14 dekabr 2020 17:58
1159

Xilaskar Prezident!

“Soruşama ki, ölkən sənin üçün nə edə bilər,
soruş ki, sən özün ölkən üçün nə edə bilərsən?”

Con Kennedi,
ABŞ-in 35-ci prezidenti.

İddialara görə qədim yunanların belə bir məşhur deyimi var: “Allah bir millətə bəla göndərməzdən öncə onun ağlını alar, sonra bəlasını verər.”  Uzun illərdir ki, Allah  bədnam qonşularımızın ağıllarını alsa da, bəlallarını vermirdi. Bilirik ki, olmayan işə “Allahu-Əkbər” deməzlər… Amma Allah ermənilərin gözlərini  kor,  ağıllarını o qədər sağır etmişdi ki, nə Allah tanıyırdılar, nə ona bəndəlik edirdilər… “Tanrı mənəm, durmaram”, deyirdilər. Dünyanın indiki vaxtında da havadarlarının fitvasına gedərək özgə torpaqları “hesabına dənizdən-dənizə böyük Ermənistan” yaratmaq kimi çürük bir ideyaya köklənib durmuşdular… Nədənsə də bu çürük niyyətlərini onlara havadarlıq edənlərin, başlarını dolduranların ərazilərində deyil, dar günlərində ocaqlarının istisindən pay verənlərə “buynuz” göstərib, diş qıcadaraq həyata keçirməyə çalışır, torpaqlarımıza yiyələnmək üçün dirəniş göstərirdilər. Əslinə qalsa, son 100 ildə buna kifayət qədər nail ola bilmişdilər desək, daha doğru olar. Atalar “iştah diş altında olur”, deyib… Törətdikləri əməllərin cəzasızlığını görüb iştahlanan qansızlar tökdükləri nahaq qandan doymur, daha çox azğınlıq edir, xalqımızın başına insanlığa sığmayan fəlakətlər gətirirdilər… Son 100 ildə xalqımızın başına gələn qanlı hadisələri, qırğınları, repressiyaları saf-çürük edəndə gözümüz qarşısında qəribə bir mənzərənin canlandığının şahidi oluruq… Ya, tük  ürpədən, qan donduran  hadisələri birbaşa ermənilər özləri törətmiş, ya da onların əli və fitvası ilə havadarları etmişlər…

Bəzən qəddarlığın və qudurğanlığın sərhədsizliyi, insanlarımızın başına gətirilən bəlaların ifadə oluna bilməyəcək dərəcədə qeyri-insani formada tətbiqi köməksiz bəndələrimizdə “buna Allah niyə dözür” kimi, suallar da yaradırdı... Allahın səbrinin bəzən 40 il, bəzən daha çox olduğunu deyənlər də var. Bildiyimiz odur ki, bu olanların, başımıza gələn bəlaların bir səbəbi ermənilər, xain qonşularımız, əhatəsində olduğumuz iri dövlətlər, fövqəlgüclər idisə, bir səbəbi də güclü, iradəli, beynəlxaq siyasəti bilən, güclü sərkərdəlik qabiliyyəti olan, xalq tərəfindən sevilən və seçilən, öz xalqının gücünə arxalanan və ondan ilham alan bir liderin olmaması idi. Bəzən xalqlar və millətlər sınaq qarşısında qalanda, tanrı sevdiklərini xilas etmək istəyəndə ona bir xilaskar göndərir… Tanrı onu 200 ildən sonra xalqımızın qələbə dolu tarixini, zəfər salnaməsini yenidən yazmaq üçün bir xilaskar obrazında göndərdi. Ona xilaskar da demək olar, tanrı payı da… Bir millətin arzusundan süzülüb gələn nur çeşməsi də…

