Müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatında şöbə müdirinin müavini Eyvaz İsmayılovdur
- Eyvaz müəllim, ilk olaraq əmək pensiyası haqqında oxucularımızı məlumatlandırmağınızı istərdik. Ümumiyyətlə, əmək pensiyasının neçə növü var?
- Əmək pensiyası məcburi sosial sığortaya cəlb olunan şəxslərin əmək pensiyası təyin olunmazdan əvvəl aldıqları əmək haqqının və yaxud da həmin şəxsin ailə üzvlərinin itiridikləri gəlirlərinin pul kompensiyasiyası məqsədilə verilən aylıq ödənişdir. Əmək pensiyasının üç növü var: yaşa, əlilliyə və ailə başçısının itirlməsinə görə əmək pensiyası.
- Əmək pensiyasının tərkib hissələri nədən ibarətdir?
- Yaşa görə əmək pensiyasının tərkib hissəsi üç hissədən ibarətdir: baza, sığorta və yığım hissəsindən. Əlilliyə görə əmək pensiyası da üç hissədən ibarətdir: baza, sığorta və yığım hissəsi. Ailə başçısının itirilməsinə görə əmək pensiyası isə yalnız iki hissəsdən ibarətdir: baza və sığorta hissəsindən.
- Sığorta hissəsindən söhbət düşmüşkən, pensiyanın sığorta hissəsi necə artırılır?
- Bu günlərdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oldu. Əmək Məcəlləsinin 29-cu maddəsində qeyd olunur ki, pensiyaların sığorta hissəsi hər il əvvəlki ilə uyğun olaraq indeksləşəcək. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında son illərdə ölkə rəhbəri 11 Sərəncam imzalamışdır. Yanvarın 21-də imzalanan Sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsi 2016-cı ilin istehlak qiymətləri indeksinə uyğun olaraq, yəni 12,4 faizə uyğun olaraq indeksləşdirilərək artacaq. Bu artım bütün növ pensiyaların sığorta hissəsinin indeksləşdirilməsinə şamil olunacaq.
- Eyvaz müəllim, sözügedən Sərəncam təxminən neçə nəfərə şamil olunacaq?
- 2017-ci il 1 yanvar tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatda olan pensiyaçıların ümumi sayı 1 milyon 316 nəfər təşkil edir. Sərəncam pensiyaçıların 94 faizinə tətbiq olunacaq. Bu da 1 milyon 240 nəfər deməkdir. Yerdə qalan 76 min isə fərqli qaydada pensiya alan şəxslərdir. Onlar hərbi qulluqçular, dövlət qulluqçuları, prokurorlar, sabiq deputatlar, sabiq nazirlər və s. Bu kateqoriyadan olan şəxslərdə də baza, sığorta və qulluq stajına görə əlavələr var. Bu proses həmin kateqoriyadan olan şəxslərə də tətbiq ediləcək. Burada bir şərt var ki, həmin artımlar bu insanların qulluq stajından azaldılır, nəticədə həmin kateqoriyadan olan şəxslərin pensiyaları dəyişməz olaraq qalır. Həmin şəxslərin pensiyası onların əmək haqqları artanda artır.
- Ümumiyyətlə, ölkəmizdə pensiya yaşı neçə hesablanır?
- Kişilər üçün 63, qadınlar üçün isə 60 yaş nəzərdə tutulub. Bu şəxslər ən azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ əldə edə bilirlər. Bu, əlillərdə fərqlidir. Çünki əlillik baş verən dövrə qədər əmək qabiliyyəti üçün mütləq 4 ay sığorta stajı tələb olunur. Əmək Məcəlləsində qeyd olunur ki, 15 yaşına çatmış şəxslə əmək müqaviləsi bağlanıla bilər. Məsələn, əlillik 30 yaşında baş veribsə, bu halda 30 yaşdan çıxırıq 15 yaşı, yerdə qalan 15 il əmək qabiliyyətinin hər ili üçün 4 ay sığorta stajı tələb olunur. Yəni 30 yaşa qədər minimum 5 il sığorta stajı olmalıdır.
- Bəs güzəştli pensiya hüququ nədir?
- Əmək Məcəlləsində güzəştli pensiya hüququ haqqındı maddə var. Məsələn, yeraltı, iş şəraiti çətin olan işlərdə, mülki aviasiya və s. kimi gərgin işlərdə çalışan sığorta olunanlar daha erkən yaşda pensiya hüquq əldə edirlər. Məsələn, sığortalanan kişi 63 yaşda deyil, 57 yaşına çatanda pensiyaya çıxa bilir. Lakin şəxs 25 il stajının yarısını, yəni 12 il 6 ayını həmin işdə işləməlidir. Bu halda daha erkən yaşda pensiya hüququ əldə edilə bilir. Qadının 20 il stajı varsa və bu 20 ilin yarısını həmin zərərli işlərdə işləmişdirsə, həmin qadınlar 60 yaşda deyil, 52 yaşda əmək pensiyası hüququ əldə edirlər. Bundan əlavə qanunvericilikdə digər güzəştlər də nəzərdə tutulmuşdur. Məsələn, çoxuşaqlı qadınlar erkən yaşda pensiyaya çıxmaq hüququ əldə edirlər. Beş və ya daha artıq uşaq dünyaya gətirib, 8 yaşına qədər tərbiyə etmiş qadının 10 il sığorta stajı varsa, bu halda qadının hər uşağa görə bir il azaldıqlmaqla pensiya hüququ qazanır.
- Eyvaz müəllim, Sərəncamda müəyyən olunmuş artımları vətəndaşlar nə vaxt alacaqlar?
- Ümumiyyətlə, əmək pensiyaları hər ayın daxilində ödənilir. Bildiyiniz kimi, artıq yanvar ayının sonudur. Paytaxtda ayın ilk 10 günlüyündə ödənişlər həyata keçirilir. Digər bölgələrdə isə ödənişlər müəyyən qrafikə uyğun olaraq həyata keçirilir. Yanvar ayının sonunda isə artıq pensiyaların maliyyələşdirilməsi başa çatmışdır. Buna görə də fevral ayının pensiyasını maliyyələşdirən zaman bütün həmin 1 milyon 240 min nəfər pensiyaçı həm fevral ayının pensiyasının artımını həm də yanvar ayının fərqini alacaqlar. Çünki əhalinin çox hissəsi yanvarın 10-da köhnə sistemlə almışdı. Bu Sərəncam yanvarın 21-də imzalandığı üçün həmin pensiyaçılar fevral ayının pensiyasını artımla birlikdə alacaqlar.
- Məsələn, orta hesabla bir nəfər 300 manat pensiya alırsa, onun artımı necə hesablanır?
- Məsələn, vətəndaş yaşa görə pensiyaçıdır və dediyiniz kimi 300 manat pensiya alır və pensiyanın üzərinə heç bir əlavə gəlir hesablanmamışdır. Bildiyiniz kimi, Sərəncam yalnız əmək pensiyalarının sığorta hissələrinin indeksləşməsi haqqındadır. Ona görə də pensiyanın baza hissəsindən 110 manat çıxırıq. Yerdə qalır 190 manat. 190 manat 12,4 faiz artırılıb. Bu da təxminən 23 manat 56 qəpik edir. Deməli, həmin vətəndaşın pensiyasının sığorta hissəsi əvvəl 190 manat idi, 23 manat 56 qəpik artdı. Beləliklə, pensiyanın sığorta hissəsi 123 manat 56 qəpik təşkil etdi. Baza hissəsi dəyişməz olaraq qaldığı üçün 110 manat da bura əlavə olunur. Beləliklə, ümumi pensiya 323 manat 56 qəpik təşkil edəcəkdir.
Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova,
Vüsal Cahanov, “İki sahil”