27 oktyabr 2026 16:12
113

"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb

İsrail İordan çayının qərb sahilinə yollanan Avropa ölkələri və ABŞ-dən olan nümayəndə heyətinin üzvlərini saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, nümayəndə heyətinin tərkibində Böyük Britaniya, Fransa, İspaniya, Lüksemburq, İsveçrə, Yunanıstan, Niderland, İrlandiya və ABŞ-dən olan 23 nəfər yer alıb. Onlar "Tərəqqipərvər İnternasional"ın Birzeit Universiteti ilə birgə təşkil etdiyi Ramallah şəhərindəki Fələstinin Dekolonizasiyası üzrə İkinci Konqresdə iştirak etmək üçün İordan çayının qərb sahilinə gedirdilər.

Nümayəndələr həmçinin fələstinli uşaqlar, fermerlər və yerli liderlərlə görüşməli idilər, lakin onların ölkəyə daxil olmasına icazə verilməyib. İnternasionalın siyasi koordinatoru Leyla Xazaynehin sözlərinə görə, həərəkatın nümayəndələri qadağalara baxmayaraq Fələstin ərazisinə keçmək cəhdlərini davam etdirəcəklər.