Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması informasiya müharibəsinin getdiyi hazırkı dövrdə xüsusi əhəmiyyət kəsb edir
Azərbaycan tarixi Qələbəsi ilə dünyanın diqqətindədir. Əsas olan bu Qələbəni şərtləndirən amillərin geniş təhlili, ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə 30-a yaxın xarici mətbuata müsahibələri ilə həqiqətlərimizi, Azərbaycanın dəyişməz mövqeyini, erməni yalanlarını əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırdı. Hər bir müsahibə özlüyündə bir təbliğat, həqiqətlərə həqiqət gözü, ədalət prinsipindən yanaşmağa bir çağırış idi. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin mövqeyini aydın şəkildə ifadə edərək Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə aparıldığını göstərir və özünə güvənən, fikirlərinin həqiqiliyin əmin olan, qəti mövqe ortaya qoyan qalib lider kimi danışırdı. Ölkə Prezidentinin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymurdu.
Azərbaycanın döyüş meydanında Qələbəsi təbii ki, diplomatik, informasiya müharibəsində Qələbəsinə əsaslanır. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında qələbəyə geniş yol açdı. Azərbaycan dünyaya göstərdi ki, işğal altında olan torpaqlarda beynəlxalq hüquq bərpa olundu, ərazi bütövlüyümüz təmin edilib, artıq «Dağlıq Qarabağ münaqişəsi» ifadəsi yoxdur.
Bu müharibə ötən yazılarımızda da qeyd etdiyimiz kimi, həqiqət anı oldu. Kimin haqqın-ədalətin, kimin şərin, kimin də dostun və düşmənin yanında olduğu bir daha təsdiqləndi. Daim Azərbaycanın yanında olan dost, qardaş Türkiyə bir daha bu birliyi, həmrəyliyi nümayiş etdirdi, dünyaya Azərbaycanın tək olmadığı mesajını ünvanladı.
Dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşdən sonra mətbuata bəyanatında səsləndiridyi fikirləri bir daha yada salmaq istərdik: «Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Bizim təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.»
O da vurğulanmışdır ki, bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb: «Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.»
Hər bir məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyi ilə Azərbaycanın yanında olan rəsmi Ankara bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirirdi. Türkiyə Prezidenti R.T.Ərdoğan bu mühüm məqamı da hər zaman bəyan edirdi ki, Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir: “Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.”
İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə ilə Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr bu gün nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, ilk olaraq regional əməkdaşlığın qurulmasına və inkişafına önəm verildi. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi növbəti layihələrin gündəmə gətirilməsinə, ən əsası çoxtərəfli əməkdaşlığa yol açdı. Cənub Qaz Dəhlizi bu günə qədər görülən işlərin zirvəsidir. Cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirmişdir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur.
Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir layihə əməkdaşlıq əlaqələrinin dünəninə və bu gününə bir daha işıq salır, gələcək perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Ölkə Prezidenti İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inam da ifadə edilir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan birliyinə işıq salan çıxışlarında da bu reallıqlar öz əksini tapır ki, birgə səylər, ən əsası qarşıya qoyulan məqsədlər inkişafa böyük yol açır. Xatırlasaq, TANAP-ın istifadəyə verilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdə də “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, TANAP, həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəçisidir.
Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün konturlarının cızılmasında stimulverici amil rolunu oynayır. Türkiyə-Azərbaycan birliyinin təzahürlərindən olan Qələbə Günümüz, Zəfər paradı, Türkiyə Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər də deyilənlərin təsdiqidir. Bu inam da ifadə edilir ki, bundan sonra da Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi yeni-yeni layihələr gündəmə gətiriləcək və uğurlu icrası ilə tariximizə mühüm səhifələr yazılacaq. Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə qoyulan sərmayələr kimi dəyərləndirilir.
Bu gün informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq, həqiqətlərimizin təbliğində diaspor təşkilatları ilə yanaşı, mətbuatın da üzərinə düşən məsuliyyət özünü qabarıq şəkildə büruzə veir. 44 günlük müharibə dövründə ölkə mətbuatı həqiqətlərin təbliğində nə qədər fədakarlıq göstərdisə, Türkiyə mətbuatı da eyni qayda üzrə hərəkət etdi. Mətbuat səhifələrində yer alan qələbə xəbərləri televiziya kanalları vasitəsilə də dünya ictimaiyyətinə çatdırıldı. Türkiyə mediasını izlədikcə birliyimizindən, həmrəyliyimizdən daha da qürurlanırdıq. Eyni ab-hava Zəfər paradının görüntülərinin təqdimatında da özünü qabarıq şəkildə büruzə verirdi.
Təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanan Azərbaycan işğalçı dövlətin əsl simasını ortaya qoymaqla yanaşı, dünyaya bu çağırışı edirdi ki, artıq işğalçını adı ilə çağırmaq zamanıdır. Dünyanın ən nüfuzlu təşkilatlarında vahid mövqe nümayiş etdirərək beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətinə göz yummamağa çağıran rəsmi Bakı və rəsmi Ankara diqqəti Dağlıq Qarabağ problemi ilə yanaşı, qondarma “erməni soyqırımı” məsələsinə də yönəldirdilər. Erməni yalanlarına uyub, daha dəqiq desək, ədaləti maraqların arxasında əridən dünyanın böyük dövlətləri bunu unudurdular ki, belə yanaşmalarla özlərinə inamsızlıq formalaşdırır, dünyanın hüquq problemi yaşadığına şübhə yeri qoymurdular. Fransa kimi dünyanın böyük dövləti qondarma “erməni soyqırımı”nı tanımaqla kifayətlənməyərək digər dövlətləri də belə bir addımı atmağa çağırır. Amma onlara bu xatırlatma edilirdi ki, işğalçını dəstəkləməklə işğalçılıq siyasətini müdafiə edirlər. Belə olduğu təqdirdə həmin dövlətlər siyasi müstəvidə hansı ədalətdən danışa bilərlər? Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçıya maddi və mənəvi dəstək göstərirlər.
Azərbaycan və Türkiyə diaspor təşkilatları dünyanın müxtəlif ölkələrində birgə təşkil etdikləri tədbirlərdə, aksiyalarda ermənilərin çirkin əməllərini və dünyanın bunlara göz yummasını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırırlar. Qeyd etdiyimiz kimi, 44 günlük müharibə diplomatik mübarizədə qələbənin münaqişənin həllində əsas amillərdən biri olduğu təsdiqləndi. Bu fikir ən yüksək tribunalardan da bəyan edilirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi şəksizdir.
İki dost, qardaş ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf etməklə yanaşı, bir-birimizə dəstək hər addımda özünü nümayiş etdirir. Dövətimizin başçısı İlham Əliyev bildirir ki, Azəzrbaycan və Türkiyə hər zaman bütün məsələlərdə biri-birinin yanındadır. Xatırlasaq, Yunanıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən cənab İlham Əliyev Şərqi Aralıq dənizi bölgəsində Yunanıstanla Türkiyə arasında yaşanan gərginliyə toxunaraq, birmənalı şəkildə Türkiyəyə dəstəyini ifadə etmişdir. “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir” söyləyən dövlətimizin başçısı qətiyyətlə bildirmişdir ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Çünki biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər.
Azərbaycan-Türkiyə münasibətləri daim ən yüksək səviyyədə müzakirə olunur, hər iki dövlətin maraqlarına uyğun qərarlar qəbul olunur. İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq bu gün media istiqamətində də bir zərurət kimi irəli sürülür. Belə ki, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Səfərdə əsas məqsəd Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək idi. Aparılan müzakirələrdə Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı xüsusi qeyd edilmişdir.
Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda belə bir platformanın yaradılması vacibdir. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olar. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması bugünümüzün əsas tələblərindəndir. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun xüsusi yer alması da bu əməkdaşlığın rəsmiləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Yeganə Əliyeva, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir