Dövlətimizin başçısı İlham Əliyevin «2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamı da bunun təsdiqidir
Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir. Cənab İlham Əliyev bütün çıxışlarında bildirir ki, xalqa arxalanıram, onlardan güc alıram. Eyni zamanda, daim bu fikir səsləndirilir ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Bir məqamı da vurğulayır ki, insanlar görülən işlərdən razı olduqda mən də razı olaram.
Məhz bu kontekstdən yanaşdıqda dövlətimizin başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar: “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.
Ümumən məmur-vətəndaş münasibətləri ilə bağlı ölkə mənzərəsinə nəzər saldıqda, ürəkaçan məqamla qarşılaşırıq. Bu gün Prezident yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamını təmin edir. Biz ölkənin istənilən bölgəsində bir təbii fəlakət baş verəndə Prezidentimizin vaxt itirmədən xalqın yanında olduğunu görürük. Dövlət başçısı hər dəfə problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü hadisə yerlərinə baş çəkir. Bu, xalqımızın bir daha öz seçimində yanılmadığını göstərən çox mükəmməl bir örnəkdir. Dövlətimizin başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir.
Ancaq təbii ki, inkişaf yolumuz qüsursuz da deyil. Bəzən məmur - vətəndaş münasibətləri sferasında fərdi müstəvidə müəyyən nöqsanlar gözə çarpır. Bununla bağlı da Prezident İlham Əliyev öz prinsipial mövqeyini hər zaman ortaya qoyur və bəzən yekəxanalığa yol verən, təkəbbür sərgiləyən məmurlarla bağlı vaxtaşırı lazımi tədbirlər görülür: “Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.
Ölkəmizdə səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Hər bir məmurun da öz fəaliyyətində əsas vəzifəsi vətəndaş-məmur münasibətlərində Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün şkalalar üzrə yüksəldilməsindən ibarət olmalıdır. Bu, həm Prezident İlham Əliyevin, həm də yeni dövrün tələbidir.
Bu qısa təhlil əsasında belə bir reallığı böyük inam və qətiyyətlə ifadə edə bilərik ki, möhkəm təməl davamlı inkişafın, ortaya çıxan hər hansı problemin öz müsbət həllini tapmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə vətəndaş məmnunluğunun artırılması istiqamətində atıdığı addımlar 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə xalqımızın ölkə Prezdentinin ətrafında sıx birləşməsində öz aydın ifadəsini tapdı. Vətən müzaribəsində Qələbəmizi şərtləndirən əsas amillərdən biri məhz xalqımızın birliyi, həmrəyliyi oldu. Dövlətimizin başçısı İlham Əliyevin mütəmadi olaraq xalqa müraciətləri, bölgələrdən gələn qələbə xəbərlərini ilk olaraq xalqımıza çatdırması, həmçinin işğaldan azad olunmuş torpaqalrımıza səfərləri ilə sevincini ilk olaraq vətəndaşlarla paylaşması kimi məqamlar diqqətdən kənarda qalmadı.
Cənab İlham Əliyev hər zaman bu fikri bildirirdi ki, xalqın iradəsindən kənar qərar qəbul edilə bilməz. Döyüş meydanında Qələbəmiz bizi ruhlandırdığı qədər işğalçı Ermənistanı və ona havalarlıq edən dövlətləri narahat edirdi. Ermənistanın məğlubiyyəti onun hərbi cinayətlərin miqyasını genişləndirməsi ilə müşayiət olunurdu. İki dəfə Gəncənin, üçünçü dəfə Bərdənin raket atəşinə tutulması, bu təxribatlar nəticəsində 90-dan artıq mülki şəxsin ölməsi, 400-dən artıq insanın yaralanması, nə qədər evlərin dağılması dövlətin diqqətindən heç zaman kənarda qalmadı. Cənab İlham Əliyev daim çıxışlarında, xalqa müraciətlərində bildirirdi ki, şəhidlərimizin, həlak olan mülki şəxslərin qanı yerdə qalmayacaq. Onların qisası döyüş meydanında alınacaq və alındı.
Təbii ki, Paşinyan tarixdə Gəncə və Bərdə hadisələrinə görə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək. Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədlərinin-Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasını pozması, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrə görüşlərindən sonra təxribatlarını davam etdirərək prosesi qarşıdurmanın davamına doğru yönəltməkdə maraqlı olduğu hər kəsə məlumdur. 44 günlük müharibə dövründə də dövlətimizin başçısı İlham Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini diqqətə çatdıraraq xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edirdi. Amma Ermənistanın baş naziri Nikol Paşinyan feyk xəbərlər yaymaqda, beynəlxalq ictimai rəyi çaşdırmaqda maraqlı olduğunu nümayiş etdirirdi. Paşinyan azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasına şübhə edərək Dağlıq Qarabağda “soyqırımın” olmasından qorxduğunu bildirərək hələ də yalanlarının ayaq tutub yeriyəcəyini düşünürdü. Tarixi faktlar hər zaman onların feyk məlumatlarını ortaya qoyur. Soyqırımına məruz qalan hər zaman Azərbaycan olub. Ermənistan və ona havadarlıq edən dövlətlər unutmamalıdırlar ki, artıq Azərbaycan 1992-ci illlərin Azərbaycanı deyil. O zaman Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının qarşısında “yaşıl işıq” yandırmışdı. Amma bu gün o işıqlar Azərbaycan həqiqətlərinin faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması əsasında söndü. Ermənilər tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və turklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Bir məqamı da xüsusi qeyd edək ki, Ermənistandan fərqli olaraq Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Burada müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Ermənistan monorespublikadır. Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, xunta rejiminin rəhbərliyi altında olduğundan daha yaxşı həyat sürəcəklər.
