Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında mövcud olan çoxşaxəli münasibətlərin, xüsusilə humanitar, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də xalqlarımız arasında qarşılıqlı hörmətə, dostluğa və mənəvi yaxınlığa əsaslanır.
Azərbaycan ilə Vyetnam arasında dostluq əlaqələrinin təxminən 70 illik tarixi vardır. Bu münasibətlərin təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuşdur. Əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin də müstəsna xidmətləri olmuşdur. Onun 1983-cü ildə Vyetnama səfəri zamanı əldə edilən razılaşmalar iki ölkə arasında uzunmüddətli əməkdaşlığın inkişafına mühüm təkan vermişdir. Bu tarixi ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq vurğulamışdır ki, qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Bu fikir iki xalq arasında münasibətlərin mahiyyətini ifadə etməklə yanaşı, humanitar əməkdaşlığın dövlətlərarası əlaqələrdə nə qədər mühüm yer tutduğunu göstərir.
Təhsil sahəsində Azərbaycan-Vyetnam əməkdaşlığının zəngin ənənələri mövcuddur. Dövlət başçısının qeyd etdiyi kimi, hələ sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil almış, burada qazandıqları bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəltmişlər. Bu məzunlar iki xalq arasında dostluğun canlı daşıyıcılarına çevrilmiş, ölkələrimiz arasında elmi və mədəni əlaqələrin genişlənməsinə töhfə vermişlər.
Bu gün də ali təhsil müəssisələri arasında tərəfdaşlıq əlaqələri genişlənir. Universitetlər arasında imzalanan əməkdaşlıq müqavilələri və memorandumlar tələbə və müəllim mübadiləsi, elmi tədqiqatlar və birgə layihələr üçün yeni imkanlar yaradır. Vyetnam vətəndaşlarının Qoşulmama Hərəkatına üzv dövlətlər üçün yaradılmış təhsil qrantı proqramlarından yararlanmaq imkanları da bu istiqamətdə atılan mühüm addımlardandır.
Azərbaycan ilə Vyetnam arasındakı dostluğun rəmzi hadisələrindən biri də 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması olmuşdur. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə keçirilən bu tədbir xalqlarımızın ortaq tarixinə və qarşılıqlı ehtiramına verilən yüksək qiymətin ifadəsidir.
Mədəniyyət sahəsində əməkdaşlıq da bu münasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günlərinin keçirilməsi xalqlarımızın milli-mənəvi dəyərlərinin, incəsənətinin və mədəni irsinin qarşılıqlı tanıdılmasına xidmət edir. 2026-cı ildə bu təşəbbüs yeni mərhələyə yüksəlmiş, dördüncü Vyetnam Günləri festivalı ilk dəfə Bakı ilə yanaşı, Qəbələ şəhərini də əhatə etmişdir. Bu cür tədbirlər xalqlar arasında ünsiyyəti genişləndirir, qarşılıqlı marağı artırır və dostluq münasibətlərini daha da möhkəmləndirir.
Digər mühüm mədəni hadisə məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşr olunmasıdır. Ədəbiyyat xalqların mənəvi dünyasını, düşüncə tərzini və milli xüsusiyyətlərini tanıdan ən təsirli vasitələrdən biridir. Belə nəşrlər Azərbaycan oxucularına Vyetnam ədəbiyyatını daha yaxından tanımaq imkanı yaradır.
Azərbaycan-Vyetnam mədəni əlaqələrinin tarixi kökləri də olduqca zəngindir. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası” iki xalqın mədəni yaxınlığının musiqi ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Tanınmış kinorejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti, yerli kino sənətinin inkişafına verdiyi töhfələr də bu dostluğun mədəni salnaməsində mühüm yer tutur.
Humanitar əməkdaşlığın genişlənməsində Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi təhsil və sosial layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə verdiyi dəstək Azərbaycan xalqının humanizm və xeyirxahlıq ənənələrinin beynəlxalq miqyasda təzahürüdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı keçirilən görüşlər və Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi də bu əlaqələrin inkişafına mühüm töhfə vermişdir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı etimad, dostluq və mənəvi dəyərlər üzərində inkişaf edir. Mədəniyyət və təhsil sahələrində əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, gələcək nəsillər arasında dostluq münasibətlərinin formalaşmasına zəmin yaradır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan-Vyetnam əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarşılıqlı mədəni fəaliyyətin təhsil əlaqələrini ahəngdar şəkildə tamamlaması isə bu tərəfdaşlığın humanitar əsaslarını daha da möhkəmləndirir. Bu dostluq gələcəkdə də yeni layihələr, birgə təşəbbüslər və uğurlu əməkdaşlıq nümunələri ilə zənginləşəcəkdir.
Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri