09 oktyabr 2020 18:41
1639

Biz başqa ölkələrin əlində alət olmamışıq və olmayacağıq

Dövlətimizin başçısı İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində bir daha bildirmişdir ki, 
Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətlidir

Dövlətimizin başçısı İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsində sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli əks-hücum əməliyyatlarının bu günə qədər ölkəmizə qarşı  sosial mediada aparılan qərəzli təbliğata münasibətini belə ifadə etmişdir ki,  bizə qarşı qara təbliğat uzun illər ərzində aparılır. Azərbaycan müstəqil siyasət həyata keçirən dövlətdir. Bu, hər sahədə atılan addımlardan aydın görünür. Dövlət maraqları hər şeydən öndə saxlanılır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq Azərbaycan bütün dövlətlərlə əlaqələri  bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında qurur.  «Biz başqa ölkələrin əlində alət olmamışıq, olmaq da istəmirik və olmayacağıq» söyləyən dövlətimizin başçısı İlham Əliyev  bildirir ki,  bütün bu uğurları  müstəqil siyasət sayəsində əldə etmişik: «Bu, bəzi ölkələrin xoşuna gəlmirdi, bəzi ölkələr Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancaq bizim qətiyyətli mövqeyimiz buna imkan vermədi. Ona görə bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik.»

Dövlətimizin başçısı İlham Əliyev daim   uğurlar fonunda bu reallığı da xüsusi qeyd edir ki,  möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, yol, perspektivə işıq salan hədəflər uğurların davamlılığını şərtləndirir. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycanın ilk müstəqillik illərini, yəni 1991-1993-cü ilin iyununadək  olan dövrü bir kənara qoysaq, 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan  yol ölkəmizə yalnız və yalnız uğurlar qazandırmış, Azərbaycan xalqı  öz təbii sərvətlərinin əsl sahibinə çevrilib.

29 illik müstəqillik tarxinə malik olan Azərbaycana hansı sahədən baxsaq yalnız və yalnız davamlı uğurların şahidi olarıq. «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisini həyata keçirdiyi siyasətin önündə saxlayan ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi uzaqgörən siyasətinin göstəricisidir. Ölkəmizi 1991-1993-cü illərin xaosundan, anarxiyasından, iqtisadi böhranından çıxaran ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də  «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu.  Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Yeni-yeni sazişlərin imzalanmasına, layihələrin gündəmə gətirilməsinə və icrasına geniş yol açdı.  «Əsrin müqaviləsi»nin 23 illiyi ərəfəsində «Yeni əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən  mövqeyinin təqdimatı oldu.   Dövlətimizin başçısı İlham Əliyev «Əsrin kontraktı»nın uzadılmasının, yeni kontraktın imzalanmasının tarixi hadisə olduğunu önə çəkərək  BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışının,  TANAP-ın istifadəyə verilməsinin, TAP-ın isə cari ilin sonunadək istismara buraxılmasının nəzərdə tutulmasının  əsas məqsədinin  ölkəmizi gücləndirmək olduğunu xüsusi qeyd edir:  «Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi. Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib.»

Ulu öndər Heydər Əliyevin böyuk uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə iqtisadi və maliyyə imkanlarını genişləndirən ölkəmizin  digər sahələrdə də əldə etdiyi göstəricilər diqqətçəkəndir.   «Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik» söyləyən cənab İlham Əliyev belə bir sualla müraciət edir:  Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, neft gəlirləri düzgün istiqamətləndirilir, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində də biri-birindən mühüm addımlar atılır. Bir məqamı xüsusi qeyd etməliyik ki, dövlət büdcəmizdən  ayrılmalarda əsas yeri müdafiə xərcləri, sonra isə təhsil xərcləri tutur.  Müharibə şəraitində yaşayan ölkə olaraq ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi prioritetdir. Məhz bu istiqamətdə atılan addımların, eyni zamanda, ordumuzun gücünün, qüdrətinin nəticəsidir ki,  böyük inam və  qətiyyətlə bildiririk ki,  Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı işğaldan tam azad etmək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri, eyni zamanda, bu ilin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin  Tovuz istiqamətində  erməni silahlı qüvvələrinin  təxribatlarının qarşısının qətiyyətlə alınması, sentyabrın 27-dən bu günədək Azərbaycan Ordusunun əks-hücum əməliyyatları  deyilənlərin təsdiqidir. Bu gün cəbhə bölgələrimizdən gələn qələbə xəbərləri Ordumuzun gücünü, qüdrətini, döyüş ruhunu bir daha işğalçı dövlətə və onun havadarlarına çatdırır.

Bu gün Azərbaycan bütün sahələrdə inkişaf və tərəqqi dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyev bildirir:  «Müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.»

İqtisadi və siyasi islahatların vəhdətliyinin yüksək səviyyədə təmin edilməsi davamlı inkişafı şərtləndirən əsas amillərdir. Demokratikləşmə dövlətimizin siyasətində sadəcə bir şüar, niyyət deyil, hərtərəfli inkişaf üçün əsasdır. İlk gündən demokratiya yolunu tutan Azərbaycan bu istiqamətdə  mühüm uğurlara imza atıb.  Ölkəmizin    qazandığı uğurların miqyasının genişliyi müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsindən də aydın görünür. Hər sahədə malik olduğu təcrübəni təqdim etmək imkanları qazanan Azərbaycan bu reallığı da ortaya qoyur ki, Şərqlə Qərbin qovuşuğunda yerləşməklə ölkələr, xalqlar arasında dostluq körpüsünün günbəgün möhkəmlənməsinə davamlı töhfələr verir. İnsan hüquqlarının qorunması, söz və mətbuat azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və s kimi amillər demokratiyanın əsası kimi ölkəmizdə bərqərar olunub.  Cənab İlham Əliyev çıxışlarında daim bildirir ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində  qazandığı uğurları təhlil etmək gündəlik işimiz olmalıdır.

Bu fakt inkaredilməzdir ki, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  arxada qalan hər il əvvəlki ildən daha möhtəşəm uğurlarla tarixə yazılır.     Dövlətimizin başçısı hər çıxışında Azərbaycanın müstəqillik tarixində keçdiyi yola nəzər salaraq bu fikri bəyan edir ki, müstəqillik  atributlarla ölçülmür. Müstəqil olmaq müstəqil siyasət yürütməkdir. Azərbaycan hər sahədə atdığı addımları ilə müstəqil dövlət olduğunu və müstəqil siyasət həyata keçirdiyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin   “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində söylədiyi bu əminliyi bir daha xatırlatmaq istərdik ki,   “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”. Əminik ki, o gün uzaqda deyil.

Yeganə Əliyeva, «İki sahil»