Dünyada hər şeyin bir sərhədi var. İnsan fikirindən, xəyalından, arzusundan başqa… Və bizi əhatə edən təbiiətin rəngarəng olduğunu bildiyimiz kimi, təbiətin ən ali varlığı insanın da müxtəlif düşüncəyə sahib olduğunun, bizimlə eyni fikirdə olmayanların da olduğunun fərqindəyik… Bilirik ki, “hadisələr bu qədər uzanmaya bilərdi”, deyənlər də, düşmənə verilən cavabın yubandığını düşünənlər də var… Hamıya yaxşı bəllidir ki, ilk növbədə düşmənə qalib gəlmək  üçün müasir silahlarla təchiz olunmuş vahid mərkəzdən idarə olunan güclü ordu əsas şərtidirsə, siyasi mühit də başlıca meyardır. Unutmaq olmaz ki, hərb meydanında çalınan qələbələrin yekunu sonda siyasi masalar üzərində imzalanıb möhürü vurulur. Buna nail olmaq üçün isə heç şübhəsiz ki, güclə yanaşı, zərgər dəqiqliyi ilə aparılan siyasət, səbir, polad iradə, güclü idarəetmə qabiliyyəti, vahid komanda, yüksək zəka, dəmir məntiq və fitri istedad lazımdır…

Diqqətli oxucularımız gözəl bilirlər ki, qarşımızdakı düşmən nəinki azıb torpaqlarımızın sərhədlərini keçmişdi, insanlıqlarını itirmiş, bütün siyasi, diplomatik qayda-qanunları pozub, sözün həqiqi mənasında qazandıqları müvəqqəti qələbənin eyforiyasına uyaraq bizə meydan oxuyurdular. Hərb meydanında qazanılan qələbə keçilməz dəmir beton istehkamlarla möhkəmləndirilir, yeraltı tunellər tikilir, torpaqlarımızda dünyanın gözü qarşısında beynəlxalq qanunlara məhəl qoyulmadan məskunlaşma aparılır, tarixi yerlərin adı dəyişdirilir, min illərin tarixini əks etdirən abidələr ya məhv edilir, ya da saxtalaşdırılırdı. Qıcıq vermək üçün babalarımızın at çapıb, qılınc oynatdığı qəhrəmanlıq meydanlarında şənliklər qurur, millətimizə qarşı qəzəb və nifrət, həqarət püskürərək, mənəm-mənəmlik edirdilər… Düşmən o qədər harınlamışdı ki, qarşısındakının nə gücünü, nə dəyərini, nə də nəyə qadir olduğunu qiymətləndirə bilimirdi…

Qələbənin və erməni çaxırının nəşəsindən xumarlanan erməni baş naziri, özü səviyyədə bir qrup nadanın önündə özünü qəhrəman obrazında göstərmək məqsədi ilə sələflərindən də irəli gedərək “Qarabağ Ermənistandır, nöqtə”, - dedi. Bununla da hadisələr pik həddə yüksəldi. Hadisələrin siyasi danışıqlar yolu ilə həllinə olan ümid sabun köpüyü kimi partladı. Çox çəkmədi ki, çaxırın və hakimiyyətin nəşəsinə uyan erməni  baş nazirinə nüfuzlu “Valday” sammitində Azərbaycan Prezidenti tərəfindən tərs bir şillə kimi tutarlı cavab verildi: “Qarabağ Azərbayandır,  nida işarəsi”.  Bu, həm də ermənilərin havadarlırına verilən bir cavab idi. Əgər qarşı tərəf dilin ahəng qanunlarını bilən siyasətçi olsaydı, deyilən sözün, qəzəbin, ifadə formasından güzəştin olmayacağını duymalı, deyilən qətiyyətli fikirdən nəticə çıxarmalı idi… Bir halda ki, bundan az əvvəl, aprel ayında döyüşlər olmuş, düşmən aldığı cavabın dadını görmüşdü. Aprel ayında işğalçıya verilən dərsi, sonrakı dövrlərdə olacaq döyüşlərin baş məşqi kimi də qəbul etmək olardı. Əgər düşmən ağıllı olsaydı…

