08 oktyabr 2020 18:36
1724

Prezident İlham Əliyev: Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan

“Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Düşünürəm ki, bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına müsahibəsində söyləyib.

Məlum olduğu kimi, Ermənistanın törətdiyi ardıcıl məkrli təxribatlardan sonra Azərbaycan Ordusu atəşkəs razılaşmasından bəri bu miqyasda ilk və həlledici görünən hərbi əks-həmlə əməliyyatlarına başladı. Azərbaycanın apardığı mübarizə cənab Prezidentimizin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz Azərbaycandır.

Nikol Paşinyanın istər işğal zonasında qanunsuz apardığı məskunlaşdırma siyasəti, istərsə də ATƏT-in qüvvədə olan danışıqlar formatını dəyişdirmək cəhdləri ilə bu təxribatlar daha geniş miqyas almışdır. Bütün bunlar azmış kimi işğalçı ölkə rəhbərliyi Ermənistan Təhlükəsizlik Şurasının iclaslarını Xankəndidə keçirmək, Dağlıq Qarabağın oyuncaq “prezident seçkilərinin nəticələrinin” Şuşada bayram edilməsinə rəvac verərək, qondarma “Dağlıq Qarabağ respublikası” “parlamentini” Xankəndidən Şuşaya köçürmək kimi avantüraları ilə özünü dönə-dönə rəzil duruma salır, necə gülünc əqidə sahibi olmasını sübuta yetirirdi. Silahlı təcavüz törədən, yeni ərazi xülyalarına düşən, kiminsə kölgəsindən dövlətimizi təhdid edən Paşinyan və dəstəsi bu son təxribatları ilə, səsləndirdiyi “7 şərt”lə  müharibə toxumlarının cücərməsinə səbəb oldu.

İşğalçı Ermənistan ordusu sentyabrın 27-də genişmiqyaslı təxribatlara başlayanda bəlkə də bu ölkənin siyasi rəhbərliyi düşünmürdü ki, Azərbaycan Ordusunun əks-həmlələri qarşısında aciz qalacaq, növbəti döyüş əməliyyatları nəticəsində darmadağın olacaqlar. Görünür, işğalçı ölkənin rəhbərliyi Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olmasına hələ də  inana bilmir. Əgər belə olmasaydı, genişmiqyaslı hücuma başlamazdı. Axı, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt və 2020- ci ilin Tovuz əməliyyatlarında təcavüzkarlar Azərbaycan Ordusunun qüdrətini görmüşdülər. Bu hərbi əməliyyatlar təcavüzkar dövlətə və onun səriştəsiz rəhbərliyinə dərs olmalı idi. Amma… Paşinyan baş verənlərdən nəticə çıxarmaq əvəzinə, populizmlə reytinq göstəricilərini sabitləşdirməyin qayğısına qaldı.

 “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqlar işğal etməyə hazırlaşdıqlarını açıqlayan Nikol Paşinyan və onun hakimiyyəti hazırda beynəlxalq ictimaiyyətdən yardım dilənir. Lakin artıq dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar da Nikol Paşinyanın və hakimiyyətinin yalanlarından beziblər. Ermənistan vətəndaş qarşıdurması və  iqtisadi,  hərbi və siyasi iflas ərəfəsindədir. Bu xalq növbəti dəfə xəyanət etdiyi ənənəvi müttəfiqlərini də itirir, ölkə beynəlxalq aləmdən təcrid olunma, əhalinin köçü artır, iqtisadiyyat çökür. Lakin dövlət kimi süqut edən Ermənistanın siyasi rəhbərliyi yenə də haqq yolunu tutmur. Ermənistan rəhbərliyinin müharibə əxlaqına zidd hərbi cinayətləri, müxtəlif ölkələrin başçılarına isterik zəngləri, çılğın ianə və hərbi yardım axtarışları, absurd mülahizələri, cəfəng və sərsəm bəyanatları, qadın və qocaları cəbhəyə göndərməsi əbəsdir. Ordumuzun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən düşmən əsgərləri geri çəkilərək döyüş mövqelərini qoyub qaçmaqdadırlar. Bununla yanaşı, düşmən döyüşdə uduzduğunu anladığına görə təxribatlara əl atır.  Erməni tərəfi yalan xəbərlər yaratmaqla öz ərazi bütövlüyünün bərpası vəzifəsini şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmağa, həmçinin münaqişənin genişləndiyi və ona “üçüncü ölkələrin qoşulduğu” barədə  absurd fikirlər formalaşdırmağa çalışır.

