11 dekabr 2020 15:39
1620

Ulu öndər mədəniyyəti xalqın ən böyük sərvəti adlandırırdı

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin

Ulu öndər Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi və Özü də tarix  yaradırdı. Ümummilli lider istər keçmiş Sovetlər dönəmində, istərsə də  1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə  böyük zəmin yaratmışdır. Xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıtdıqdan sonra Ulu Öndərimiz belə vəziyyətdə balanslaşdırılmış xarici siyasət kursunu əsas tutaraq dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri  istedadını birləşdirdi. Ölkədə iqtisadi, siyasi, hüquqi və mədəni  islahatlar aparıldı. Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi. Azərbaycan informasiya blokadasından çıxarıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum və təşkilatlarda səmərəli  fəaliyyətin təməli qoyuldu. Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təminatında etibarlı tərəfdaşa, Cənubi Qafqazda söz sahibi sayılan dövlətə çevrildi.

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək, ən yüksək zirvələri fəth edir, böyük nailiyyətləri ilə dünyanın diqqətindədir. Bu uğurlar ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, daha da artmaqdadırUlu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir epoxanın əsasını qoydu. Mədəni irsimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Ümummilli Lider vurğulayıb: «Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.» Elə ona görə də mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyevin misilsiz qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltaraşlıq və rəssamlığımız, hətta  xalça sənətimiz bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından güc alıb.

Ulu öndər Heydər Əliyev bildirib: «Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.» Ulu Öndər hər zaman mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirib. Onların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın tanınmış sənətkarları Sovet dövründə məhz Ümummilli Liderin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Ümummilli lider Heydər Əliyevin bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirakı zamanı hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər. Onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı.

Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu Öndərin Sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu «Şöhrət”» ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri «İstiqlal»” ordeni ilə təltif olundular.

Azərbaycan kinosunun böyük bir dövr inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında Ulu Öndərin şəxsi təşəbbüsü olmuşdur. «Uzaq sahillərdə»”, «Nəsimi»”, «Babək»” filmlərinin yaranmasında, Sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır. «Azərbaycan kinosunun tarixi xalqımızın salnaməsidir» - deyən müdrik rəhbərin ikinci dəfə hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi. «Azərbaycanfilm»in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.

Ölkəmizdə beynəlxalq səviyyəli kinofestivallar keçirildi, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başladı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Əgər 1994-1996-cı illərdə iki film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı.

Ulu Öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri — teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. «Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialı ilə layiqli yer tutacaqlar" deyən Prezident İlham Əliyev xalqın inkişafı, o cümlədən mədəni tərəqqisi yolunda dönməz mübariz olduğunu öz fəaliyyəti ilə daim nümayiş etdirməkdədir. Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyynləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha təsdiqlədi. Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının parlaq zəkalı lideri, ölkəmizin Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin möhtəşəm rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun Ermənistanın işğalında olan ərazilərimizi azad etməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi buna sübutdur.

Fenomen şəxsiyyət Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO –nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə YUNESKO-nun Maddi İrs Siyahısına daxil edilməsi böyük tarixi hadisə idi. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirləri olduqca əhəmiyyətlidir.

Şəmsiyyə Əliqızı, «İki sahil»