Düşmənə siyasi meydanda sarsıdıcı zərbə vuran cənab Ali Baş Komandanın ordu quruculuğuna olan diqqətini, hərbi məsrəflərə ayrılan xərcləri, eyni zamanda qətiyyətlə dediyi: “Əgər Qarabağ problemi sülh yolu illə həll edilməsə, müharibə yolu ilə həlli qaçılmazdır”. “Biz torpaqlarımızı heç vaxt, heç kimə güzəşətə getməyəcəyik”, “Qarabağ Azərbaycandır!” kimi fikirləri müharibənin olacağına heç kimdə şübhə doğurmurdu. Amma nə vaxt? Müdriklərin dediyi kimi “çıxacaqları yerə səbri nərdivan” edərək cənab Ali Baş Komandan da səbirlə irəliləyirdi. Burada bir el məsəlini də yada salmaq doğru olar: “Ovu bərəsində vurarlar”. Cənab Ali Baş Komandan da ovun bərəyə, erməninin tələyə gələcəyini gözəl bilirdi…

Xalqın, millətin istiqbalını düşünmək, yükünü omuzunda daşımaq, ən başlıcası, gördüyün işin məsuliyyətini duymaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Nə yaxşı ki, Tanrı ona mohkəm iradə, səbir, aydın zəka verib… Nəyi nə zaman edəcəyini dəqiq bilir... Cənab İlham Əliyev rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərdəndir. Dəfələrlə sübut olunmuşdur ki, onun hansı addımı nə zaman atacağını bəzən özündən başqa heç kim bilmir. Prezident İlham Əliyev ətrafındakıları və onu sevənləri yaxşı mənada təccübləndirməyi bacaran, planlarını özündən başqa kimsənin proqnozlaşdıra bilməyəcəyi nadir siyasətçi, əsl dövlət xadimidir…

2020-ci il həyatımıza pandemiya, taclı virusla mübarizə ili kimi daxil oldu. Yaddaşımıza isə illərdir həsrətində olduğumuz Qələbə möhrünü vuran, həyatımızı  zəhərləyən viruskimilər üzərində çalınan Qələbə ili kimi yazıldı. Mənfurlar isti yay günlərində əsəblərimizi test etmək niyyətinə düşdülər. Bu dəfə bir qədər də irəli gedərək əzələ nümayiş etdirərək Dağlıq Qarabağla heç bir əlaqəsi olmayan Tovuz rayonunda sərhədlərimizə təcavüz edildi. İgid generalımız, əsgər və zabitlərimiz şəhid oldu… Xalq meydanlara çıxıb yumruqlarını düyünləyib qəzəb püskürdü. Gənclərimiz “Ya Qarabağ, ya ölüm” - dedilər… Hərbi səfərbərlik idarələrinə axışan gənclər: “Cənab Ali Baş Komandan, əmr ver, döyüşək!” - dedilər. Öz xalqından güc alan, xalqının qətiyyətini görən sərkərdə yumuruqlarını bir əmud kimi düyünləyib düşmənə göstərdi… Artıq deyəsən Allahın da səbri tükənmişdi. Ağlını aldığı erməninin bəlasını tapacağı günlər yaxınlaşmaqda idi…

27 sentyabr 2020-ci il. Yağı düşmən səhər üzü bütün cəbhə boyu ağır artilleriyadan istifadə edərək ordumuzun yerləşdiyi əraziləri və dinc əhalinin yaşadığı yaşayış məntəqələrini atəşə tutdu. Yağının qorxutmaq, yeni ərazilər zəbt etmək, qan tökmək, özünü göstərmək niyyəti vardı... Amma yanılırdı. İndi nə Azərbaycan Ordusu 90-cı illərin özfəaliyyət dərnəyinə bənzər ordu idi, nə də qarşısındakı Ali Baş Komandan o illərin komandanı idi…

