20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatında iştirak edib.
Oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində təşkil olunan turnirdə baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi millimiz A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşıb. Hər iki görüşdə məğlub olan komandamız qrup mərhələsini başa vurub.
B qrupunda isə Ukrayna, Ermənistan, Estoniya və Gürcüstan yığmaları mübarizə aparıblar.
Beşinci yer uğrunda görüşdə Gürcüstan millisi ilə üz-üzə gələn Azərbaycan komandası ev sahibini 3:1 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Çempionatın finalında Polşa yığması Ukrayna millisinə 3:2 hesabı ilə qalib gəlib. Bununla da Polşa EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.