İsraildə 26-cı çağırış Knessetə (parlamentə) növbədənkənar seçkilərdə saat 12:00 olan məlumata görə seçici fəallığı 16,6% təşkil edib. İlk üç saat ərzində 1,2 milyondan çox İsrail vətəndaşı səs verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Ynet" portalı Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin bəyanatına istinadla məlumat yayıb.
Portalın qeyd etdiyinə görə, səhər saatlarında qeydə alınan fəallıq 2022-ci ilin noyabrında keçirilmiş əvvəlki parlament seçkilərinin göstəricilərini üstələyib. Həmin vaxt bu saatadək seçicilərin 15,9%-i səs vermişdi. Bundan əlavə, "Ynet" vurğulayır ki, qeyd olunan zaman kəsiyindəki bu göstərici 1981-ci ildən bəri İsraildə keçirilən bütün seçkilər üçün rekord nəticədir.
TASS müxbirinin müşahidələrinə görə, İsraildə parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə müşayiət olunur, Tel-Əviv rayonundakı məntəqələrdə səsvermə qutularının qarşısında növbələr yaranıb.
İsraildə parlament seçkiləri üçün 12 mindən çox səsvermə məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb və saat 22:00-dək fəaliyyət göstərəcək. Məntəqələr bağlandıqdan dərhal sonra "ekzit-pol"ların nəticələri elan olunacaq və səslərin sayılmasına başlanılacaq. Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, ümumilikdə asayişin qorunmasına 20 min polis, sərhəd polisi əməkdaşı və könüllü cəlb olunub. Öz növbəsində ordu Fələstin ərazilərində blokada rejiminin tətbiq edildiyini və İordan çayının qərb sahilindəki bütün keçid məntəqələrinin bağlandığını elan edib.
İsraildə parlament seçkiləri partiya siyahıları üzrə keçirilir, iştirak üçün 36 partiya qeydə alınıb, seçki həddi isə 3,25% təşkil edir. Səsvermə hüququna 7,3 milyon İsrail vətəndaşı malikdir. Mərkəzi Seçki Komissiyasının səslərin ilkin nəticələrini oktyabrın 29-da açıqlayacağı, seçki prosedurlarının yekun nəticələrinin isə ən geci noyabrın 4-dək rəsmi dərc olunacağı gözlənilir. Rəsmi nəticələr alındıqdan sonra Prezident Knessetə daxil olmuş partiyaların nümayəndələri ilə məsləhətləşmələrə başlayacaq və bunun yekununda deputatlardan birinə yeni hökumət koalisiyasını formalaşdırmağı tapşıracaq.
Niderland 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirakdan imtina edib