Vətən müharibəsinin gedişi dövründə Ermənistanın ballistik raketlərdən istifadə etdiyini inkar edən «Human Rights Watch» təşkilatı təqdim etdiyi hesabatla ədalət meyarını unutmadığını təsdiqləyir
44 günlük müharibə Azərbaycanın tarixi Qələbəsi olmaqla yanaşı, bir çox məqamlara da işıq saldı. Dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların beynəlxalq hüququ, ədaləti bir kənara qoyub daim maraqlardan çıxış etmələrinin, bəzən haqlı, bəzən reallıqdan uzaq hesabatlar açıqlamalarının əsl səbəbi bəlli olduqca, düşünürük ki, həqiqətən də beynəlxalq hüquq deyilən məfhum yalnız bəzi ölkələr üçün mövcuddur.
Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanın dinc əhalisini, yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutdu. Həmin dövrə nəzər salsaq görərik ki, üç dəfə atəşkəs əldə edilsə də onu pozan Ermənistan olub. Dövlətimizin başçısı İlham Əliyev xarici mətbuata müsahibələrində daim bu məsələni bildirsə də ki, Ermənistan ballistik raketlərdən istifadə edir, bu inkar edilərək, qərəzdən doğan suallar əsasında guya Azərbaycanın istifadə etdiyi iddia edilirdi. Müsahibələrinin birində «Onlar iddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ silahlardan istifadə edirsiniz» sualına cavaabda cənab İlham Əliyev bildirmişdir ki, biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.
Dövlətimizin başçısı İlham Əliyev hər bir müsahibəsində bu məsələni önə çəkirdi ki, “Human Rights Watch” təşkilatının təmsilçiləri gəlsinlər və Gəncəyə, Tərtərə getsinlər. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı peykdən görünür: «Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq.»
Cənab İlham Əliyev bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatlarının Azərbaycana qarşı çox aqressiv olduqlarını da müsahibəsində bildirmişdir. «Onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər» söyləyən dövlətimizin başçısı İlham Əliyev bir daha Azərbaycanın bu raketlərdən istifadəsi ilə bağlı heç bir faktın olmadığını əsaslı şəkildə xarici mətbu orqanların diqqətinə çatdırmışdır.
Qeyd etdiklərimiz 44 günlük müharibə dövründə yaşananların dövlətimizin başçısı İlham Əliyevin müsahibələrinə diqqət yönəltməklə yaşananların aydın mənzərəsini yaradır. Çünki həmin dövrdə istər dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların əksəriyyətinin tutduğu mövqeyə diqqət yetirdikdə Azərbaycana qərəzi, Ermənistana dəstəyi fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul etdiklərinin şahidi oluruq. Amma həmin dairələr unudurlar ki, bu mövqeləri ilə faşist ideologiyasına dəstəklərini nümayiş etdirir, işğalçılıq, terrorçuluq siyasətinə haqq qazandırmaqla bu siyasəti dəstəklədiklərini nümayiş etdirirlər. O cümlədən «Amnesty İnternational», “Human Rights Watch” kimi beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan reallıqlarını inkar yolunu tutur, Ermənistanı tamamilə başqa bir formada təqdim edirdilər. İşğalçılıq siyasəti yeridən, faşist ideologiyasına sahib olan bir ölkədən ədalətli, beynəlxalq hüququn tələblərinə uyğun addım gözləmək qeyri-mümkündür. Elə bu dəstəklər işğalçı Ermənistanı daha əsassız iddialarla yaşamağa, beynəlxalq hüququn mövcudluğunu inkar etməyə sövq edirdi. Amma Azərbaycan reallıqları dəyişdi. Ermənistan və ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara ədalət deyilən məfhumun varlığını xatırlatdı və təsdiqlədi. İşğal olunan torpaqlarımızda beynəlxalq hüququ bərpa etdi. Dövlətimizin başçısı İlham Əliyevin bütün müsahibələrində bu reallıq diqqətə çatdırıldı ki, biz öz torpaqlarımızda müharibə aparır, ədaləti bərpa edirik. Bizim heç kimin torpağında gözümüz yoxdur. Ən əsası Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri ilə döyüşür, mülki əhalini atəşə tutmur.
