11 dekabr 2020 14:05
2091

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır!

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP tarixin sınaqlarından şərəflə çıxaraq milyonların sevgisini qazanıb, adı qalib partiya kimi tarixə yazılıb

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu günü milyonların partiyasına çevrilən, nəinki ölkənin, regionun ən aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik.  Ümummilli Liderin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi Yeni Azərbaycan Partiyasının yarandığı gündən bugünədək keçdiyi yola bələdçilik edir. 

29 illik müstəqillik tariximizin ilk iki ili xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi xarakterizə olunur. Yaşanan bu reallıqlar  ulu öndər  Heydər Əliyevin  hakimiyyətə qayıdışını  zərurətə çevirdi. YAP-ın yaranması isə bu zərurətin əslində təşkilatlanma forması idi. Ulu öndər Heydər Əliyev   Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə 19 noyabr 1994-cü ildə keçirilən ümumrespublika müşavirəsində  partiyanın yaranmasını zəruri edən səbəbləri açıqlayaraq bildirmişdir: «Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının yaranması mənim adım ilə bağlıdır və bu, mənim iştirakımla olmuşdur. Lakin mən həmişə həqiqəti sevmişəm və həyatım da  həqiqət üzərində  qurulmuşdur. Buna görə də, bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması  mənim təşəbbüsümlə olmayıbdır.  Bu partiyanın yaranması Azərbaycanın demək olar əksər bölgələrində, şəhərlərində, rayonlarında, əmək kollektivlərində  yaranan əhval-ruhiyyədən irəli gəlmiş bir hadisədir.» Həmin müşavirədə Ümummilli Lider özlüyündə ortaya çıxan   «Mən bunları nə üçün xatırlayıram» sualını belə cavablandırıb: «Çünki o günlər  mənim üçün əziz günlərdir. Ona görə yox ki,  Yeni Azərbaycan Partiyası yaranıbdır.  Bu, şübhəsiz, mənim üçün əziz bir hadisədir.  Ona görə ki, bu bizim Azərbaycan vətəndaşlarının, bu partiyaya həvəs göstərən, bu partiyaya üzv olmaq istəyən, bu partiyanı qurmaq istəyən, bu partiyanı yaratmaq istəyən adamların nə qədər cəsarətli, fədakar, cəfakeş olduqlarını  göstərir.  Bu partiya, bax, belə bir şəraitdə yarandı...»

Məlum səbəblərdən təsis konfransını 1992-ci il noyabrın  21-də Naxçıvan şəhərində  Azərbaycanın müxtəlif regionlarından  550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvün birləşməsi daim vurğulandığı kimi, sadəcə bir statistika deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, möhkəm təmələ əsaslanan siyasətə dəstəyin bariz nümunəsidir. Milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyası populizmdən uzaqlığın, sözlə əməl birliyinin, tutduğu yola sadiqliyin  nəticəsi olaraq nəinki ölkədə, eyni zamanda, regionda aparıcı siyasi qüvvə kimi tanınır və nüfuz qazanır.

Yaranandan cəmi 7 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət  missiyasını  Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir.      

«YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır»  söyləyən Ümummilli Lider  bu fikri ilə  ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə işıq salır.  Gələcəyə doğrü inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.  Prezident İlham Əliyev  partiyanın hansı zərurətdən yarandığını belə səciyyələndirir: «Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı,  fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq.»

1993-2003-cü illər Azərbaycan tarixinə  dirçəliş illəri kimi daxil olub. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz azadlığı bərqərar oldu. Çoxpartiyalı sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının   rolu  inkaredilməzdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etdi.

Tarixdə şəxsiyyətlərin rolunu daim xüsusi qeyd edən  Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin fəaliyyətini  buna bariz nümunə kimi göstərir: «Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir.»   Hakimiyyətinin hər iki dövründə xalqa, Vətənə xidmət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib.  Bu gün  Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Azərbaycanın uğurları  başqa ölkələrlə müqayisə oluna bilməz.  İqtisadi inkişaf, həyata keçirilən nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: «Biz ən böyük ölkələrlə tərəfdaşlıq münasibətlərindəyik. İmkanlarından, ölçülərindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qura bilmişik. Biz öz siyasətimizi qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında qururuq.»   Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç  bir layihənin öz həllini tapa bilməməsi ölkəmizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizin dünyada cərəyan edən proseslərə təsir imkanlarının artması da uğurlu siyasətinə əsaslanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  bu gün Azərbaycan güclü ölkəyə çevrilib.

Tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası uğurlarımızın bələdçisi olmaqla yanaşı, bu siyası təşkilatın hər bir nailiyyətimizdə öz payı, yeri vardır. Partiyanın ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Tarixə qısa nəzər salsaq,   Yeni Azərbaycan Partiyasının 1998, 2003, 2008, 2013 və 2018-ci il prezident,  1995, 2000, 2005, 2010, 2015 və 2020-ci il parlament, 1999,  2004, 2009, 2014 və 2019-cu il bələdiyyə  seçkilərində  uğur qazanmasını şərtləndirən də məhz bu amillərdir. Bununla yanaşı, partiyanın Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə  bu günədək üç dəfə ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs də  xalqımız tərəfindən dəstəklənmişdir.   «Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq» deyən Prezident İlham Əliyev bildirir ki,   əməlimiz,  işlərimiz, verilən sözlərə sadiqliyimiz  Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir.

İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycana bu gün hansı tərəfdən baxsaq təkmilləşməni, yeniləşməni görərik. Yeni Azərbaycan Partiyasının hər dövrün tələbinə uyğun olaraq çağırışlarından etdiyi dəyişikliklər də  uğurlarımızın miqyasının genişliyinə əsaslanır. Belə ki, ilk əvvəllər partiya  «Yeni, müstəqil Azərbaycan» uğrunda deyirdisə, illər keçdikcə «Davamlı inkişaf, yüksək rifah», «Yeni hədəflərə doğru» çağırışları səsləndirdi.  2018-ci ilin prezident seçkilərində  bu hədəflərə yüksək səviyyədə çatmaq üçün isə      «İlhamla irəli» söylədi.  Yeni-yeni hədəflərə yol açan isə qeyd etdiyimiz kimi, uğurlarımız və gələcəyə hesablanmış strategiyadır. Azərbaycanın müstəqillik tarixində keçdiyi yola, əldə etdiyi təcrübəyə və uğurlara söykənərək qarşıdakı illər üçün müəyyənləşdirilən əsas hədəfimiz ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, eyni zamanda, yüksək gəlirli dövlətə çevirməkdir.  Partiyanın hər bir üzvü bu hədəflərin reallığa çevrilməsinə öz töhfəsini vermək üçün ciddi səylər göstərir. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə keçirilən mərasimdə bildirmişdir:  «Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.»

Yeni Azərbaycan Partiyasının üzvlərinin say tərkibinə diqqət yetirsək,  40 faizini gənclər təşkil edir. Bu, YAP-ın gəncləşən partiya imicini bir daha təsdiqləyir. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın uğurlu gələcəyi naminə üzərlərinə düşən vəzifəni layiqincə  yerinə yetirməyə çalışırlar. Cənab İlham Əliyev bildirir: «Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.» 

28  ildən artıq  dövrə nəzər salarkən bu faktı da qeyd etməliyik ki,  tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən  qalib  çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb. 11 aprel 2018-ci il prezident və 9 fevral 2020-ci il növbədənkənar parlament  seçkiləri bunu bir daha təsdiqlədi. Milyonların partiyası olduğunu uğurları ilə təsdiqləyən YAP-ın gələcəyinə inam böyükdür. Daim təkmilləşməyə, yeniləşməyə meyil göstərən Yeni Azərbaycan Partiyası 2019-cu ilin noyabrında  ölkədə həyata keçirilən təkmil islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dövlətimizin başçısı  İlham Əliyevin «Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında» Sərəncamına uyğun olaraq 2020-ci ilin 9 fevralında növbədənkənar parlament seçkiləri keçirildi. Atılan bu addım bir daha təsdiqlədi ki,  davamlı inkişaf, təkmilləşmə dövlət siyasətinin əsasını təşkil edir. Bu təkmilləşmədə Yeni Azərbaycan Partiyasının öz yeri, rolu vardır. 

Azərbaycanın bugünkü uğurları  ulu öndər Heydər Əliyevin  «91-lər»in müraciətinə  cavabında böyük inamla  söylədiyi «Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər» fikrinin təsdiqidir. Bu tezisin davamı olaraq «Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi» söyləyən cənab İlham Əliyev bildirir ki, buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir: «Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb.»

28 il   şərəfli yol keçən, bütün çətinliklərdən, fırtınalardan uğurla çıxan Yeni Azərbaycan Partiyasını cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə  daha möhtəşəm uğurlar  gözləyir. YAP  proqramını daim yeniləşdirir, populist vədlərdən uzaq olduğunu davamlı uğurları ilə təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  Yeni Azərbaycan Partiyasının güc mənbəyi  yaradıcısı olduğu  ümummilli lider Heydər Əliyevin zəngin irsi və son 17 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə daha böyük inamla addımlamağa əsas verən inkişaf strategiyamızdır.

Bu gün bütün Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun yazdığı Zəfər Gününün, keçirilən Zəfər paradının sevincini yaşayır. Bu Zəfər Azərbaycanın ədalətli mövqeyinin bir daha dünyaya təqdimatı oldu. 30 ilin nisgilinə son qoyulması, ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü cənab İlham Əliyevin tərafında sıx birləşərək,  azad edilmiş torpaqlarda yeni həyatın bərpasına öz töhfələrini verməyə səy göstərirlər. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənib, sözünün imzası qədər dəyərinin olduğunu dünyaya nümayiş etdirdi. Zəfərin mübarək, Azərbaycan!

Yeganə Əliyeva, «İki sahil»