15 dekabr 2020 17:52
1141

Xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması xalqımıza xas keyfiyyətlərin təcəssümüdür

44 günlük müharibənin Azərbaycanın siyasi Qələbəsi ilə başa çatmasından sonra Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən dövlətimizin başçısı  «Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq» söyləyərək bildirmişdir ki, ona görə bu gün, müharibə başa çatandan dərhal sonra  sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm: «Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.» Cənab İlham Əliyev bu məqamı bir daha təkrar-təkrar qeyd etmişdir ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası  Müdafiə Nazirliyinin Vətən müharibəsində həlak olan və yaralanan hərbi qulluqçularla bağlı yaydığı məlumata əsasən,  Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Şəhidlərimizin qanı, döyüşçülərimizin sağlamlıqlarını itirmələri, eyni zamanda, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi sayəsində qazanılan bu Qələbə tariximizə Zəfər Günü yazdı. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 8 noyabr Zəfər Günü, 27 sentyabar Anım Günü kimi təsis olundu.

Şəhid ailələrinə, hərbçilərimizə diqqət və qayğı daim dövlət siyasətinin əsasını təşkil edir. onların sosial prbolemlərinin həlli hər zaman dövlətin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Vətən  müharibəsinin başa çatmasından sonra imzaladığı Fərman və sərəncamların say tərkibinə və mahiyyətinə diqqət yetirmək kifayətdir. Atılan addımlarda əsas məqsədlərdən biri də şəhidlərimizin, döyüşçülərimizin vətənpərvərliyini unutmamaq, onların göstərdikləri şücaətdən qürurlanmaq, keçdikləri həyat yolunu  hər bir gəncin özü üçün vətənpərvərlik məktəbi kimi dəyərləndirməsinə nail olmaqdır.

“Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.

O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişlər. Xalqımızın bir sıra igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş, sağlamlığını itirmişlər. Azərbaycanda  hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər. Məhz  «YAŞAT» şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə yaradılıb.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində dayanan əsas məsələlərdən biri  gənclərimizin milli ruhda tərbiyə olunması, keçmişi öyrənmək və gələcəyə bu prinsiplər əsasında addımlamaq çağırışıdır.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə «Könüllülər ili» elan edilməsi də bu məqsədə xidmət edir. Sənəddə də qeyd olunduğu kimi, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, günümüzün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün  keçmişimizlə bugünümüzün vəhdətini yaratmalıyıq.  Azərbaycan xalqı tarixinin hər səhifəsinə hörmətlə yanaşıb, tarixin sınaqlarından şərəflə çıxması ilə fəxr edir.

Gənclərimiz  İKT-nin imkanlarından səmərəli istifadə edərək, həqiqətlərimizin təbliğinə  böyük töhfələr verməklə yanaşı,  «Vətən mənə oğul desə nə dərdim», həmçinin «Torpaq, əgər  uğrunda  ölən varsa Vətəndir» kimi prinsipləri fəaliyyətlərinin önündə saxladıqlarını 44 günlük müharibə dövründə bir daha təsdiqlədilər.  Bu gün 44 günlük müharibənin nəticələrinin hər bir Azərbaycan vətəndaşında, xüsusilə gənclərimizdə qürur hissi yaratması diqqətdən yayınmır. Azərbaycan əsgəri, gənci dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin hücum əmrini yüksək səviyyədə yerinə yetirərək 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etdi, üçrəngli bayrağımızın bu torpaqlarda dalğalanmasına nail oldu. Müharibənin getdiyi dövrlərdə təqdim olunan videogörüntüləri izlədikcə təsirlənməmək, sevinc göz  yaşları tökməmək mümkün deyildi. Çünki Azərbaycan əsgəri, gənci bayrağımızı sancmaq üçün necə fədakarlıq göstərir, yaralı halda da olsa bu missiyanı böyük qəhrəmanlıqla yerinə yetirməyə çalışırdı. Belə vətənpərvər oğullarımızla fəxr edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan  rəhmət diləyirik. Onların xatirəsi bizim üçün hər zaman əzizdir. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi proqram xarakterli «Gənclərimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır» tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Belə fədakarlıq, şücaət göstərib Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinə təmənnasız dəstək göstərmək hər birimizin borcudur.

Yeganə Əliyeva, «İki sahil»