Bu gün “Human Rights Watch özünün ” hesabatı ilə bir daha bu reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırır. Belə ki, təşkilat Ermənistan tərəfindən Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə edilmiş raket hücumları ilə bağlı hesabat yayıb. “Human Rights Watch”un noyabr ayında Azərbaycanda yerlərdə aparılan araşdırmalar zamanı erməni qüvvələrinin ballistik raketlər, idarəolunmayan top raketləri və iriçaplı artilleriya mərmilərindən istifadə etməklə yaşayış məntəqələrinin vurulmasına dair 11 fakt qeydə aldığı bildirilir. Qeyd olunur ki, ən azı dörd halda hərbi hədəflərin olmadığı ərazilərdə mülki şəxslərə və ya mülki obyektlərə zərbələr endirilib. “Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Hugh Villiamson bildirib ki, erməni qüvvələri dəfələrlə raketlər, idarəolunmayan raketlər və ağır artilleriyadan mülki əhalinin yaşadığı şəhər və kəndlərə müharibə qanunlarına zidd olaraq zərbələr endirib. Altı həftəlik müharibə zamanı bu hücumlar mülki insanların həyatına son qoyub, onların evlərini qanunsuz olaraq dağıdıb. Bu hadisələr qərəzsiz şəkildə araşdırılmalıdır. Təşkilat Ermənistan qüvvələri tərəfindən Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərin şəhər, qəsəbə və kəndlərinə edilən raket və artilleriya zərbələrini araşdırıb. Bu hesabatda endirilmiş zərbələrdən 40 mülki vətəndaşın ölümü və onlarla insanın yaralanması ilə nəticələnmiş 18 hal araşdırılıb ki, bunlar da hücumların 53 şahidi ilə fərdi danışıqlara və 12 telefon danışığına, xəbər reportajlarına və hökumətin məlumatlarına əsaslanır. “Human Rights Watch”, eyni zamanda, hücumların vaxtını və tarixini təsdiqləyən 10 hadisənin peyk görüntülərini və 9-nun sosial mediada yerləşdirilən foto və videolarını araşdırıb. Digər hücumlar gələcək hesabatlarda yer alacaq.
Hesabatda bildirilir ki, Ermənistanın hücumları mülki əhalinin itkisinə səbəb olmaqla yanaşı, evlərə, müəssisələrə, məktəblərə və klinikalara ziyan vurub və kütləvi köçlərə səbəb olub. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, silahlı münaqişə zamanı 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 3000-dən çox ev, 100 yaşayış binası dağıdılıb və ya zərər görüb. Azərbaycan rəsmiləri “Human Rights Watch”a bildiriblər ki, döyüşlər nəticəsində 40 min insan öz yerlərindən didərgin düşüb. “Human Rights Watch”un nümayəndələri münaqişənin təsirinə məruz qalmış ərazilərdə olarkən sakinlər bir çox insanların, xüsusilə də qadınların və uşaqların daha təhlükəsiz bölgələrə getdiklərini deyiblər.
Hugh Villiamson bildirib ki, araşdırmalar erməni qüvvələrinin Azərbaycanın şəhərlərini, qəsəbələrini və kəndlərini çox dağıdıcı, yanlış təyinatlı silahlarla atəşə tutduğunu təsdiqləyir.
Ermənistan baş nazirinin göstərişi əsasında iki dəfə Gəncədə, sonra Bərdə də terror aktlarının törədilməsi dünyanın gözü qarşısında baş verən hadisələr idi. Amma dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar bütün bunları görməzdən gəlir, sanki qulaqları da Azərbaycanın dinc əhalisinin harayını eşitmirdi. Tarixə diqqət yetirsələr görərlər ki, bir cinayətin cəzasız qalması ucbatından bu təxribatla davamlı xarakter alıb. Sual olunur: Vətən müharibəsinin getdiyi dövrdə Ermənistana dəstək funksiyasını yerinə yetirən “Human Rights Watch” bu gün hansı səbəbdən haqqı-ədaləti müdafiə xarakteri daşıyan hesabatını açıqlayıb? Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. 44 günlük müharibə bu zamanın təqdimatı oldu.
Yeganə Əliyeva, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir