23 noyabr 2026 20:14
136

Azərbaycan–Vyetnam: humanitar və mədəni əlaqələr inkişaf edir

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq ənənələri, qarşılıqlı hörmət və etimad üzərində formalaşıb. Ötən əsrin ortalarından başlayan bu əlaqələr zaman keçdikcə yeni məzmun qazanaraq siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişlənməsi ilə müşayiət olunub. Xüsusilə 2025-ci ilin mayında iki ölkə arasında strateji tərəfdaşlığın qurulması münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu mərhələnin mühüm xüsusiyyətlərindən biri əməkdaşlığın yalnız siyasi və iqtisadi istiqamətlərlə məhdudlaşmaması, elm, təhsil, xeyriyyəçilik və mədəniyyət sahələrini də əhatə etməsidir.

Azərbaycan–Vyetnam münasibətlərinin humanitar ölçüsü təsadüfi xarakter daşımır. Bu əlaqələrin arxasında xalqların bir-birinə dəstək göstərdiyi, bilik və təcrübə mübadiləsi apardığı zəngin tarixi təcrübə dayanır. Məhz həmin irsin qorunması və müasir dövrün imkanlarına uyğun inkişaf etdirilməsi iki ölkə arasında dostluğun gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsləri Azərbaycanın humanizm, sosial məsuliyyət və beynəlxalq həmrəylik prinsiplərinə əsaslanan fəaliyyətinin konkret nümunələridir. 2018-ci ildə Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin inşa edilməsi təhsilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş mühüm layihələrdən biri olub. Belə təşəbbüslər göstərir ki, Azərbaycan–Vyetnam əməkdaşlığı yalnız diplomatik münasibətlər səviyyəsində deyil, insanların gündəlik həyatına toxunan konkret fəaliyyətlər müstəvisində də inkişaf edir.

Azərbaycanın Vyetnamla münasibətlərində elm və təhsil sahəsinin xüsusi yeri isə daha dərin tarixi köklərə malikdir. Sovet dövründə Azərbaycanda təxminən 5 min vyetnamlı tələbənin təhsil alması bu əlaqələrin miqyasını göstərən mühüm faktdır. Onların bir çoxu sonradan öz ölkələrində müxtəlif sahələr üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Azərbaycanda təhsil alan vyetnamlı gənclər burada yalnız peşə bilikləri əldə etməyib, eyni zamanda Azərbaycan cəmiyyətini, onun mədəniyyətini və həyat tərzini yaxından tanıyıblar. Sonradan Vyetnama qayıdan həmin şəxslər iki ölkə arasında özünəməxsus mənəvi körpü rolunu oynayıblar. 2015-ci ildə Hanoyda Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının yaradılması da bu tarixi əlaqələrin davam etdirilməsi baxımından əhəmiyyətli addım olub.

Müasir mərhələdə əsas məsələ formalaşmış bu ənənəni yeni imkanlarla zənginləşdirməkdir. Universitetlər arasında əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması və qarşılıqlı təqaüd proqramlarının genişləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə kənd təsərrüfatı, texnologiya, enerji, ətraf mühit, rəqəmsal inkişaf və iqtisadiyyat sahələrində elmi əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün praktiki nəticələr verə bilər. Çünki müasir dünyada dövlətlərin inkişaf imkanları getdikcə daha çox insan kapitalından, elmi potensialdan və innovasiyaların tətbiqindən asılıdır. Bu baxımdan təhsil sahəsində mövcud ənənələrin yeni elmi tərəfdaşlıq formatları ilə davam etdirilməsi strateji əhəmiyyət daşıyır.

İki ölkə arasında humanitar əlaqələrin digər mühüm istiqamətini mədəni əməkdaşlıq təşkil edir. Əgər təhsil əlaqələri xalqlar arasında intellektual yaxınlıq yaradırsa, mədəniyyət onların mənəvi dünyasını, tarixi yaddaşını və milli özünəməxsusluğunu qarşılıqlı şəkildə tanımağa imkan verir. Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin tarixi də kifayət qədər zəngindir.

Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Vyetnam süitası” əsərini yaratması bu əlaqələrin mədəniyyət müstəvisindəki erkən nümunələrindəndir. Digər mühüm məqam isə Azərbaycan kinematoqrafçısı Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti ilə bağlıdır. O, Vyetnamda milli kino məktəbinin formalaşmasına, yerli rejissor və aktyorların hazırlanmasına töhfə verib. Bu faktlar göstərir ki, Azərbaycan ilə Vyetnam arasında mədəni əməkdaşlıq son dövrün təşəbbüsü deyil, onilliklər ərzində formalaşmış yaradıcı münasibətlərin davamıdır.

Son illərdə keçirilən qarşılıqlı mədəni tədbirlər də həmin ənənəni yeni məzmunla zənginləşdirir. 2024-cü ildə Bakıda Vyetnam lideri Ho Şi Minin Azərbaycana səfərinin 65-ci ildönümü münasibətilə Vyetnam Günlərinin keçirilməsi və Vyetnamın tarixi mübarizəsinə həsr olunmuş “Əfsanə yaradanlar” filminin nümayişi bu baxımdan əhəmiyyətli hadisələrdir. 2026-cı ildə Vyetnam Günləri festivalının Bakı ilə yanaşı, Qəbələdə də keçirilməsi mədəni əməkdaşlığın coğrafiyasının genişləndiyini göstərir. Tanınmış vyetnamlı şair Mai Van Phanın “Sübh çağı” adlı şeirlər toplusunun Azərbaycanda nəşr olunması isə ədəbi əlaqələrin inkişafına verilən töhfədir.

Bu tədbirlərin əhəmiyyətini yalnız mədəniyyət nümunələrinin nümayişi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Onlar həm də qarşılıqlı marağın formalaşmasına, xalqların bir-birini daha dərindən tanımasına və mədəni müxtəlifliyə hörmətin güclənməsinə şərait yaradır. Mədəniyyət diplomatiyasının əsas üstünlüyü də məhz bundadır: o, rəsmi münasibətləri insanların gündəlik həyatına və mənəvi dünyasına yaxınlaşdırır.

Mədəni və təhsil əlaqələrinin inkişafı turizm sahəsində də yeni imkanlar yaradır. İnsanların bir ölkəni yalnız informasiya vasitələrindən deyil, şəxsi təcrübə əsasında tanıması qarşılıqlı təsəvvürlərin daha dolğun formalaşmasına kömək edir. Tarixi məkanlarla tanışlıq, milli mətbəxin, adət-ənənələrin və gündəlik həyatın öyrənilməsi xalqlar arasında yaxınlığı gücləndirir. Bu baxımdan birbaşa aviareyslərin açılması, turizm marşrutlarının genişləndirilməsi və qarşılıqlı səfərlərin təşviqi də humanitar əməkdaşlığın mühüm tərkib hissəsidir.

Beləliklə, Azərbaycan–Vyetnam münasibətlərinin humanitar istiqamətdə inkişafı uzun illər ərzində formalaşmış dostluğun müasir dövrün tələblərinə uyğun davam etdirilməsinin göstəricisidir. Xeyriyyəçilik sosial həmrəyliyi, elm və təhsil bilik və intellektual potensialı, mədəniyyət isə qarşılıqlı anlaşmanı və mənəvi yaxınlığı gücləndirir. Bu istiqamətlərin paralel inkişafı iki ölkə arasında strateji tərəfdaşlığın daha möhkəm təməl üzərində qurulmasına xidmət edir. Ən başlıcası, bu əməkdaşlıq yalnız bugünkü münasibətlərin inkişafına deyil, gələcək nəsillər arasında dostluq və etimadın qorunmasına da hesablanıb.

Cəlal Həsənli,
YAP Culfa rayon təşkilatının sədr müavini