Hazırkı döyüşlərdə bir daha ermənilərin faşist mahiyyəti özünü qabarıq büruzə verir. İşğalçı ölkənin silahlı qüvvələri tərəfindən  ağır artilleriyadan dinc sakinlərə atəş açılır, evlər dağıdılır, infrastruktura ziyan vurulur,  çox sayda vətəndaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilir. Hərbi meydanda uğursuzluğa düçar olan Ermənistan təcavüzkar siyasətindən nəticə çıxarmaq əvəzinə quduzlaşır. Ermənistan ordusunun Bakı ətrafına, Gəncə, Mingəçevir başda olmaqla iri şəhər mərkəzlərinə, mülki əhalinin sıx olduğu yerlərə, yaşayış binalarına raket atması erməni vandalizminin əyani təzahürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına verdiyi müsahibədə də bu barədə danışaraq deyib ki, bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. İyul ayında Ermənistan–Azərbaycan sərhədində ermənilər tərəfindən başlanan qarşıdurmalar nəticəsində Azərbaycan Ordusu Ermənistan torpağına keçmədi, halbuki bunu edə bilərdi. İşğalçılara çox güclü zərbələr endirildi və onlar geri çəkildi. Ermənistan isə bu gün Azərbaycana müharibənin getdiyi Qarabağ torpaqlarından deyil, öz ərazisindən hücum edir: “Gəncəyə zərbələr Ermənistan ərazisindən vuruldu, Mingəçevirə zərbələr vuruldu. Bizim orada böyük stansiyamız var. Mərmilərdən biri stansiyanın yanına düşdü. Doğrudur, onların mərmiləri elə mərmilərdir ki,– siz mühümmat deyirsiniz mərmilərə,– onların bəziləri partlamadı. Bəzilərini isə bizim hava hücumundan müdafiə qurğularımız havada məhv etdi. Onlar bizi bu təxribata çəkirlər ki, biz də Ermənistana hücum edək, Ermənistana zərbələr endirək. Ondan sonra da çıxıb bütün dünyaya desinlər ki, Azərbaycan bizə hücum edir, gəlin Ermənistanı xilas edin”.

Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu cür sarsaq sayıqlamalara laqeyd yanaşır. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən Ermənistan hazırda mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törədir. Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanandan Fransa prezidentinin mövqeyi və bəyanatları bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına tamamilə ziddir. E.Makron ölkəsinin neytral vasitəçilik missiyasının tələblərini kobudcasına pozaraq təcavüzkar Ermənistanı birmənalı şəkildə müdafiə edir. Eləcə də özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən “Amnesty International” təşkilatının döyüşlər barəsindəki açıqlaması bu qurumun nə qədər saxtakar, riyakar, qərəzli olduğunu bir daha təsdilqlədi. İkili standartlardan əl çəkməyən, erməni lobbisinin əlində oyuncağa çevrilən, yalnız Azərbaycan əleyhinə sifarişli bəyanatlar yaymaqla məşğul olan “Amnesty International”ın “Azərbaycan qadağan olunmuş silahlardan istifadə edir” kimi yalan məlumatı ilə əslində, könül bulandırmaq istəyir. Halbuki, Fransa prezidenti kimi bu təşkilata da bəllidir ki, Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur.  Region dövlətləri də Azərbaycanın haqq işini tam dəstəkləməli, terrorçu Ermənistana təzyiq göstərməklə onun neytrallaşdırılmasına nail olmalıdırlar. Regionda sülhü və təhlükəsizliyi təmin etməyin yeganə yolu, məhz budur.

Hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur. Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni qələbələrə ruhlandırır. Hamı inanır, əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Azərbaycan Ordusunun düşmənə güclü zərbələri işğalçı ölkənin baş nazirini ciddi qorxuya salıb. O, Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduğunu bildirib. Bunun cavabını isə Prezident İlham Əliyev hələ oktyabrın 4-də əhaliyə müraciətində vermişdi: “Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki, indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma, hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.

Yaqut Ağaşahqızı,”İki sahil”