09 dekabr 2020 17:48
1261

Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı dövlətçilik ənənəsi tarixin bizə bəxş etdiyi milli sərvətdir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi Zəfər sevincini yaşamağımızdır

Tarixi şəxsiyyətlərin  gördüyü işlərdən, dövlət, xalq qarşısında xidmətlərindən bəhs edərkən keçilən yola  nəzər salmaq tələb kimi qarşıya qoyulur.   XX əsr tarixində  fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənəsi tarixin bizə bəxş etdiyi milli sərvətdir.  Bu sərvətin  dəyəri illər keçdikcə daha dərindən dərk olunur. 

1991-ci il oktyabarın 18-də  Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində Azərbaycan böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə  ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı   və davamlı uğurlara yol açılması  bu gün harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü  Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi  yazır.

Müstəqilliyimizin ilk illərində xaos, anarxiya,  özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən isə   Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı  qüvvələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə çətin  məqamda xalq üzünü ümummilli lider  Heydər Əliyevə tutmaqla  bugünkü uğurlarımızı, müstəqil Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqini təmin etdi.  Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev “Bizim artıq güclü dövlətimiz vardır- müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq-həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə” fikirləri ilə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlu siyasətinin bugünümüz üçün möhkəm təməl yaratdığını  əsaslı şəkildə diqqətə çatdırır. 

Ümummilli Liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider  yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq  istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı. Dahi şəxsiyyət  bildirmişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.”  Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə daxili sabitliyi təmin edən ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri bəyan etdi.  Sabitlik bütün inkişafın əsası kimi dəyərləndirildi.  1995-ci il 12 noybrda  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızdan sonrakı dövr  dövlətçiliyin möhkəmlənməsi,  demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dövrü kimi xarakterizə olunur.  Ümummilli Lider bildirmişdir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi bütün atributlar ölkəmizdə bərqərar edilməlidir.

 Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi də daha şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsipləri öndə saxlamasından irəli gəlir: “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.”

    Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması  Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan  neft sazişi imzalandı.  Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyinin reallığa çevrilməsi oldu. Daim öz təbii sərvətlərinin əsl sahibi olmaq istəyən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını gördükcə bundan daha da ruhlanır, gələcəyə böyük inamla addımlayırdı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin 2006 və 2007-ci illərdə reallığa çevrilməsi, bunun ardınca  dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu artıran  Cənub Qaz Dəhlizinin   rəsmi açılışı,  2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən mühüm hadisələr “Əsrin müqaviləsi”nin ölkəmizə  böyük uğurlar qazandırdığını bir daha  dünyaya bəyan edir. 

      Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan neft gəlirlərinin şəffaf və ədalətli bölünməsini təmin etdi.  Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin düzgün istiqamətləndirilməsi və şəffaflığın təminatı əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir.

   Bu gün böyük inamla qeyd edirik ki, neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu.  Regionların malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün Dövlət Proqramları təsdiqləndi və uğurla icra edilir.  Ulu öndər Heydər Əliyevin “Neft- Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də  təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı bütün dövrlərdə öz aktuallığını qorumaqla yanaşı, dövlət siyasətinin əsasını təşkil edir.  Dövlətimizn başçısı İlham Əliyev  2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki,  iqtisadi inkişafa uyğun olaraq əmək haqqı ildə ən azı iki dəfə artırılmalıdır. Ötən 17 ildə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın  ən islahatçı ölkə kimi tanınmasını şərtləndirib.

   Dahi şəxsiyyət Heydər Əliyev  bu çağırışı da  etmişdir ki, Azərbaycanı  təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərlə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq.  Ulu Öndər  harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı. Öncə ayrı-ayrı dövlətlərdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı.  Sonra  onların vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün 2001-ci il noyabrın 9-10-da  Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi.  Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz ümummilli lider  Heydər Əliyevin  səylərinin nəticəsidir.  Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq bir sıra problemlərin yaranmasına, erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Ulu öndər Heydər Əliyevin xalqın təkibli tələbi ilə hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri məhz ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu və uğurlu siyasəti ilə bu istəyini gerçəkləşdirdi. Məhz Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan   Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapdı.

   Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  böyük inam və qətiyyətlə bildirir ki, güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Hazırda ölkəmizin sabitlik diyarı,  iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ən əsası dünyanın  inkişafın Azərbaycan modelini təqdir  etməsi, siyasi, iqtisadi, humanitar mərkəzə çevrilməsi    təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır.  Bu gün Azərbaycanın üçrəngli bayrağının nəinki dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda  dalğalanması Azərbaycanın haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Ən əsası 2011-ci ilin mühüm uğurlarından olan Azərbaycanın 193 ölkədən 155- nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2019-cu ildə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük   siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən  Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurlarımız sırasındadır. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin   Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı, «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı, həmçinin  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq 44 gündə ədaləti bərpa etdi, 30 illik işğala son qoydu, 2020-ci ilin 8 noyabr tarixini Zəfər Günümüz kimi tarixə yazdı.

Təbii ki, bu Zəfərə qədər gedən yol Heydər Əliyev siyasətinə və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə əsaslanır.

Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə xüsusi önəm verən, hər bir məsələnin  ədalət prinsipi əsasında çözülməsində maraqlı olan Azərbaycan dövləti daim dünyaya bu çağırışı edirdi ki, ikili standartlara son qoyulsun, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizm müəyyənləşdirilsin, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli təmin edilsin.

Problemin həlli  üçün möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində  Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapdı. Eyni zamanda, digər beynəlxalq qurumların, dövlətlərin qərar və qətnamələrində də Azərbaycanın mövqeyi dəstəklənirdi. Son bir ilə Azərbaycanın diplomatik uğurları göz önündədir və onların bir qismini yazının əvvəlinə qeyd etdik.     Rəsmi Bakı  bəyanatlarında bu fikri də səsləndirirdi ki,  problemin sülh yolu ilə həlli imkanları tükənərsə, hərb variantı  istisna edilmir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan topaqlarını  istənilən yolla azad etsin. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

Bu kimi bəyanatlar, ən əsası 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanın sülh siyasətinə sadiqliyini, həmçinin bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin tərəfdarı olduğunu nümayiş etdirirdi.  Amma qarşı  tərəf, işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir, problemin sulh yolu ilə həllini mümkünsüz edirdi.   Azərbaycan ordusunun gücü, qüdrəti  bu  fikri böyük inamla söyləməyə əsas verdi ki, işğal altında olan torpaqlarımız azad ediləcək, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanacaq.  

İşğalçı Ermənistan Azərbaycanla heç bir sahədə rəqabət aparmaq imkanında deyildi. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsi qədərdir. Xalqımız tam əmin idi  ki, dövlətimizin qətiyyətli mövqeyi, xalqın iradəsi, beynəlxalq dəstəyin artması fonunda  Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.   

2003-cü ildən başlanan Böyük Yolun davamı ulu öndər Heydər Əliyevin daim böyük inamla torpaqlarımızın işğaldan azad olunacağı günlə bağlı fikirlərinin reallaqda öz əksini tapmasını şərtləndirdi. Dövrün və zamanın tələblərinə uyğun olaraq təkmilləşmə, islahatlar  qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verdi. Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan kimi dünyaya təqdim olundu. Ümummilli Liderin möhkəm təməl üzərində formalaşdırdığı siyasət Azərbaycana bugünkü uğurları qazandırdı.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirimiş ifadəsi bugünkü Zəfər sevincimizdir.

Yeganə Əliyeva, “İki sahil”