23 noyabr 2026 19:58
164

Xarabalıqlardan dirçəlişə: Ağdamın ağrılı taleyi

2020-ci ildə cəmi 44 gün davam etmiş Vətən müharibəsi dövründə azad edilmiş tarixi ərazilərimizdən biri də Ağdam rayonu oldu. 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə imzaladıqları üçtərəfli bəyanata (əslində bu, Ermənistanın kapitulyasiya aktı kimi qəbul edilməlidir) əsasən, Ağdam rayonu 20 noyabradək Azərbaycana təhvil verilməli idi və noyabrın 20-də Azərbaycan xalqının illərlə gözlədiyi günlərdən biri yaşandı - Ağdam rayonunun işğal altında olan hissəsi azad edilərək Azərbaycana təhvil verildi.

Qeyd etmək lazımdır ki, 1993-cü il iyulun 23-də Ağdam rayonu ərazisinin 800 kvadrat kilometrdən çox hissəsi, yəni ümumi ərazisinin 70 faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Otuz ilə yaxın bir müddət ərzində beynəlxalq səviyyədə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi rəsmi olaraq dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatları tərəfindən tanınsa da və bu ərazilərin qeyd-şərtsiz boşaldılması haqqında qətnamələr qəbul edilsə də, heç bir şey dəyişməmiş, Ermənistan bu bədxah siyasətindən imtina etməmişdi. Azərbaycan dövləti dəfələrlə sülh və tolerantlıq nümayiş etdirərək son anadək bu məsələnin silah gücünə həll edilməsi tərəfdarı olmadığını, ancaq lazım gələrsə buna da qüdrəti çatacağını bəyan etmişdi.

Nəhayət, 2020-ci il sentyabr ayının 27-də Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etmək məsuliyyətini öz üzərinə götürdü və sözdə dediklərini konkret əməllərlə sübuta yetirdi: işğal edilmiş torpaqlarımızı müharibə yolu ilə, öz gücünə azad etdi. Ağdamın da Kəlbəcər və Laçın rayonları kimi, döyüşsüz azad edilməsinə nail olmaqla Azərbaycan hökuməti böyük insan tələfatının qarşısını almış oldu. Bu isə Azərbaycanın həm döyüş meydanında, həm də siyasi arenada qalib olduğunun sübutudur.

Azərbaycan apardığı bu ədalətli müharibə nəticəsində, sivil dünyada, eyni zamanda, vandalların da möhkəm yer tutduğunu bir daha nümayiş etdirmişdir. Işğal azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, Ağdam rayonunda da işğalçılar vəhşi xislətlərini gizlədə bilməmiş, daşı daş üstündə qoymamış, milli irsimizə, tarixi abidələrimizə qarşı əsl genosid aktları törətmişlər. Vandallar təkcə Ağdam rayonunda beş məscidi tamamilə məhv etmiş, daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə demişdir:“... Düşmənin dağıtdığı kəndləri … gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.

XX əsrdə dünya sivilizasiyasına qarşı belə cinayətlər cəzasız qalmamalıdır. Buna görə də erməni vəhşiliyini bütün dünyaya əyani şəkildə nümayiş etdirmək məqsədilə dünyanın müxtəlif ölkələrindən Qarabağ bölgəsinə jurnalistlər, diplomatik nümayəndəliklərin əməkdaşları dəvət edilmiş, ermənilərin törətdikləri vandalizm nəticəsində məhv edilmiş maddi və mədəni sərvətlərimiz haqqında reportajlar hazırlanmasına şərait yaradılmışdır. Təsadüfi deyildir ki, Ağdama səfər etmiş xarici və yerli jurnalistlər buranı Qafqazın Xirosiması adlandırmışlar. Dünyanın ən bağışlanmaz və tarixdə silinməz iz qoymuş faciəsi - nüvə silahının nəticəsi ilə edilən müqayisə torpaqlarımızda törədilmiş vəhşiliyin son həddinin etirafıdır.

Bu gün Ağdam artıq yalnız dağıntıları və ağrılı keçmişi ilə deyil, həm də böyük quruculuq və dirçəliş prosesi ilə diqqət çəkir. İşğal dövründə yerlə-yeksan edilmiş şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, müasir infrastruktur yaradılır, yollar, yaşayış kompleksləri, məktəblər, sosial və mədəniyyət obyektləri inşa olunur. Ağdam Sənaye Parkının fəaliyyəti, Ağdamın Baş planına uyğun şəhərsalma layihələrinin həyata keçirilməsi, tarixi və dini abidələrin bərpası bu torpaqlarda həyatın yenidən canlanmasının bariz nümunəsidir. Bütün bu proseslər Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, rəhbərliyi və Qarabağın dirçəldilməsini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirməsi nəticəsində gerçəkləşir. Vaxtilə Qafqazın Xirosiması adlandırılan Ağdam bu gün Azərbaycanın quruculuq əzminin, milli iradəsinin və Böyük Qayıdışın rəmzinə çevrilir.

Üliyyə Ağayeva,

Milli Məclisin deputatı