30 ilə yaxın davam edən Dağlıq Qrabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin 28 il ərzində dumanlı fəaliyyəti yalnız vədlərdən, səmərəsiz danışıqlardan ibarət olub. Ermənipərəst qüvvələrin göstərişlərinə əsasən «fəaliyyət göstərən», öhdəliklərindən başqa gərəksiz işlərlə məşğul olan Minsik qrupu həmsədrlərinin vasitəçilik missiyası özünü doğrultmadı. Minsk qrupunun, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasını üzərinə götürən, obyektivlik, tərəfsizlik, qərəzsizlik öhdəliklərinə əməl etməyən ABŞ, Fransa, Rusiya onlara göstərilən inamı doğrultmadılar. Xüsusi diqqət çəkən Fransanın ermənipərəst mövqeyi bütünlüklə qrupun fəaliyyətini göstərir. Azərbaycan Ordusunun Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdikdən sonra iç üzünü, əsl mövqeyini ortaya qoyan Fransa Senatında «Dağlıq Qarabağ Respublikası»nın tanınmasının zəruriliyinə dair» qətnamənin müzakirəsi təxribat olmaqla, erməni təəssübkeşliyindən qaynaqlanır. Vasitəçi ölkənin bitərəf və qərəzsiz olmasını unudan Fransanın qərəzli addımı Ermənistanın status-kvonun saxlanılması istəyinə dəstəkdir. Qətnamədə Azərbaycan və Türkiyə ilə bağlı böhtanların yer alması bu ölkə üçün utancverici hərəkət, terrora «yaşıl işıq» yandırmaqdır. Ermənistanın işğalçılıq siyasətini hər vasitə ilə müdafiə edən Minsk qrupunun həmsədr ölkələrinin təmsilçilərinin 44 gün davam edən müharibəni müşahidəçi kimi izləməsi, səssiz qalması, torpaqlarını işğaldan azad edən Azərbaycanın haqlı mövqeyini müdafiə etməməsi, ermənilərin Gəncəni, Bərdəni, Tərtəri daim atəşə tutmasını pisləməməsi, dinc sakinlərin, o cümlədən uşaqların qətlinə göz yumması, əksinə Ermənistanın məğlubiyyətini məyusluqla qarşılaması Minsk qrupunun öhdəliklərinə biganə yanaşmasıdır.
Bu günlərdə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri Stefan Viskontini, Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Bozarnikovu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən Prezident İlham Əliyevin vurğuladığı kimi, reallıq budur ki, fəaliyyət göstərdiyi 17 ildə ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu bildirən Prezident İlham Əliyevin «Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu, siyasi vasitələrlə nail oldu… Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi» sözləri də təsdiqləyir ki, hazırda regionda yeni vəziyyət mövcuddur. «Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar» söyləyən Prezident İlham Əliyev bildirdi ki, bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədə öz sözünü hərb meydanında, siyasi və diplomatik yollarla, heç kimsədən yardım istəmədən söyləyən Azərbaycandan fərqli olaraq Ermənistanın adətlərinə uyğun havadarlarından kömək dilənməsi, aramsız zəngləri Paşinyana fayda vermədi. Azərbaycan qarşısında yeddi şərt qoyan Paşinyana Azərbaycanın yeganə «torpaqlarımızdan rədd olun!» şərtini Azərbaycan Ordusu qətiyyətlə yerinə yetirdi. Ermənistana və havadarlarına heç vaxt unutmayacağı dərs verildi.
Prezident İlham Əliyev görüşdə qısa müddətdə humanitar atəşkəsi pozan Ermənistanın tərk etdikləri Kəlbəcərdə, Laçında, Ağdamda törətdikləri vəhşilikləri, barbarlıqları diqqətə çatdıraraq bildirdi ki, dini abidələrə belə hörmət etməyərək insanlıqdan kənar əməllər törədən ermənilər milli mahiyyətlərindən irəli gələn dağıdıcılıq və faşizm ideologiyasına sadiqliklərini göstərdilər. «Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılardır, ərazilərimizi işğal edən cinayətkarlardır» söyləyən Prezident İlham Əliyev bildirdi ki, müharibə caniləri olan sabiqlər- Koçaryan, Sarkisyan kimi Paşinyan da cəzalarını alacaqlar.
Görüşdə Minsk qrupu həmsədrlərinin ermənilər tərəfindən dağıldılmış ərazilərə səfərlərini, faktaraşdırıcı missiyanın hesabatlarını xatırladan Prezident İlham Əliyev bu sözləri ilə hər kəsdən həqiqətin gözlərinə dik baxmağı tələb edirdi: « BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, «hərbi variant yoxdur»” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.»
Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının bəyanatlarına diqqət çəkən Prezident İlham Əliyev həmsədr ölkələrin başçılarının Akvildə, Muskokoda söylədikləri «status-kvo dayanıqlı deyil» sözlərini işğalçıya dəstək adlandırdı. Vurğulandı ki, status-kvonun saxlanılması Ermənistanın işğalçılıq siyasətinə, terrora dəstəkdir. Qərəzli şəkildə formalaşdırılan və Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı sətiraltı siyasət yeridən havadarların bu yanaşmasını xalq-iqtidar- ordu birliyi ilə məhv edən Azərbaycan dünya ictimaiyyətinə haqlı olduğunu bildirdi. Regionda yeni reallıqlar yarandı.
Prezident İlham Əliyevin qonaqlara müraciətlə söyləydiyi «Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz» sözləri dünya siyasi müstəvisində özünəməxsus çəkisi, yeri və xidmətləri olan, sülhsevər təşəbbüsləri dəstəklənən, diplomatik səyləri ölkəmizə uğur qazandıran liderin, döyüşlərdə zəfər qazanan müzəffər ordunun qalib Ali Baş Komandanının qətiyyətinin ifadəsidir.
Görüşdə Ermənistanın hələ də təxribatlar törətdiyi diqqətə çatdırılaraq bildirildi ki, Azərbaycanın bölgədə lokal antiterror aparmaq hüquqü var. Son günlərdə Azərbaycan Ordusunun nəzarətində olan Hadrutun kəndlərində ermənilərin törətdikləri təxribatlar, guya partizan müharibəsinə cəhdlərə adekvat cavab vermək üçün Azərbaycan dövləti terrorçulara qarşı barışmaz mövqeyində qalır. Bunu məğlubiyyətini rəsmən təsdiqləyən Ermənistan heç zaman unutmamalıdır.
Regionda yaranan keçid mərhələsinə toxunan Minsk qrupu həmsədrlərinin də etiraf etdikləri kimi, regionda qərəzsiz və kollektiv qaydada sabitliyin mövcudluğu ilə yeni vəziyyət yaranıb. Bu sabitliyin müəllifi isə sivilizasiyalararası münasibətlər, xalqlar arasında siyasi , iqtisadi, mənəvi, humanitar körpü yaradan təşəbbüskar, qüdrətli Azərbaycandır.
Xuraman İsmayılqızı, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir