23 oktyabr 2026 20:13
131

Maqsud Hüseynov: Azərbaycan təhlükəsiz və etibarlı kiberməkanın yaradılmasını dəstəkləyir

Azərbaycan açıq, təhlükəsiz, sabit və etibarlı kiberməkanın yaradılması istiqamətində beynəlxalq səyləri dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Maqsud Hüseynov BMT Baş Assambleyasının Birinci Komitəsində tərk-silah və beynəlxalq təhlükəsizlik məsələləri üzrə tematik müzakirələr zamanı bildirib.

Diplomat qeyd edib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı iqtisadi artım, innovasiya və dövlət xidmətlərinin təkmilləşdirilməsi üçün yeni imkanlar yaratsa da, kibertəhlükəsizlik sahəsində ciddi çağırışlarla müşayiət olunur.

Onun sözlərinə görə, zərərli kiberfəaliyyətlər kritik infrastruktura, mühüm informasiya sistemlərinə və əsas xidmətlərə təhlükə yaradır, dövlətlər arasında etimadı zəiflədir və dezinformasiyanın yayılmasına şərait yaradır.

M.Hüseynov vurğulayıb ki, Azərbaycan 2021-2025-ci illərdə informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində təhlükəsizlik üzrə BMT-nin Açıq Tərkibli İşçi Qrupunun fəaliyyətini ardıcıl dəstəkləyib.

O, həmçinin Azərbaycanın beynəlxalq təhlükəsizlik kontekstində informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafının və dövlətlərin məsuliyyətli davranışının təşviqi üzrə Qlobal Mexanizmin yaradılmasını alqışladığını deyib.

“Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində açıq, təhlükəsiz, sabit, əlçatan, dinc və qarşılıqlı fəaliyyətə imkan verən mühitin qorunması və inkişaf etdirilməsinə yönəlmiş səyləri yüksək qiymətləndirir. Əminik ki, təhlükəsiz və etibarlı kiberməkan bütün dövlətlərin dayanıqlı inkişaf məqsədlərinə nail olması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət daşıyır”, – deyə Maqsud Hüseynov vurğulayıb.