Xalq 27 sentyabr səhərini müharibə xəbəri ilə açdı. Ölkə Prezidenti, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı dərhal xalqın önünə çıxıb düşmənin xain həmləsi barədə xalqa məlumat verdi. Yumruqlarını qətiyyətlə düyünləyib, düşmənə layiqli cavab veriləcəyini xalqına əminliklə bildirdi... O qədər qətiyyətli, o qədər səmimiyyətlə danışdı ki, deyilən hər kəlmə, söylənilən hər bir fikir hamının ürəyindən oldu. Xalq qarşısında əsl sərkərdəni, çoxdan arzuladığı bir Ali Baş Komandan obrazını gördü. Aparılan tədbirli siyasət, görülən işlər elə döyüşün ilk anındaca qəhrəman əsgərlərimizin misilsiz şücaəti nəticəsində öz bəhrəsini verirdi. Əldə olunan üstünlüklər, qələbə müjdəli xəbərlər öz ordusunu qurub, əsgərləri qələbəyə aparan bir sərkərdənin xalqın qəlbində yenilməz obrazını yaratdı… Prezident vətandaşının düşündüyü kimi düşünür, onun başa düşdüyü dildə danışır, onun işlətdiyi ifadələri işlədirdi. Düşməndən alınan hər qarış torpaq haqqında xalqına dərhal şəxsən özü məlumat verirdi… Xalq qarşısındakının onun doğması, canının bir parçası, bu milləti, bu Vətəni, bu torpağı və onun şərəfi, bütövlüyü yolunda canını verməyə hazır olan bir yaxın dostunu, sirdaşını görürdü. Prezidentin bu münasibəti, qısa bir müddət ərzində xalqı bir yerə toplayıb bir yumruğa dondərdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar  Onunla həmrəy olduqlarını ifadə edən bəyanatlar verdilər.

Müharibə təkcə Qarabağda, döyüş meydanında getmirdi… İnformasiya cəbhəsində, diplomatik sahələrdə də düşmən hücuma cəhd edirdi… Pulla alınmış, erməni lobbisinin təsir dairəsində olan, azad söz, azad mətbuat pərdəsi ilə  komufilə olunmuş, demokrat mantosu geymiş erməni sözçüləri ölkəmizə hücum çəkdilər… Bu müddətdə biz cənab İlham Əliyevin təkcə ordunun deyil, həm də informasiya cəbhəsinin Ali Baş Komanadnı olduğunu, öz dəmir məntiqi ilə bütün sədləri yarıb keçməyi bacardığının şahidi olduq. Toxunulmazlıq anlayışından istifadə edən, bəzən peşə etikasından kənara çıxaraq əndazəni aşan media mənsubları, Müzəffər Ali Baş Komandanın özünün təbrincə desək “Özlərini prokuror kimi aparan” və əvvəlcədən hazırlanmış, yüz ölçülüb bir biçilmiş sualları ilə nəyə isə nail olacaqlarına ümüd edən prokuror kimilərin arzuları suya düşdü. Burada böyük yunan filosofu Demokritin məşhur bir kəlamını xatırlamamaq olmur: “Təkcə düşmənlərə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir”. Dəmir məntiq, dəmir iradə, müqayisə oluna bilməyəcək elmi potensiala malik bir siyasi xadimlə üzləşdiklərini, bəziləri dalana dirəndiklərini bəzən etiraf etmək məcburiyyətində qalırdılar… Düşmənin belini Azərbaycan əsgərinin əzmi, cəsarəti, qorxusuzluğu ilə birgə Müzəffər Ali Baş Komandanın qətiyyəti qırırdı. Dünyanın əksər gücləri, bir olub, birlik olub üstümüzə gəlirdilər… Amma, çifayda, gəldikləri yerdə də dayanmaq məcburiyyətində qalırdılar… Çünki qarşılarında İlham Əliyev var idi.

Müzəffər Ali Baş Komandanın hər çıxışı, hər sözü onun əsgərlərinin, məhz onun ordusunun əsgərlərinin dilində bir sloqana, bir şüara çevrilirdi. Əsgərlərimizin döyüş ruhunu artırırdı. Qələbə əzminə əzm qatırdı. Əsgər ordunun  başında iradəli bir sərkərdənin durduğunu görürdü, hiss edirdi. Döyüşən, düşmənlə üzbəüz olan əsgər Ali Baş Komandanın özünün yanında olduğunu hiss edir, hətta canında duyuyrdu… Qısa bir vaxtda bu qədər doğma bir mühit yarandı.

