25 sentyabr 2026 23:50
137

Stokholmda Anım Günü qeyd edilib

Sentyabrın 25-də Azərbaycanın İsveçdəki səfirliyində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və icma üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın İsveçdəki səfiri Elnur Sultanov çıxış edərək 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən danışıb. Səfir Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tariximizdə mühüm yer tutduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən, sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi Vətən uğrunda canlarından keçmiş şəhidlərə dərin ehtiramın ifadəsidir. Elnur Sultanov çıxışında 44 günlük Vətən müharibəsinin həlledici məqamlarından, o cümlədən “Dəmir yumruq” əməliyyatından, xalq-dövlət-ordu birliyindən, Zəfərin yaddaşlarda yaşadılması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsindən söz açıb. O, Azərbaycanın dövlət suverenliyinin tam bərpasından sonra regionda yaranmış yeni siyasi reallıqlara da toxunub. Səfir Vətən müharibəsi dövründə İsveçdə yaşayan azərbaycanlıların və diaspor təşkilatlarının fəaliyyətinə də diqqət çəkib. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında diasporun rolunun əhəmiyyətini vurğulayıb.

Sonra Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimi çıxış edib. O, Vətən müharibəsi dövründə İsveçdəki Azərbaycan diasporunun fəaliyyətindən danışıb, şəhidlərin əziz xatirəsinin İsveçdə yaşayan soydaşlarımızın qəlbində daim yaşadığını bildirib. Ayda Əmir Haşimi Azərbaycanın haqq işinə soydaşlarımızın daim dəstək verdiyini və bu istiqamətdə səylərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Tədbirdə 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb.