Azərbaycanın daha uğurlu geosiyasi manevrlər etməsi üçün mükəmməl siyasi baza formalaşıb
İkinci Qarabağ müharibəsindəki əzəmətli zəfərimiz bizim yalnız Ermənistan üzərindəki hərbi qələbəmiz deyil, eyni zamanda, geosiyasi üstünlüklərimizi daha artırdı. İndi dünyanın bir çox ölkələri Azərbaycanın bu hərbi qələbəsini qəbul edir və mübarizəmizin haqlı olduğunu etiraf edirlər. Bu isə o deməkdir ki, güc kimdədirsə onun mövqelərinin qorunması da artıq reallıqdır.
Bəli, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq hərbi Qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu. Bu savaşın ən böyük özəlliyi, əlbəttə ki, öz haqq işi uğrunda mübarizə aparan xalqımızın üzləşdiyi beynəlxalq təzyiqlərə, ikili standartlara baxmayaraq, ərazi bütövlüyünü təmin etməsidir. Digər tərəfdən, 44 günlük döyüşlərin nəticəsi olaraq Ermənistanın 30 ildən artıq davam edən işğal siyasətinə son qoyulması müasir dünyada bu tip problemlərin həlli ilə bağlı ən gözəl nümunədir
Beynəlxalq hüquqla müəyyən edilmiş prinsiplər, öhdəliklər olduqca mükəmməldir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, onun qlobal münasibətlər sistemindəki hüquqları bu prinsiplərin əsas hissəsini təşkil edir. Ən əsası bu prinsiplər bütün dövlətlər üçün eynidir, hüquqlar və öhdəliklər baxımından heç birinə fərq qoyulmur.
Lakin reallıq ondan ibarətdir ki, bəzən beynəlxalq hüquq ya icra olunmur, ya da böyük dövlətlərin maraqlarına xidmət edir. Məsələn, 1993-cü ildə BMT-nin Ermənistanın işğalçı qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edən 4 qətnaməsi qəbul olunsa da, sonrakı dövrdə onların heç biri yerinə yetirilmədi. Daha dəqiq desək, bu sənədlərə səs vermiş beynəlxalq ictimaiyyət onu icra etməyi Ermənistandan tələb etmədi. Halbuki ondan əvvəl də, sonra da bu cür qətnamələrin elə beynəlxalq təşkilatların qərarları ilə məcburi şəkildə yerinə yetirilməsinə dair faktlar var və hansı ki, bu zaman xüsusən Qərb dövlətləri ədalətin təmin olunmasını yox, əsasən öz siyasi və iqtisadi maraqlarını güdüblər.
Azərbaycanla Ermənistan arasında 28 il idi ki, nəticəsiz qalan sülh danışıqları beynəlxalq hüququn normalarının yerinə yetirilməməsi baxımından ən böyük tarixi ədalətsizlik idi. Lakin Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu ədalətsizliyi təkbaşına, Qərbin köməyindən istifadə etmədən də yoluna qoymaq mümkündür. Eyni zamanda bu qələbə ilə sübut edildi ki, Qərbin ədalətinə güvənmək olmaz. Ümumiyyətlə, Azərbaycan kimi böyük olmayan bir dövlətin öz haqq işini öz gücünə yoluna qoyması bu gün analoqu olmayan bir hadisədir. Ölkəmizin bu uğurunda həm hərbi gücümüz, həm də Prezident İlham Əliyevin uzaqgörən siyasi-diplomatik gedişləri əsas rolu oynayıb.
Sülh danışıqlarının ilk günündən Azərbaycan bu prosesə sadiq qalmaqla yanaşı, həm də hərbi imkanlarını müasir çağırışlara uyğun olaraq davamlı şəkildə artırıb. Nəticədə bu gün ortaya çıxan həqiqətlər respublikamızın nə qədər düzgün mövqe tutduğunu göstərir. Məlum idi ki, Ermənistan heç vaxt işğal etdiyi rayonları qaytarmaq istəməyib. İşğalda olan rayonlarımızda həyata keçirilən qanunsuz məskunlaşdırmalar, kommunikasiya xətlərinin çəkilməsi, onların adlarının dəyişdirilərək erməniləşdirilməsi də bunu təsdiq edirdi. Buna görədə cənab İlham Əliyevin ötən 17 ildə daha çox diqqət yetirdiyi məsələ ordu quruculuğu idi. Ölkə rəhbəri müdrik və uzaqgörən siyasətçi kimi proseslərin nəticəsini əvvəlcədən görürdü. Lakin taleyüklü məsələdə uğur qazanmaq üçün uyğun şərait yetişməli və ya doğru zaman seçilməli idi. Bu mənada ötən 17 ildə danışıqlar prosesinə sadiq qalan Prezident İlham Əliyev həm də problemin güc yolu ilə həlli istiqamətində gedişləri xüsusi diqqət mərkəzində saxladı. Dövlət büdcəsində hərbi xərclərin ilk pillədə dayanması da cənab İlham Əliyevin uzaqgörənliyindən xəbər verirdi. Bunun nəticəsi olaraq Azərbaycan Ordusu elə bir səviyyəyə gəlib çatdı ki, döyüş imkanları sarıdan dünyanın ən qabaqcıl hərbi gücləri ilə bir sırada dayandı. Xüsusilə qeyd etməliyik ki, açıq və qətiyyətli siyasət yürüdən Prezident İlham Əliyev məqsədini heç vaxt gizlətməyib, günlərin birində Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad edəcəyini həmişə bəyan edib.
Qeyd edək ki,Qarabağdakı hərbi qələbəmizdən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin açıq mətnlə bildirdi ki, Qarabağ Azərbaycan torpaqlarıdır və onun uzun müddət işğalda qalması qəbuledilən deyildi. Eyni zamanda, NATO rəhbərliyi, İtaliya, Almaniya, İran, Ukrayna və digər böyük dövlətlər də Azərbaycanın hərbi üstünlüyünü birmənalı qəbul edərək ərazi bütövlüyümüzün təmin edilməsinə dair bəyanatlar verdilər. Bütün bunlar isə Azərbaycan dövlətinə yeni geosiyasi manevrlər etmək üçün yaxşı siyasi bazadır.
Elçin Zaman, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir