Azərbaycanın Latviyadakı səfirliyində 27 Sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva altı il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsinin başlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib. O, torpaqlarımızın erməni işğalından azad olunmasında fədakarlıq göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını ifadə edib. N.Mustafayeva bildirib ki, Vətəndən uzaqda yaşayan azərbaycanlılar dövlətimizin həqiqətlərini yaşatmalı, milli yaddaşımızı qorumalı və gələcək nəsillərə ötürməlidirlər. O, həmçinin şəhidlərimizin bizə əmanət qoyduğu Vətən sevgisini və birlik ruhunu hər zaman uca tutmağın vacibliyini vurğulayıb.
Daha sonra Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin caz bölməsinin rəhbəri, tanınmış akkordeon ifaçısı, həmyerlimiz Rüstəm Bağırov, ifaçı Leyla Əliyeva və latviyalı musiqiçilər Azərbaycan xalq və bəstəkar kompozisiyalarından ibarət musiqi proqramını təqdim ediblər.
Tədbir zamanı, həmçinin səfirlikdə Vətən müharibəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.
Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Nazirlər mina təmizlənməsi sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər