24 noyabr 2026 17:30
112

Çinin Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə növbəti ianəsi

Çin Xalq Respublikası Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirir.

İanənin təqdim edilməsi ilə bağlı mərasim Ağdam şəhərində keçirilib.

Təqdimetmə mərasimindən əvvəl Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Lu Mey Ağdam rayonuna səfər çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Nəmirli kəndi ərazisində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları və Ağdam mobil bazasının maddi-texniki imkanları ilə tanış olub.  

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov səfirə mina probleminin miqyası, ərazilərdə aparılan işlər, tətbiq edilən müasir texnologiyalar və minatəmizləmə fəaliyyətinin mövcud vəziyyəti barədə ətraflı məlumat verib. Səfirin minatəmizləmə fəaliyyəti ilə bağlı sualları cavablandırılıb, o, bu sahədə həyata keçirilən tədbirlər və əldə olunan nəticələrlə yaxından maraqlanıb.

Səfir Lu Mey bildirib ki, Çin tərəfi uzun müddətdir humanitar minatəmizləmə sahəsində beynəlxalq yardım və əməkdaşlığın təşviqinə sadiqdir. Ötən ilin aprel ayında iki ölkə dövlət başçılarının şahidliyi ilə Çin və Azərbaycan arasında “Humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd iki ölkə arasında minatəmizləmə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyən edib. Səfir, Çin tərəfinin bu istiqamətdə əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Daha sonra Çin Xalq Respublikasının Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı sənədin təqdimetmə mərasimi keçirilib. Mərasimdə Çinin Azərbaycandakı səfiri Lu Mey və ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov iştirak ediblər.

Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını nəzərə alaraq, beynəlxalq tərəfdaşlar tərəfindən bu istiqamətdə göstərilən dəstəyin xüsusi əhəmiyyət daşıdığını və bu təşəbbüsün humanitar həmrəyliyin göstəricisi olduğunu vurğulayıb. O, Çin tərəfinə humanitar minatəmizləmə fəaliyyətinə verdiyi töhfəyə və Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. 

Göstərilən dəstək Azərbaycan və Çin arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın inkişafı, azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlardan təmizlənməsi istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.