24 noyabr 2026 19:14
82

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib

Noyabrın 24-də AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları elmi-təşkilati məsələlərlə tanış edib. 

“İki sahil” xəbər verir ki, akademik “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Baş nazirinin qərarını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər”  jurnalının 2027-ci il üçün birinci sayına məqalələrin yığılması ilə bağlı bölmə əməkdaşlarına müvafiq tapşırıqlar verib. 

AMEA Naxçıvan Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl AMEA Naxçıvan Bölməsinin elanına əsasən elmi tədqiqat müəssisələrində uyğun vəzifələrə seçkilərin keçirilməsinə hazırlığın vəziyyəti və cari məsələlər  barədə çıxış edərək bölmənin dərc olunmuş elanına əsasən elmi tədqiqat müəssisələrində uyğun vəzifələrə elektron qaydada ərizələrin təqdim edildiyini bildirib.  

AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsinə yeni işə götürülən böyük laborantların fərdi iş planlarının hazırlanması ilə bağlı çıxış edərək qeyd edib ki, bu plan laborantın yerinə yetirdiyi texniki, təşkilati və elmi işləri özündə əks etdirəcək.

İclas gündəlikdə duran məsələlərin müzakirəsi ilə yekunlaşıb.