Avropa Komissiyası (AK) Avropa İttifaqı ölkələrində sərnişin təyyarələrinin saxta bomba təhlükələri ilə üzləşməsi hallarının bir-biri ilə əlaqəli olub-olmadığını və bu insidentlərin arxasında kimin dayandığını hələ müəyyənləşdirməyib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının nəqliyyat məsələləri üzrə komissarı Apostolos Tsitsikostas “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, aviasiya insidentlərinin bir-biri ilə əlaqəli olub-olmadığı barədə danışmaq hələ tezdir və milli səviyyədə araşdırmalar davam etdirilir. Komissar baş verən hadisələri qəbuledilməz adlandırıb.
Tsitsikostas aviaşirkətləri insidentlərin qarşısının alınması və araşdırılması məqsədilə yerli hakimiyyət orqanları, polis və hava limanlarının administrasiyaları ilə sıx əməkdaşlığa çağırıb. O, Avropa Komissiyasının vəziyyəti diqqətlə izlədiyini və əsas prioritetin mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi olduğunu vurğulayıb.
TASS-ın topladığı məlumata görə, indiyədək Avropada bu qəbildən olan 13 insident qeydə alınıb. Üç mülki təyyarə Bolqarıstanda – ikisi Sofiyada, biri isə Plovdivdə, daha iki reys Avstriyanın paytaxtı Vyanada, digər təyyarələr isə Belçikanın Brüssel şəhərində, Fransanın Evre-Fovil hərbi bazasında, İtaliyanın Roma şəhərində və Rumıniyanın Buxarest şəhərində eniş edib.
Bundan başqa, Çexiya polisi Praqaya istiqamətlənən dörd təyyarənin göyərtəsində partlayıcı qurğunun ola biləcəyi barədə məlumatlar alıb. Təyyarələr təyinat hava limanına endikdən sonra yoxlanılıb, lakin heç bir partlayıcı qurğu aşkarlanmayıb.
Rumıniya və Belçika hakimiyyətləri də daxil olan təhlükə məlumatlarının təsdiqlənmədiyini bildiriblər. Bolqarıstan və İtaliyada isə təyyarələrin qarşılanması və müşayiət olunması üçün qırıcılar havaya qaldırılıb.