27 oktyabr 2026 14:50
112

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

25–26 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Dünya Güləş Birliyinin (UWW) Elmi Komissiyasının illik iclası və elmi simpozium keçirilib.

Beynəlxalq tədbirdə Azərbaycanı Güləş Federasiyasının (AGF) Strateji İnkişaf və Analiz şöbəsinin mütəxəssisi Murad Cabbarov rəqib analizində süni intellektin rolu mövzusunda çıxış edib. Təqdimat zamanı AGF-nin formalaşdırdığı analiz platforması təqdim olunub.

UWW-nin Büro üzvü, Elm komissiyasının sədri Buyandelger Peljee, Özbəkistan İdman Universitetinin professoru Fikrət Kərimov, Türkiyənin məşhur idman mütəxəssisi, idman fiziologiyası, məşq elmi və güləş üzrə professor Ramazan Savranbaşı, Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Georgi Korobeynikov və Beynəlxalq Güləş Tədqiqatçıları Şəbəkəsinin (INWR) təsisçisi və direktoru Devid Körbi təqdimatı yüksək qiymətləndirib və bu platformanın güləşin gələcək inkişafı, rəqəmsal texnologiyanın və süni intellektin bu sahəyə inteqrasiyası istiqamətində geniş imkanlar açdığını bildiriblər.

UWW-nin prezidenti Nenad Laloviçin də iştirak etdiyi simpoziumda güləşin inkişafı, idmançıların hazırlıq prosesi və müasir texnologiyaların idmanda tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.

İştirakçılar olimpiya təsnifat sistemi, güləşdə qərarvermə, rəqiblərin təhlilində süni intellektdən istifadə, texniki fəndlərin öyrədilməsində rəqəmsal texnologiyaların rolu və idmançıların fiziki göstəricilərinin izlənilməsi barədə fikir mübadiləsi aparıblar.