Biz yaralı Azərbaycan əsgərləri ilə görüş zamanı Müzəffər Ali Baş Komandanın, onların çəkdiyi can acılarını öz canında necə çəkdiyinin şahidi olduq. Əsgərin çəkdiyi ağrını, acını öz canında necə daşıdığını hiss etdik. Gördük ki, hər bir əsgərlə əsl döyüş yoldaşı, səngər yoldaşı, bir ata, qayğıkeş bir qardaş kimi davranan Prezidentimiz, Ali Baş Komandanımız var. Əsgər hiss etdi ki, onun hər bir dərdini etibar edə biləcəyi dağ qədər əzəmətli, olduqca sədaqətli bir dostu var…

Bu 44 günlük müharibə bizə yenidən özümüzə nəzər salmaq, özümüzü tanımaq imkanı verdi. Biz nələrin şahidi olduq? Vətən müharibəsi bizə əsl ədəbi qəhramanlara, kino qəhrəmanlarına bənzər igid əsgərlərimizi tanıtdı. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqı öz Vətəni, torpağı üçün canından keçməyə hazırdır. Biz bu günlərdə oğlunun tabutunu omuzunda daşıyan ananı, ərini və qardaşını son mənzilə yola salarkən onun əsgər paltarını geyinib, “təki Vətən sağ olsun” deyən xanımı, qardaşının cənazəsinə girən bacını gördük. Biz yaralı əsgər yoldaşını çiynində daşıyaraq düşmənlə döyüşən igidlərimizi, özü yaralıykən şəhid olmuş döyüşçü yoldaşının nəşini on kilometrlərlə belində aparan oğullarımızı tanıdıq. Tanrı bizə bu gündə İlham Əliyev kimi bir sərkərdəni, bir fatehi, bir siyasətçini, bir dövlət adamını, nəhayət, mənəvi dəyərlərə hamıdan çox üstünlük verən bir mənəviyyat sahibini, vicdan adamını yenidən tanımaq imkanı verdi. Biz onun islami dəyərlərə, müqəddəs tikililərə, müqəddəs Qurana və mənəvi dünyamıza verdiyi yüksək dəyərin nümunəsini gördük. Gördük və onun rəhbərlik etdiyi Vətənin vətəndaşı olduğumuz üçün qürur duyduq.

O insanlar qəhrəman olurlar ki, vaxtında, düzgün və cəsarətli qərarlar qəbul edə bilirlər. O, qurduğu Azərbaycan Ordusu ilə, qəhrəman əsgər və zabitlərimizlə bu döyüşün qəhrəmanı olaraq xalqımızın qəhrəmanlıq salnaməsi tarixinə bir fateh kimi, Qarabağ fatehi kimi öz adını yaza bildi. O, insanların qəlbində Qarabağ boyda  abidəsini ucaltmağı bacardı…

İnanırıq ki, düşmən işğalından azad olunmuş torpaqlar tezliklə abadlaşacaq. Dağılan şəhərlər, xarabazarlığa çevrilmiş kəndlər yenidən qurulacaq. Qədirbilən xalqımızın arzusu olaraq Qarabağda salınan yeni bir şəhər xilaskar Ali Baş Komandan İlham Əliyevin şərəfinə İlhamabad adlanacaq. O şəhərin hər bir küçəsində, meydanlarında o torpaq uğrunda canını fəda etmiş igidlərimizin abidələri ucalacaq…

Müdriklərin belə bir deyimi var: Bütün qaranlıqlar yığılsa kiçik bir şamı söndürə bilməz. O, isə şam deyil. Azərbaycan xalqının həyatında doğan bir Günəşdir… Bir Fatehdir… Müasir hərb tariximizin ən şanlı Sərkərdəsidir. Tarixi müqayisə, parelellər aparmaq niyyətində olmaq istəməsək də, zərurətdən doğan bir faktı qeyd etmək bizcə yerinə düşər. İstanbulun fəthi Osmanlı üçün nədirsə, Qarabağı işğaldan azad etmək bizim üçün odur.

Qafar Cəbiyev,
tarix elmləri doktoru, professor, Əməkdar jurnalist.

Elşən Qəni,
publisist