdir ki,  onun lideri olsun. O xalq xoşbəxtdir ki, onun lideri xalq tərəfindən sevilsin. Ümummilli lider Heydər Əliyevə bu adı layiq görən xalq  dövlətinin , özünün taleyini etibar etdiyi şəxsiyyəti  sevir, qəlbində yaşadır.

… Sovetlər dövründə  İttifaq respublikaları arasında  ön sırada olması üçün  gördüyü tarixi işləri Azərbaycanın müstəqilliyi üçün təməl hesab edən Ulu Öndər  Naxçıvan MR Ali Məclisinin Sədri  işlədiyi müddətdə   həyata keçirdiyi  islahatları ilə  məqsədinə nail oldu.  Muxtar respublikada  gördüyü işlərin tarixi əhəmiyyəti  o dövrdə bəlkə də o qədər hiss olunmurdu. İndi o qısa zaman kəsiyində  təkcə muxtar respublika üçün deyil, bütünlükdə Azərbaycanın müstəqilliyi üçün gördüyü işləri təhlil etdikcə, bu müdrik insanın uzaqgörənliyinə, onillər üçün nəzərdə tutulan  düşünülmüş siyasətinə heyran qalmamaq mümkün deyil.  Müstəqillik üçün əsas şərt  bazar iqtisadiyyatına keçidin ilk mərhələsi olan özəl  bölmənin yaradılması, dövlət atributlarımızın bərpası, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edildməsi,  ölkəmizin  beynəlxalq aləmdə tanınması üçün  xarici jurnalistlərə müsahibələri,  70 ildən artıq müddətdə  SSRİ-nin cənub sərhədlərini qoruyan 75-ci motoatıcı diviziyanın,  41-ci sərhəd dəstəsinin hərbi və mülki bazasının muxtar respublikada saxlanılmaqla  Naxçıvandan çıxarılması,  Ermənistanın blokadada saxladığı muxtar respublikanın paytaxt Bakı ilə əlaqəsini bərpa edən beynəlxalq təyyarə limanının açılması, Bakıda Naxçıvan nümayəndəliyinin təşkili,  qonşu İran və Türkiyə ilə enerji sahəsində əlaqələrin yaradılması, körpülərin salınması, yol çəkilməsi… Hər biri tarixi və iqtisadi əhəmiyyəti ilə seçilən bu işləri yerinə yetirməklə Naxçıvanı Ermənisatanın təcavüzündən qoruyan Ulu Öndər, eyni zamanda, Azərbaycanın müstəqilliyinin əbədiliyini də təmin etdi. Milli Müdafiə Komitəsini yaratmaqla  ordu quruculuğu istiqamətində təməl yarandı. Hərbi and içən sərhədçilərin ilk paradı  keçirildi. Biri-birindən çətin vəzifələri yerinə yetirməkdə əsas məqsədi  Naxçıvanın muxtariyyat statusunu qoruyub saxlamaq idi.  Erməni xislətindən, hiyləgərliyindən xəbərdar olan Ulu Öndər yaxşı bilirdi ki,   Naxçıvanı itirmək Azərbaycanı itirmək idi.  Ona görə də müsahibələrində, xarici qonaqlarla görüşlərində  Moskva və Qars müqaviləsini xatırladan və təzələyən  Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev Ankarada aparıdığı danışıqlarda  Araz çayı üzərindən Azərbaycanı  Türkiyə ilə birləşdirən  körpünün tikilməsini  vətəndaşlıq, vəzifə borcu hesab etdi. 1992-ci ildə 28 May-Respublika Günündə açılışı olan bu körpüyə  verilən «Ümid» adı  bu gün qardaş  Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin tarixin sınağından cəsarətlə çıxdıgını göstərir. O zaman AXC-Müsavat iqtidarında  məsul vəzifə tutan, «Özüm haqda həmişə yüksək fikirdə olmuşam» sərlövhəli məqaləsində ( «Müxalifət» qəzeti, 4 fevral 1993-cü il)   Naxçıvanın müxtariyyətinin ləğv olunması ilə bağlı   «ideyanın» müəllifi, cızmaqarasında Qars müqaviləsini  xatırlamayan Pənah Hüseynov kimi digər ermənipərst milli xəyanətkarlar bilməli idilər ki,   Qars müqaviləsinin Azərbaycan tərəfindən qüvvədən salınması ermənilərə əbədi xidmət  olardı. AXC-Müsavat dövründə   Ermənistan tərəfindən blokadada qalan Naxçıvanın hakimiyyətdə olan qüvvələr tərəfindən həm də informasiya  blokadasına salınması, muxtar respublikaya göndərilən  qəzet və jurnallara məhdidiyyət qoyulması, Azərbaycan televiziyasının  Naxçıvanda yayımlanmasına  icazə verilməməsi  tarixi cinayət idi.

Ulu Öndərin Naxçıvandakı fəaliyyətini əks etdirən bəzi məqamları sadalamaqda məqsəd o illərdə görülən işlərin bu gün üçün təməl olduğunu xatırlatmaqdır.

Torpaqlarımızın 30 ilə yaxın işğalına 44 gündə son qoyan Azərbaycanın Ermənistan üzərində qələbəsinə də sevinməyən həmin qüvvələr tarixi səhvlərini yenidən təkrarlayırlar. Torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyi  günlərdən qardaş  Azərbaycanın yanında olduğunu siyasi, mənəvi, hüquqi dəstəyi ilə bildirən Türkiyə əvvəl olduğu kimi, yenə də köməyini əsirgəmədi. Prezident, Ali Baş Komandan  İlham Əliyevin  başçılıq etdiyi müzəffər Milli Ordumuzun  qazandığı zəfərə Azərbaycan xalqı ilə birlikdə sevinən Türkiyə xalqı türk dünyasının öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ideyalarının əbədiliyini təsdiqlədi. Prezident İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsi naminə tarixi xidmətlər göstərən, mühüm sənədlərə imza atan  atasının arzusunu gerçəkləşdirməklə  övladlıq borcunu yerinə yetirdi.

Vətən müharibəsində düşmən üzərindəki qələbəmizi Zəfər paradı ilə qeyd edən Azərbaycan xalqının sevincinə şərik olan Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təntənəli mərasimdə iştirakı,  Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək sənədlərin imzalanması Ermənistana, onun havadarlarına tarixi dərs oldu.

Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  Azərbaycan-Türkiyə arasında  imzalanan sənədlərlə bağlı mətbuata birgə bəyanatla çıxış edən hər iki dövlətin başçıları bildirdilər ki, qardaşlığımızın simvolu olan və   gələcəkdə görüləcək  işlər çoxdur. Türkiyənin qardaşlıq  dəstəyini « Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev bildirdi ki,  Azərbaycanın qazandığı bu tarixi zəfər bizim birliyimizin təcəssümüdür: « Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycan xalqına öz dəstəyini göstərmişdir. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi,  eyni zamanda , bütün dünyaya bir mesaj idi ki,  Azərbaycan tək deyil, Azərbaycana  heç kimsə mane olmasın, Azərbaycan haqq davasına çıxıbdır, Vətən savaşına çıxıbdır və Türkiyə Azərbaycanın yanındadır.»

Prezident İlham Əliyevin vurğuladığı kimi, gələcəkdə yaradılacaq çoxtərəfli platforma  region ölkələrini birləşdirməklə  bölgədə  yeni reallıqlar yaradacaq: « Bu gün Türkiyə ilə  Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim  siyasətimiz əməkdaşlığa, ölkələrimiz arasındakı işbirliyinə hesablanıb.»  Ən əsası odur ki,  Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirəcək infrastruktur layihələrinin inşasında  Türkiyə və Azərbaycan şirkətləri  bərabər iştirak edəcəklər.

Nəzərdə tutulan altılı  platforma ilə  regional sülhün bölgə ölkələrinə gətirəcəyi  sabitliyi dəyərləndirən, infrastruktur layihələri ilə bağlı  aparılan müzakirələrin əhəmiyyətini qeyd edən,  « İndi inanıram ki,  artıq Azərbaycan bu yeni vəziyyətdən sonra bölgədə çox ciddi infrastruktur formalaşdırmaq istiqamətində  addımlar atacaq. Bu addımlarla yanaşı, bildiyimə görə  inşaallah, yollar tikiləcək, dəmir yolları inşa  ediləcək, bununla bağlı qərarı cənab Prezident verib və Naxçıvandan  Zəngilana, Zəngilandan şimala  bütün bu yollar tikildikdən sonra vəziyyət dəyişəcək. Arzu edirik ki,  inşallah,  bu yolları başa  çatdırdıqdan sonra yay mövsümündə yeni yollarla birlikdə Şuşaya gedək, inşallah Şuşada birlikdə olaq. Şuşa bir tarixdir, Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də  bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik» söyləyən   Rəcəb Tayyib Ərdoğan əminliklə bildirdi ki,  Qarabağın necə dəyişdiyini də birlikdə görəcəyik.  Şuşaya çəkiləcək yolun Türkiyə şirkətlərinin inşa etməsi isə bu qardaşlığın bir nümunəsidir. «Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə  fərqli şəkildə  yüksəlişinə davam edəcəkdir» söyləyən cənab Rəcəb Tayyib Ərdoğanın,  Prezident İlham Əliyevin «Biz danışdıq ki,  Şuşa şəhərinə yeni avtomobil yolu,-Türkiyə şirkətlərinin inşa edəcəyi  avtomobil yolu,- inşa ediləndən sonra, inşallah Şuşa şəhərinə bərabər gedəcəyik» sözləri  sarsılmaz dostluğun əbədiyyətə uzanan yolunun rəmzidir.  Bu nailiyyətlər «Azərbaycan üzük, Şuşa onun qaşıdır» söyləyən  ulu öndər Heydər Əliyevin istəklərinin, arzularının gerçəkləşməsidir.  Türk dünyasının öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin təməlini qoyduqları, xeyir-dua verdikləri bu yol əbədi olacaq. Əsrlərdən bu günümüzə körpü olan, tarixin sınaqlarında bərkimiş dostluq , qardaşlıq yolumuz açıq,  xeyirli olsun!

Xuraman İsmayılqızı, «İki sahil»