Dövlətimizin başçısı İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən bir daha regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması üçün hədəfləri açıqladı
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.” Dövlətimizin başçısı İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərdən, dünyanın ikili siyasəti fonunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyindən geniş bəhs edərək münaqişənin Azərbaycanın döyüş meydanında qələbəsi əsasında başa çatdığını diqqətə çatdırdı.
Bir daha qeyd olundu ki, sentyabrın 27-dən başlanan Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatının uğurla davam etdirilməsi işğal altında olan torpaqlarımızın azad olunması sevincini yaşatmaqla yanaşı, eyni zamanda, 30 ildə kağız üzərində qalan bəyanatların sadəcə söz olaraq səsləndiyini təsdiqlədi. Belə olan təqdirdə əksər dövlətlərin, beynəlxalq təşkilatların sülh danışıqlarının aparılması tələbi ilə çıxış etmələrinə nə ehtiyac var idi? Ermənilər təxribatlarının miqyasını genişləndirdi, yeni ərazilərlə bağlı iddialarını açıq-aşkar nümayiş etdirdi, amma dünya yenə də bəyanatlarla kifayətləndi. Dövlətimizin başçısı bildirirdi: “Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.»
Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xarici mətbuata çoxsaylı müsahibələrində ikili siyasəti yaradan səbəblərə, dünyadan gələn sülh danışıqları çağırışlarına münasibətini bildirir. CNN-Türk televiziyasına müsahibəsində jurnalistin «Bu günə qədər Sizə bir neçə dəfə atəşkəs çağırışı edildi. Siz bunlara şəxsən cavab verdiniz. Amma münaqişənin 30 illik tarixinə nəzər salarkən bu çağırışların nəticə verəcəyini düşünürsünüzmü» sualına cavab olaraq bildirmişdir ki, bu çağırışlar, sadəcə, atəşkəs çağırışları olmamalıdır. İşğalçı Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı: «Otuz il heç bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub.»
“Qarabağ Ermənistandır” bəyanatı ilə çıxış edən, bu düşüncəyə malik olan bir «rəhbər»dən beynəlxalq hüquq normalarına cavab verən addım gözləmək sadəlövhlük olardı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, düşmən öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Azərbaycanın diplomatik mübarizə ilə yanaşı, döyüş meydanında da üstünlüyü ələ alması, 10 noyabr üçtərəfli razılaşma əsasında Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının dünyaya çatdırılması, 9 bənddən ibarət Bəyanatın hər bir bəndinin icrası istiqamətində atılan addımlar Ermənistana havadarlıq edən Fransa kimi dünyanın beynəlxalq hüquqdan, ədalətdən danışan, amma aədalətsizliyi ilə diqqət çəkən dövlətləri narahat edir. 10 noyabr Bəyanatından sonra əksər dövlətlərin birtərəfli mövqe nümayiş etdirməsi, neytrallığı qorumaması özünü qabarıq şəkildə büruzə verir. ATƏT-in Minsk qrupu həmsədrlərindən gözləntilər özünü bir daha doğrultmadı. Fransanın birtərəfli, Ermənistana dəstək xarakterli bəyanatları dövlətimiz tərəfindən sərt cavablandırıldı. «Bizə qarşı edilən haqsızlıq təbii ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik» söyləyən dövlətimizin başçısı İlham Əliyev hələ müharibənin davam etdiyi dövrlərdə bildirmişdir ki, Fransa Prezidentinin “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir» bəyanatı beynəlxalq qanunlara tamamilə zidd olan bir açıqlamadır. Bu cür sözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır: «Buna görə biz öz sözümüzü demişik. Əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.»
Bütün bu sadalananlar fonunda bir daha bu reallıq öz təsdiqini tapmışdir ki, dünya ikili siyasətinə son qoymaq istəmir, işğalçı Ermənistan danışıqlar prosesinə mane olan əsassız, təhrikedici bəyanatlarından, təxribatlarından əl çəkmir. Azərbaycan dövlətinin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi, diz çökdürdü, dünya siyasətini yenidən formalaşdırdı, işğal altında olan torpaqlarımızda haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi.
ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşdə də Prezident İlham Əliyev bu kimi məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, siz bir ildən artıq müddətdən sonra buraya səfərə gəlmisiniz. Azərbaycan xalqı ilə açıq və səmimi olduğum kimi, sizinlə də eyni dərəcədə açıq və səmimi danışmaq istəyirəm. Bütün bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti söyləyirdim. Paşinyan isə həm xalqına, həm də gündə bir neçə dəfə zəng etdiyi tərəfdaşlarına yalan danışırdı. O, bu gün də yalan danışmağa davam edir: “Ancaq dediyim kimi, artıq bu məsələ narahatlıq doğurmur. Biz məsələni həll etdik. Biz ərazimizi işğaldan azad etdik. Müharibə zamanı mənə Azərbaycan Ordusunun itkiləri barədə çoxsaylı suallar verilirdi. Mən demişdim ki, biz bu məlumatı müharibə bitdikdə açıqlayacağıq. Belə də oldu, bizim qəhrəmanlarımızın – şəhidlərimizin fotoşəkilləri və onların adları televiziya vasitəsilə nümayiş etdirilir. Müharibə zamanı mən Ermənistan ərazisini işğal etmək niyyətində olmadığımızı bəyan etmişdim. Halbuki sizin də təsəvvür etdiyiniz kimi, bunun üçün bütün imkanlarımız var idi və həmin imkanlar bu gün də mövcuddur. Lakin bizim belə bir niyyətimiz yoxdur. Mənə bununla bağlı sual veriləndə dedim, xeyr, biz öz ərazimizi işğaldan azad etmək istəyirik və öz torpağımızda döyüşəcəyik. Biz sözümüzə sadiq olduq.”
Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi vasitələrlə nail oldu, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Reallıq budur ki, müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. Dövlətimizin başçısı İlham Əliyev görüşdə bu suallara da cavab axtardı: “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır.”
Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri status-kvonun qəbuledilməzliyini bildirdiyi halda zaman keçdikcə status-kvonu saxlamağa çalışdıqlarını qabarıq şəkildə büruzə verdilər. Amma dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu status-kvonu dəyişdi. Artıq hec bir statusdan söhbət gedə bilməz. Azərbaycan haqlı olduğunu göstərdi.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana 7 şərt irəli sürəndə Prezident İlham Əliyev bu şərtləri rədd etdi və cəmi bir şərt irəli sürdü – işğala son qoyulmalıdır. Əks təqdirdə Azərbaycan digər vasitələrlə buna nail olacaq. Beləliklə, Azərbaycan Ermənistanın təxribatlarına torpaqları tam işğaldan azad etməklə cavab verdi. Prezident İlham Əliyev öz sözünü tutdu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Paşinyan hakimiyyətinin isə hərbi güc, Azərbaycana layiqli cavab vermək barədə iddialarının əfsanə olduğu aydın göründü. Ermənistan hakimiyyətinin uzun illərdir yaratdıqları “yenilməz erməni ordusu” mifi dağıdıldı. Ermənistan və ona havadarlıq edən dövlətlər ən güclü ordunun Azərbaycan Ordusu olduğunu gördü. 44 gündə 300-ə yaxın yaşayış məntəqəsini, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etmək, 10 noyabr razılaşmasına əsasən Ağdamın, Kəlbəcərin və Laçının qaytarılması Azərbaycanın döyüş meydanında,siyasi müstəvidə üstünlüyünü bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə də Azərbaycanın bu uğurlarından geniş bəhs edərək bu məqamlara diqqət yönəltdi ki, 1993-cü ildə azərbaycanlıları heç bir vaxt vermədən, zorla qovan Ermənistandan fərqli olaraq, Azərbaycan torpaqların azad olunmasına vaxt da verdi, Kəlbəcərin boşaldılması üçün vaxtın 10 gün uzadılmasına da razı oldu.
Bu reallıq da daim dövlətimizin başçısı tərəfindən bəyan edilir ki, müharibəyə görə bütün məsuliyyət N.Paşinyan rejiminin üzərinə düşür. Məhz Paşinyan hakimiyyətinin təxribatçı hərəkətləri, bəyanatları danışıqlar prosesini məhv etdi və müharibənin başlanmasına səbəb oldu. Sarkisyan və Koçaryan hərbi cinayətkardırlar. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəsələr də hər kəs bilir ki, Paşinyan heç kimdir, Sarkisyan və Koçaryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Bu adamın heç bir bilik, təcrübəsi, beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur.
10 noyabr Bəyanatının bəndlərinə uyğun olaraq sülhməramlıların missiyası qüvvədədir. Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır, Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürü, Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir.
Günümüzün əsas tələbləri budur ki, regiona yeni canlanma gətirilməli, yeni inkişaf olmalıdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclü dövlətdir və buna hazırdır. Azərbaycan bunu öz işinin bir hissəsi kimi icra edəcək ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun. Azərbaycanın Qələbəsi Cənubi Qafqaz regionunun inkişafına dair müzakirələr üçün yeni imkanlar açdı. İşğaldan azad olunmuş torpaqlarmızda yeni həyatın bərpası istiqamətində addımlar atılır. Qısa zamanda Qarabağın ən inkişaf etmiş bölgəyə çevriləcəyi şəksizdir. Regionda yaradılan yeni əməkdaşlıq formatı da sabitliyin, təhlükəsizliyin təminatına öz böyük töhfəsini verəcək, Azərbaycan regional əməkdaşlığın əsas qüvvəsi kimi liderliyini qoruyacaq.
Yeganə Əliyeva, “İki sahil”
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir