Dağlar diyarı Lerik rayonunun Kələxan kəndində şəhid Əliqismət Mükafat oğlu Yaqublunun, Günəşli kəndində isə şəhid Vüqar Tumarxan oğlu Mövlanovun şəhadətə qovuşmalarının ildönümü ilə əlaqədar məzarları ziyarət olunub.
Tədbirlərdə Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev və təşkilatın əməkdaşları, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov və icra hakimiyyətinin əməkdaşları, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarət mərasimlərində şəhidlərimizin əziz xatirələrinə dərin ehtiram əlaməti olaraq məzarları üzərinə gül dəstələri düzülüb.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə adlarını qızıl hərflərlə yazdıran şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulur. Vətən torpağının müdafiəsi uğrunda canlarından keçən igid oğullarımızın fədakarlığı xalqımızın milli yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı bu gün yetişən gənc nəslə vətənpərvərlik, dövlətə sədaqət və torpağa bağlılıq nümunəsidir.
O da vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər şəhidlərimizin qanının yerdə qalmadığını, xalqımızın milli birliyini və dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. Bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində qazanıldı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü