22 oktyabr 2026 15:00
93

Anar Məmmədov vətəndaş qəbulunda

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər şəhəri Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov iştirak etmiş, vətəndaşların müraciətlərinin həlli istiqamətində müzakirələr aparılmışdır.

“İki sahil” xəbər verir ki, qəbul zamanı Tərtər şəhəri, Goranboy və Ağdərə rayonlarından olan sakinlərin müraciətləri dinlənilmişdir. Görüşdə əsas müraciətlər Ağdərə ərazilərinə qayıdış və məskunlaşma prosesi, işsizlik probleminin aradan qaldırılması, eləcə də kənddaxili yolların təmiri və digər sosial-kommunal məsələlərlə bağlı olmuşdur.

Görüşdə qaldırılan ümumi xarakterli problemlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb.

Sonda sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirib, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.