Macarıstanda kommunist dövrünün xüsusi xidmət orqanlarına aid sənədlər noyabrın 4-də ictimaiyyətə açıqlanacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Peter Magyar “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, sənədlərin açıqlanması hakim “Tisza” Partiyasının əsas vədlərindən birinin yerinə yetirilməsidir.
Həmin gün fəaliyyətə başlayacaq nyitottaktak.hu saytı vasitəsilə istifadəçilər keçmiş dövlət təhlükəsizlik orqanlarının agent dosyelərinə baxa və onları yükləyə biləcəklər.
Qeyd edək ki, Macarıstan parlamenti sentyabr ayında arxiv sənədlərinə ictimai çıxışın genişləndirilməsini nəzərdə tutan qanunu qəbul edib. Yeni qaydalara əsasən, izlənilən şəxslər haqqında məlumat toplamış agentlərin və dövlət təhlükəsizlik orqanlarının əməkdaşlarının kimliyini öyrənmək mümkün olacaq.
Sənədlərin açıqlanması 1956-cı il Macarıstan inqilabının Sovet qoşunları tərəfindən yatırılmasının ildönümünə təsadüf edir.