İkili standartlar, riyakarlıq dünya siyasətində bir meyardırsa, …
Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünyaya “sirr” olan bu sualın ən düzgün cavabı 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, eyni zamanda, 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra bütün təfsilatı ilə açıqlandı və açıqlanmaqda davam edir. Bir daha təsdiqlənir ki, dünya nə qədər ki, hüquq problemini yaşayır, maraqlar ədaləti üstələyir, bu kimi yanaşmalar davamlı olacaq. Amma bu gün əksər Avropa dövlətləri unudurlar ki, Azərbaycan işğal olunmuş ərazilərimizdə ədaləti, beynəlxalq hüququ bərpa etdi, torpaqlarımız öz tarixi sahibinə qayıtdı, 10 noyabr üçtərəfli Bəyanatı ölkəmizin hərbi-siyasi Qələbəsini, Ermənistanın kapitulyasiyasını beynəlxalq səviyyədə təsdiqlədi.
Azərbaycanın xarici siyasətində Qərb və Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. 2018-ci ildə imzalanan «Tərəfdaşlıq prioritetləri» adlı sənəd bütün sahələrdə mövcud durumu özündə ehtiva edir. Azərbaycan dövlətinin xarici siyasətində bu prinsip əsas yer tutur ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurulur və inkişaf etdirilir. Ən əsası, Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverilməz hesab edir.
Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması, xalqımıza Qələbə sevincini yaşatmaqla yanaşı, eyni zamanda, 30 ildə kağız üzərində qalan bəyanatların sadəcə söz olaraq deyildiyini təsdiqlədi. Ermənistanın baş naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan “HARDTalk” verilişində sualları cavablandırarkən özünü biabır etməklə yanaşı, dünyanın ikili siyasətinin ümumi mənzərəsini canlandırmışdı. Ermənistanın baş naziri jurnalistin beynəlxalq hüquq normalarına istinad əsasında ünvanladığı sualları cavablandırarkən beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğundan xəbərsiz olduğunu nümayiş etdirərək açıq-aşkar bildirmişdir ki, bu günədək törətdiyi təxribat əməllərinə görə heç bir təzyiqlə üzləşməmələri demək olar ki, dünyada ümumiyyətlə, hüquq amilinin yoxluğuna işarədir. N.Paşinyana bu etirafından sonra da dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar hər hansısa təzyiqi göstərmədilərsə, artıq bu, ədalət meyarının maraqların arxasında sürətlə əridiyinə, bu prinsiplərin tətbiqində məkanın xüsusi rola malik olmasına şübhə yeri qoymadı. Məhz belə yanaşmalar ermənilərin iddialarına səbəb oldu, düşmən təxribatlarının miqyasını genişləndirdi, yeni ərazilər uğrunda müharibə istəyinə düşdü və Azərbaycan Ordusu tərəfindən layiq olduğu cavabı aldı, diz çökdürüldü.
Dövlətimizin başçısı İlham Əliyev daim beynəlxalq təşkilatların tribunasından bu sualı sasləndirirdi: “ Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğuna elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.»
44 günlük müharibə işğalçı Ermənistanın bu düşüncələrinin nə qədər yanlış olduğunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının qətiyyəti sayəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, Ermənistana verdiyi dərs ermənilər və onlara havadarlıq edən dövlətlər tərəfindən heç zaman unudulmayacaq dərs oldu. Baxmayaraq ki, bu gün bəzi Avropa dövlətlərinin parlamentləri qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı absurd qətnamə layihələrini gündəmə gətirir, onları tələsik qəbul etməklə nəyəsə nail olacaqlarını düşünürlər. Amma unudurlar ki, hər zaman beynəlxalq hüquq, ədalət Azərbaycanın tərəfində olub, İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi də bunun bir daha təsdiqidir. Bu baxımdan qəbul olunan qərəzli qətnamələr Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil.