Atdığı hər addımda işğalçılıq, faşist siyasətini təsdiqləyən Ermənistan hakimiyyəti cəhd edirdi ki, nə yolla olursa-olsun danışıqlar posesini uzatsın, müəyyən dəstəyi əldə etmək üçün hər bir feyk üsuldan istifadə etsin. Dağlıq Qarabağda soyqırımı olacağından qorxduğunu iddia edən Ermənistanın baş naziri görəsən mülki şəxslərin atəşə tutulması əmrini verəndə nə düşünürdü? Qeyd etdiyimiz kimi, iki dəfə Gəncədə, sonra Bərdədə soyqırımı aktını törədəndə insanlığa yaraşmayan cinayətlər törətməsindən niyə qorxmurdu? Halbuki, bu vəhşiliklər dünyanın gözü qarşısında baş verib. 44 gündə Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri atəşə tutmaları nəticəsində ölən və ağır yaralanların statistikası dünya dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara yaxşı məlumdur. Qeyd edək ki, həlak olan 90-dan artıq mülki şəxsin 11-i uşaqdır.
Təbii ki, Ermənistanın məğlubiyyəti ilə barışmayıb törətdiyi təxribatlar xalqımızin iradəsini sındıra bilmədi. Azərbaycan Ordusu qətiyyətlə irəlilədi. Hər gün təqdim olunan iğşaldan azad olunmuş ərazilərimizin siyahısı hər kəsi daha da qürurlandırdı.
Noyabrın 8-də Qarabağın döyünən ürəyi olan Şuşa işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycanın siyasi Qələbəsi kimi dəyərləndirilən 10 noyabr Bəyanatı imzalandı. Azərbaycan həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi ki, Dağlıq Qarabağ Azərbaycandır. Paşinyanın dünya ölkələrinin rəhbərlərinə saysız-hesabsız zənglərində Dağlıq Qarabağın tanınması ilə bağlı yalvarışlarına cavab Azərbaycanın bu gün istər regionda, istərsə də dünya siyasətində yaratdığı reallıqlardır. Baş nazir danışıqların formatını dəyişib qondarma rejimin qondarma rəhbərinin tərəf kimi bu prosesə cəlb etmək istəyəndə, təhqiramiz davranış nümayiş etdirib Şuşada sərxoş vəziyyətdə rəqs edəndə, «Qarabağ Ermənistandır» bəyanatını səsləndirərək 28 ildə danışıqlar prosesində az da olsa, əldə edilmiş irəliləyişin qarşısını alanda bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməli idi.
Bu müharibə Azərbaycan xalqının nə qədər böyük, məğrur, yenilməz olduğunu dünyaya bir daha təqdim etdi. Birliyimiz, həmrəyliyimiz qarşıya qoyduğumuz bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Dövlətimizin başçısı bu əminliyi də ifadə edir ki, bu birlik işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytarmağımıza, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytarmağa imkan yaradacaq: «Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.»
Azərbaycanda idarəçilik sistemində təkmilləşmə, xalqımızın birliyi, həmrəyliyi, yumruq kimi dövlətimizin başçısının ətrafında birləşməsi qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Hər zaman vətəndaşının yanında olan, onların qayğıları ilə maraqlanan cənab İlham Əliyevin təkcə son günlərdə imzaladığı Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin müsahibələrinin birində söylədiyi fikirləri bir daha xatırlatmaq istərdik.
Dövlətimizin başçısı “Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavab olaraq bildirmişdir ki, ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də əsgərlər arasında itkilərimizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Bildirirlər ki, “təki Vətən sağ olsun!”
Döyüş meydanında əsgərlərimizin şəhid olması, erməni təxribatları nəticəsində mülki əhalinin qətlə yetirilməsi, yaralanması, kütləvi dağıntılar qəlbimizi göynətsə də təsəllimiz budur ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan qovuldu, işğaldan azad edilmiş torpaqlarımızda bayrağımız dalğalanır, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 30 illik Vətən, torpaq həsrətinə, nisgilinə son qoyuldu. Artıq ölkəmizin həyatında yeni dövr başlayır. İşğal altında olan torpaqalrımızda görüləcək işlərlə bağlı imzalanan sənədlər, eyni zamanda, cənab İlham Əliyevin 14 dekabr «2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamı da deyilənlərin təsdiqidir. Sənəddə də qeyd olunduğu kimi, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır. Mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır. İlkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə imzalanan məlum Sərəncam bir daha Prezident-xalq birliyinin, dövlətimizin başçısının hər zaman vətəndaşın yanında olub onların qayğıları ilə maraqlanmasının bariz nümunəsidir. Xalqının bu gününü və gələcəyini düşünən, hər zaman xalqına arxalanan Prezidentə milyonların sevgisi şəksizdir. Dövlətimizin Başçısı, Ali baş Komandan İlham Əliyevə vətəndaşlar tərəfindən ünvanlanan saysız-hesabsız təşəkkür və minnətdarlıq məktublarında da bu sevgini şərtləndirən amillər öz əksini tapır.
Yeganə Əliyeva, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir