24 oktyabr 2026 00:54
97

BMT-də Azərbaycanın əlilliklə bağlı dövlət siyasətindən bəhs olunub

Azərbaycanda əlilliklə bağlı dövlət siyasəti inklüzivlik, inteqrasiya, bərabərlik, ayrı-seçkiliyin yol verilməzliyi və əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət prinsiplərinə əsaslanır.

“İki sahil” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsində Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin sədri və əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.

Diplomat qeyd edib ki, əlilliyi olan şəxslərin cəmiyyətdə digərləri ilə bərabər əsaslarda tam və səmərəli iştirakının təmin edilməsi dövlətlər və beynəlxalq ictimaiyyət üçün başlıca məqsəd olmalıdır.

O bildirib ki, Azərbaycanda son illərdə həyata keçirilən islahatlar nəticəsində qanunvericilik aktlarından mənfi çalar daşıyan ifadələr çıxarılıb, rəqəmsal transformasiya vasitəsilə əlilliyin idarə edilməsi müasirləşdirilib və işarət dili rəsmən tanınıb.

Ş. Hacıyev minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular nəticəsində, o cümlədən münaqişədən sonrakı şəraitlərdə yeni yaranan əlillik hallarının sayının artdığını diqqətə çatdırıb. O, Azərbaycan ərazisinin 13 faizindən çoxunun işğal dövründə basdırılmış partlamamış hərbi sursatlarla çirkləndirildiyini və bunun geri qayıdan əhali üçün ciddi risk yaratdığını vurğulayıb.

Son olaraq Azərbaycanın əlilliyin qarşısının alınması, abilitasiya və reabilitasiyanın təmin edilməsi, habelə əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması məqsədilə tədbirlər görməyə davam edəcəyi qeyd olunub.