Fransa merinin, Senatının ardınca Niderland parlamentinin qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı tövsiyə xarakterli qətnamə qəbul etməsi artıq ikili standart yox, riyakarlıqdır. İkinci Qarabağ müharibəsi Qələbə ilə başa çatıb. Bu Qələbənin əldə olunmasında münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu önəmli roy oynayıb. Beynəlxalq hüquq çərçivəsində də bu fakt təsdiqlənir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu kimi qərarların, sənədlərin qəbuluna səs verən əksər dövlətlərin, o cümlədən Niderlandın bu gün onların əleyhinə çıxması təəccüb doğurmaya bilməz. Sual olunur: görəsən erməni sevgisini hər an nümayiş etdirməkdən özlərini xoşbəxt hiss edən bu dövlətlər qəbul olunan qərar və qətnamələrin nə zamanadək sadəcə saralmış kağız parçası olaraq qalacağını düşünürdülər? Haqq-ədalət öz yerini tapdı. Bu gün Ermənistana dəstək olan, ona böyük sevgi nümayiş etdirən dövlətlər erməni faşizmi ilə eyni dəyərləri paylaşanlardır. Tarixə müraciət etmək kifayətdir ki, Ermənistan-Niderland dostluğuna işıq salsın. Ötən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlamışdır. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparmış, öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olmuşdur. Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilmişdir. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda
Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır. Srebrenitsa soyqırımı 90-cı illərin Balkan müharibələrinin ən acı səhifəsidir. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırımına məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır. Niderland Ali Məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf etmişdir. Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi özünü ən bariz şəkildə 2017-ci ilin martın ortalarında Türkiyənin Xarici İşlər naziri M.Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyulması, Ailə və Sosial Siyasət naziri, doktor Betül Sayan Kayanın isə polis tərəfindən güc tətbiq edilməklə Niderlanddan zorla çıxarılmasında göstərmişdir.
Bu qısa təhlil əsasında Niderlandın Ermənistana dəstəyinin səbəbləri açıqlanır. Niderland bu addımı ilə faşist ideologiyasına dəstəyini ifadə edir. Azərbaycanın hərbi-siyasi Qələbəsini və Ermənistanın kapitulyasiyasını təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından dərhal sonra noyabrın 17-də ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçılarının, ermənipərəst qüvvələrin əlaltılarının səyləri ilə Niderland parlamenti tərəfindən Azərbaycan və Türkiyə əleyhinə bir neçə tövsiyə xarakterli qətnamənin qəbul olunması ümumilikdə beynəlxalq hüququn bütün prinsiplərinə ziddir. Çünki qeyd etdiyimiz kimi, bütün dünya Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini birmənalı qəbul edir.
İkinci Qarabağ müharibəsinin reallıqları ilə barışmaq istəməyən ermənipərəst dairələr Niderland parlamentində mütəmadi olaraq mövzunu gündəmə gətirir, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Amma Niderland hökumətinin parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışdığı da diqqətdən kənarda qalmır. Noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırmışdır. Niderland parlamentinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın və həmçinin Türkiyənin əleyhinə qərar qəbul etməsinə diqqəti yönəldən cənab İlham Əliyev onu da xüsusi qeyd etmişdir ki, müzakirələr zamanı Niderlandın Xarici İşlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi: “Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək.”
Dövlətimizin başçısı İlham Əliyev bir daha Ermənistanın Azərbaycana hücumlarından geniş bəhs edərək səfirin diqqətinə bu məqamları da çatdırmışdır ki, biz özümüzü müdafiə edirdik və bunun nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinə və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli Bəyanat imzalanmışdır. Bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərarin qəbul edilməsi qəribə görünür: “Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız.”
Dövlətimizin başçısı ümidvar olduğunu bildirmişdir ki, tariximizdəki çox da xoşagəlməyən bu səhifə münasibətlərimizə ciddi ziyan vurmayacaq: “Lakin əlbəttə ki, bu, sizin hökumətinizin və müvafiq olaraq davranacaq bizim hökumətimizin sonrakı addımlarından asılı olacaq.”
Beynəlxalq hüquqa zidd addımlar sırasında Kanada Senatının da qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması məsələsinin müzakirəyə çıxarması qeyd edilməlidir. Amma bu müzakirələr dərhal rədd edilib. Belə ki, 53 senator qətnamə layihəsinin əleyhinə, 16 nəfər lehinə səs verib, 4 senator bitərəf qalıb. Absurd layihənin müəllifi, ermənipərəst senator müzakirələrdən sonra bu barədə özünün “Twitter” hesabında bildirib ki, bu gün erməni xalqı üçün ağır gündür. Yenə də layihə rədd edildi. Kədərlidir ki, senatorlar siyasət oynamaq yolunu seçərək erməni xalqından üz döndəriblər.
Artıq bu faktlar da təsdiqləyir ki, əksər dünya dövlətlərini ədalət, beynəlxalq hüquq deyil, öz maraqları düşündürür. Azərbaycan 44 günlük müharibədə beynəlxalq hüququn mövcudluğunu dünyaya çatdırmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi, dünyanın yeni xarici siyasətini formalaşdırdı. Artıq bu gün əksər Avropa dövlətlərinin faşizm ideologiyasını dəstəkləyərək qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qətnamələr qəbul etməsi heç bir təsir imkanına malik deyil. Yaxşı olar ki, həmin dövlətlər Azərbaycanın yaratdığı yeni reallıqlarla barışıb buna uyğun addımlar atsınlar.
Yeganə Əliyeva, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir