07 dekabr 2020 17:11
1074

Xüsusi Sessiya Qoşulmama Hərəkatına  üzv dövlətlərin həmrəylik nümunəsidir

BMT Baş Assambleyasının COVID -19-la  mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasında çıxış edən Prezident İlham Əliyev bildirdi ki,  qurumun  üzv dövlətləri   pandemiyadan  xilas olmaq üçün  strategiyaların və  vaksinin hazırlanması naminə  bütün çağırışları  dəstəkləyir.

 Ümumdünya Səhiyyə Təşkilatının  pandemiya adlandırdığı koronavirus, ona qarşı mübarizə tədbirləri, peyvəndlər haqqında fərqli mülahizələr səslənsə də, müxtəlif  dərman preparatlarının tətbiqi ilə  virusun aradan qaldırılmasına çalışanlar olsa da  vaksinin tapılması barədə  son sözü  söyləmək  tezdir. Hazırda başlıca məqsəd insanlar arasında  yoluxma hallarının qarşısını almaq,  ölümlərin sayını azaltmaqdır. Pandemiyanın ilk günlərindən koronavirusa qarşı  apardığı mübarizədə də multikulturalizm ənənələrinə sadiqliyini göstərən Azərbaycanın  başqa ölkələrə  yardımlarını dəstəkləyən  BMT, Ümumdünya  Səhiyyə Təşkilatı (ÜST) respublikamızda SOVID-19- əleyhinə  mübarizəni də nümunə göstərir. Həqiqət budur ki, qlobal  problem olan pandemiya bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb.

  Təhlükənin fəsadlarını azaltmaq üçün  həmrəyliyə xüsusi diqqət yetirməsini  «Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynamışdır. Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir» sözləri ilə bildirən Prezident İlham Əliyev  onu da qeyd edir ki, ölkələrarası qarşılıqlı iqtisadi, ticari  əlaqələr, idxal-ixrac əməliyyatları, nəqliyyat daşımaları da mühüm əhəmiyyətə  malikdir.

Müstəqillik qazandıqdan sonra dünya birliyində mövqeyi möhkəmlənən Azərbaycanın  təşəbbüslərinin bütün dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi, ölkələrarası münasibətlərin,  çoxtərəfli  əməkdaşlıq formatının yaradılması  pandemiyaya qarşı mübarizədə də başlıca amildir.   Pandemiya dövründə belə  humanist təklifləri  ilə diqqət çəkən  Prezident İlham Əliyevin təşəbbüsu ilə    Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv dövlətlərin koronavirusa qarşı birgə mübarizə tədbirlərinin müzakirə olunduğu videoformatda keçirilən iclası, Təmas Qrupunun yaradılması və bu formatda BMT-nin Zirvə Görüşünün keçirilməsi təşəbbüsü  ölkəmizin humanitar siyasətinin   ifadəsidir. Zirvə Görüşünün  keçirilməsi ilə əlaqədar Bəyannamədə qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Pandemiya ilə  mübarizədə ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələrə xüsusi diqqət göstəriləcəyi də nəzərdə tutulur.

Bu il  sentyabr ayının 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində videoformatda keçirilən  BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri kimi  iki mərhələdə çıxış edən Prezident İlham Əliyev  bildirmişdir ki, dünya  xalqlarının üzləşdiyi  problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə  yer alan aktual məsələlərə ədalət  prinsipləri baxımından yanaşılması daha vacibdir.

 Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsi istiqamətində fəaliyyətini gücləndirən Qoşulmama Hərəkatı dünyanın nizamını pozan terrorçuluğa, separatizmə, milli və ərazi münaqişələrinin  alovlanmasına qarşı mübarizədə   BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.    O da vurğulandı ki, müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf  və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılması çox aktualdır.

Qoşulmama Hərəkatının  iclasında  «Bu gün davam edən COVID-19 pandemiyası multikulturalizmin əhəmiyyətini bir daha nümayiş etdirir» söyləyən Prezident İlham Əliyev  qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması prinsiplərinin yer aldığı Bandunq Prinsiplərinin əhəmiyyətini də diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu prinsiplər   BMT-yə üzv olan dövlətlərə meydana çıxmaqda davam edən çoxşaxəli çağırışlara ümumi baxışla və gücümüzü səfərbər etməklə necə cavab verəcəyimiz üzərində düşünməyə imkan yaradacaq.

Dekabrın 3-də  BMT  Baş Assambleyasının koronavirus xəstəliyi- COVID-19 ilə bağlı  mübarizəyə həsr edilən videokonfransında   Qoşulmama Hərəkatının sədri kimi çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki,  pandemiyaya qarşı Xüsusi Sessiyanın keçirilməsi təşkilata üzv dövlətlərin həmrəylik nümunəsidir. «2020-ci il ərzində  dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib, hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və bir milyondan çox insan həyatını itirib» söyləyən Prezident İlham Əliyev  pandemiyanın misli görünməmiş fəsadlarının aradan qaldırılmasına töhfə verən  Qoşulmama  Hərəkatına üzv dövlətlərin təşəbbüsünü bir daha diqqətə çatdıraraq bildirmişdir ki, bəşəri təhlükə olan  pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasına istinadı pandemiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın nümunəsidir. Beynəlxalq əməkdaşlığın təşviqini ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyinin qeyd olunduğu zaman  keçirilən Xüsusi Sessiya qlobal məsələlərə və  çoxtərəfli əməkdaşlığa verilən töhfədir. BMT Nizamnaməsinin və  «Dayanıqlı İnkişaf üzrə  2030 Gündəliyi»nin təməlində duran beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv  sadiqlik bu gün daha  aktualdır. Buna görə də COVID-19-a qarşı mübarizədə  birgə fəaliyyət  multikultural dəyərləri əks etdirən bərabərlik və həmrəyliyin təminatı baxımından zəruridir. «Pandemiya istər inkişaf etmiş, istərsə də  inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur» söyləyən Prezident İlham Əliyev bildirmişdir ki,  Qoşulmama Hərəkatı  böhranın davam edən fəsadlarının çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf  Məqsədlərinə nail olunması istiqamətində  tərəqqiyə mane olacağından narahatdır. Ədalətli və bərabərhüquqlu dünya nizamına  nail olmaq üçün mövcud fundamental problemlərin artmasına səbəb olan pandemiyaya qarşı beynəlxalq  mübarizə  Hərəkata daxil olan üzv dövlətləri  bütün ölkələrin dərman, vaksin, tibbi avadanlıqlarla maneəsiz təminatına üstünlük verilməsi təşəbbüsünü dəstəkləyir, ÜST-ünsss əlaqələndirmə səylərini yüksək qiymətləndirir.

 Xüsusi Sessiya beynəlxalq əməkdaşlıq və multikulturalizmə sadiqliyə,  özünü doğruldan təcrübələrin geniş tətbiqinə yeni imkanlar yaratdı, vəzifələri müəyyənləşdirdi.   Qoşulmama Hərəkatına daxil olan dövlətlər COVID -19-un fəsadlarının insan hüquqlarına  hörmət əsasında aradan qaldırılmasında birlik və həmrəyliyin tərəfdarıdır və  pandemiyadan  xilas olmaq üçün  strategiyaların və  vaksinin hazırlanmasında  xidmət etmək üçün bütün çağırışları  dəstəkləyir.

Xuraman İsmayılqızı,

«İki sahil»