03 noyabr 2026 01:54
122

Fransada məhbusların sayı rekord həddə — 90,9 min nəfərə çatıb

Fransa həbsxanalarında məhbusların sayı 1 oktyabr 2026-cı il tarixinə 90,9 min nəfər təşkil edərək yenidən tarixi maksimuma çatıb.

“İki sahil” "Agence France-Presse"ə (AFP) istinadən xəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyinin məlumatlarında bildirilib.

Bir il ərzində məhbusların sayı 7,2% artdığı halda, cəzaçəkmə müəssisələrindəki yerlərin sayı cəmi 1,5% artaraq 63 452 olub.

Fransa həbsxanalarının ümumi doluluq səviyyəsi 143,3%-ə çatıb. Bununla yanaşı, məhkəmə qərarını gözləyən şəxslərin, eləcə də qısa müddətə azadlıqdan məhrum edilənlərin saxlanıldığı müəssisələrdə bu göstərici 178% təşkil edib.

AFP-nin məlumatına görə, Fransa Ədliyyə Nazirliyi tikintisi daha ucuz başa gələn modul tipli həbsxanalarda əlavə 3 min yer yaratmağı planlaşdırır. Onların yarısı artıq tikinti mərhələsindədir. İlk belə müəssisənin payızın sonunadək ölkənin şimal-şərqindəki Trua şəhərində açılması planlaşdırılır.

Bununla belə, 2018-ci ildə qəbul edilmiş planla nəzərdə tutulan 15 min əlavə yerdən indiyədək yalnız 8 mini yaradılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransada məhbusların saxlanma şəraitini dəfələrlə tənqid edib. 2023-cü ilin iyulunda məhkəmə həbsxanaların xroniki olaraq həddindən artıq dolmasına, qənaətbəxş olmayan saxlanma şəraitinə və vəziyyətin düzəldilməsi üçün effektiv tədbirlərin olmamasına diqqət çəkib.