Müzəffər Azərbaycan Ordusunun Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad etməsi münasibətilə Azərbaycan xalqına müraciət edən, «CNN İnternational» televiziyasının «THE CONNECT WORLD» verilişinə, «Sky News» kanalına müsahibə verən Prezident İlham Əliyevin vurğuladığı kimi, əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirir, strateji yüksəkliklərdə bayraqlarımızı qaldıraraq, düşmən üzərində tam qələbəyə yaxınlaşırlar.
Sentyabrın 27-dən etibarən düşmənin 16 komanda məntəqəsi də daxil olmaqla xeyli canlı qüvvəsi, hərbi sursatı, döyüş texnikası məhv edilmiş və qənimət götürülmüşdür.«Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır» söyləyən Prezident İlham Əliyev bildirir ki, müharibənin dayandırılmasının yeganə yolu düşmənin torpaqlarımızdan çıxmasıdır. Dövlət başçımız eyni zamanda bildirir ki, bütün cəbhəboyu gedən döyüşlərdə iradəsini göstərən Azərbaycan haqq yolundan dönməyəcək, torpaqlarımız işğaldan azad olunacaq, ərazi bütövlüyümüz bərpa ediləcək. Azərbaycanın sonuncu şərti budur: «Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır.»
Amma Ermənistan hələ də işğalçılıq siyasətini davam etdirir. Dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, mülki əhalini hədəfə almayan Azərbaycanın əksinə olaraq məğlubiyyətə uğrayan erməni silahlıları təmas xəttindən çox-çox uzaqlarda yerləşən bölgələrimizi atəşə tutur. Düşmən tərəfindən intensiv atəşə məruz qalan Ağdamda, Füzulidə, Tərtərdə, Mingəçevirdə, Naftalanda yaşayış evləri də daxil olmaqla məktəblər, bağçalar, evlər, sosial obyektlər dağıdılıb. Mülki əhali arasında ölənlər var. «Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq, biz mülki vətəndaşları atəşə tutmuruq…Ona görə mən Azərbaycan xalqına üz tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik.
Çarəsiz qalaraq havadarlarından yardım istəyən, onlara yalvaran, çıxış yolu kimi Kremlə müraciət edən, Moskvada Azərbaycan- Rusiya-Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə aparılan üçtərəfli danışıqlarda yenə də məkrli siyasət yeridərək guya humanitar atəşkəsə razı olduğunu bildirən işğalçı az müddətdən sonra rəzilliyini, qəddarlığını, vədinə sadiq qalmadığını gecəyarısı Gəncəyə raket zərbələri endirməklə bildirdi. Status-kvonun, təmas xəttinin ləğv olunmasını özünün məhvi hesab edən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı erməni vandalizminin növbəti hiyləsidir. Bu hiyləgər gedişlərdən biri də Ermənistanın yaydığı Türkiyənin Azərbaycana hərbi dəstəyi ilə bağlı yalanlarıdır.
Müxtəlif telekanallara müsahibəsində də Ermənistanın yalanlarının əsassız olduğunu diqqətə çatdıran dövlət başçımız İlham Əliyev Türkiyə –Azərbaycan qardaşlığının sarsılmazlığından bəhs edərək, dost ölkənin Azərbaycana göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndirir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Fransa, Amerika Birləşmiş Ştatları və Rusiyanın münaqişədə tutduğu birtərəfli mövqe isə ikili standartların təzahürüdür. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni dəfələrlə atəşə məruz qoyan Ermənistanın vandallığına münasibət bildirməyən «üçlüyün» mülki əhalinin qətlə yetirilməsini sükutla qarşılaması işğalçıya açıq-aşkar dəstəkdir.
Gecə saatlarında şəhəri atəşə tutan ermənilərin hədəfə aldığı çoxmənzilli yaşayış binasının dağıdılması nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Erməni vəhşiliyinin qurbanları arasında uşaqların və qadınların olması Xocalı soyqırımını törədən ermənilərin vəhşiliyini bir daha təsdiqlədi. Çox təəssüf ki, Xocalı soyqırımını törədən Ermənistanın qəddarlığını səssizcə müşahidə edən, faşist xislətli ermənilərə təsir və təzyiq göstərməyən qüdrətli dövlətlər Gəncə hadisələrinə də biganə yanaşırlar. Otuz ildir torpaqları Ermənistanın işğalı altında qalan Azərbaycanın haqq səsini eşitməyən, qəbul etdikləri qətnamələrin icra mexanizmi, taleyi ilə maraqlanmayan erməni havadarları indi xilaskar cildinə girərək müharibənin dayandırılmasını tələb edirlər. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı qələbədən məyus olan, 1994 –cü ildən kağız üzərində olsa da, atəşkəsin kəsilməsi ilə maraqlanmayan erməni havadarları indi «atəşkəs»i tələb edirlər. Ermənistan silahlılarının qurbanları olan azərbaycanlıların taleyi ilə maraqlanmayan ATƏT-in Minsk qrupunun dövlətləri biri-birinin ardınca bəyanat verərək erməniləri dəstəklədiklərini rəsmi surətdə bildirirlər.
Gəncədə baş verən dağıntıları, insanların, atəş səsindən vahimələnən uşaqların təlaş və iztirablarını müşahidə edən xarici ölkə jurnalistlərinin açıqlamalarına əhəmiyyət verməyən ermənilərdən betər erməni havadarları daşnaklar tərəfindən öldürülən azərbaycanlıların qətlini görməzdən gələrək əksinə işğalçının silahlandırılmasına yardım göstərirlər. Humanitar atəşkəs adı ilə Ermənistana silah-sursat daşınması təmin edilir, işğalçının müdafiəsini möhkəmləndirilməsinə çalışırlar. İllərdən bəri işğalçını dəstəkləyən, ikili standartlara belə krizis zamanında da sadiq qalan Minsk qrupunun həmsədr ölkələrinin başçıları görünür insanlıq qanunlarından xəbərsizdirlər.
Ötən il Parisin küçələrini barrikadaya çevirən «sarı jiletlilər»ə qarşı amansız rəftarı ilə seçilən Fransanın prezidenti Emmanuel Makronun erməni sevgisinin arxasında faşistlərə aid genosid, qana hərislik xisləti dayanır. Azərbaycanın öz torpaqları uğrunda mübarizəsini Ermənistana təcavüz kimi qələmə verən həmin dəstəkçilər əsl həqiqəti bilsələr də, öz maraqları naminə tarixi həqiqətlərin üstündən xətt çəkirlər. Nəticədə isə beynəlxalq hüquq tapdalanır. Müharibə qaydalarına görə müqavimət göstərməyən dinc əhaliyə qarşı silahlı müdaxilə yol verilməzdir. Ermənilərin hədəfə aldıqları ərazilər cəbhə bölgəsindən xeyli uzaqda yerləşir və mülki əhalinin onlarla təmasda olması qeyri-mümkündür. Həmişə işğalçını dəstəkləyən, Azərbaycan Ordusu qarşısında məğlub olan Ermənistanın gücsüzlüyündən məyus olan «superlər» hər vasitə ilə təcavüzkara hərbi yardım göstərməyə yol tapırlar. «Humanitar atəşkəs» bəhanəsi ilə Ermənistana əlavə silah-sursatla yardım edən Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu unudaraq, siyasətində birtərəfli mövqe nümayiş etdirərək, Ermənistana döyüşmək üçün «nəfəslik» açdı. Halbuki Minsk qrupuna daxil olan hər üç dövlətin Ermənistanı dəstəkləməsi, birtərəfli münasibət göstərməsi faktiki olaraq bu qrupu səlahiyyətsiz edir.
«Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik… Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan haqq yolundadır. Azərbaycan qalib gələn, zəfər çalan ölkə olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»
Cənubi Qafqazın gələcəyi Azərbaycanın formalaşdırdığı yeni reallıqlar əsasında müəyyənləşir