Qubadlı Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyduğu quruculuq və məskunlaşma hədəflərinin mühüm ünvanlarından biridir. 30 ilə yaxın işğal altında qalan, şəhər və kəndləri dağıdılan bu rayonun qarşısında indi yaşayış məntəqələrini yenidən qurmaq, iqtisadi imkanları hərəkətə gətirmək, müasir infrastruktur yaratmaq və doğma yurda qayıdışı davamlı prosesə çevirmək kimi yeni vəzifələr dayanır.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılıb, infrastruktura ciddi ziyan dəyib, minlərlə sakin doğma torpaqlarını tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur olub. Uzun illər ərzində Qubadlı sakinlərinin doğma yurda qayıtmaq arzusu milli yaddaşımızın ayrılmaz hissəsinə çevrilib. Buna baxmayaraq, insanlar öz el-obalarına bağlılıqlarını, adət-ənənələrini və qayıdış ümidlərini qoruyub saxlayıblar.
25 oktyabr 2020-ci il Qubadlının taleyində dönüş nöqtəsi olub. Azərbaycan Ordusunun şəhəri işğaldan azad etməsi təkcə hərbi uğur deyilib. Bu Zəfər bölgədə yeni quruculuq mərhələsinin başlanmasına, illərlə yurd həsrəti çəkən insanların qayıdış ümidlərinin gerçəkləşməsinə yol açıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü kimi təsis edilib.
Qarşıya qoyulan məqsəd əhalinin rahat yaşayacağı, sosial xidmətlərə çıxış əldə edəcəyi, iqtisadi fəallığın artacağı müasir şəhər mühiti yaratmaqdır. Bu baxımdan şəhərin inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi xüsusi əhəmiyyət daşıyır. Sənəd Qubadlının gələcək məkan quruluşunun və şəhərsalma istiqamətlərinin müəyyənləşdirilməsi üçün əsas yaradır. Şəhərdə yaşayış məhəlləsinin salınması, inzibati binanın, məktəbin və Mərkəzi Xəstəxananın inşası ilə bağlı layihələr bərpanın kompleks xarakter daşıdığını nümayiş etdirir.
Qubadlının coğrafi mövqeyi onun gələcək iqtisadi fəaliyyətində mühüm rol oynaya bilər. Laçın və Zəngilan istiqamətləri arasında yerləşən rayonun yol əlaqələrinin bərpası həm əhalinin hərəkət imkanlarını genişləndirir, həm də istehsal və xidmət sahələrinin inkişafı üçün zəmin yaradır. Xudafərin–Qubadlı–Laçın və Xanlıq–Qubadlı avtomobil yolları bölgədə nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edir.
Qubadlı tarixən kənd təsərrüfatı və heyvandarlıq ənənələri ilə seçilib. Rayonun təbii şəraiti, su ehtiyatları və torpaq imkanları bu sahələrin müasir üsullarla bərpası üçün perspektivlər yaradır. Emal müəssisələri, xidmət sektoru, kiçik sahibkarlıq və turizm istiqamətlərinin inkişafı əhalinin məşğulluğuna töhfə verəcəkdir. Belə imkanların reallaşması üçün infrastruktur quruculuğu ilə iqtisadi planlaşdırma paralel aparılır. Yeni yaşayış məntəqələrində insanların işlə təmin olunması, yerli məhsulların bazara çıxarılması və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi Qubadlının dayanıqlı gələcəyini müəyyən edən amillərdəndir.
Qubadlıda aparılan bərpa və məskunlaşma işlərinin əsas məqsədi insanların doğma yurdlarında davamlı məskunlaşmasını təmin etmək, sosial şəraiti yaxşılaşdırmaq və iqtisadi fəallığı artırmaqdır. Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilən layihələr bu istiqamətdə atılan addımların tərkib hissəsidir. Yaşayış evlərinin bərpası, zəruri infrastrukturun yaradılması və əhalinin gündəlik ehtiyaclarının qarşılanması kənd həyatının yenidən canlanmasına imkan verir. Sakinlərin doğma torpaqlarına qayıdaraq burada əmək fəaliyyəti ilə məşğul olması, ailə təsərrüfatlarını bərpa etməsi və gələcəyini qurması Qubadlının uzunmüddətli inkişafının əsasını təşkil edir.
Qubadlının gələcəyi tarixi yaddaşla müasir inkişafın uzlaşdırılmasından keçir. Şəhərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, iqtisadi imkanların genişləndirilməsi doğma yurda qayıdışın möhkəm əsaslarını formalaşdırır. Qubadlı şəhəri günü həm də azad edilmiş torpaqlarda yeni həyat qurmaq əzmini, dövlətin uzunmüddətli məqsədlərini və insanların doğma yurdlarına qovuşmaq istəyini ifadə edir. Qubadlıda aparılan işlərin başlıca hədəfi şəhəri və kəndləri yenidən qurmaqla yanaşı, burada davamlı yaşayışın, əmək fəaliyyətinin və gələcəyə inamın bərqərar olmasını təmin etməkdir.
Heydər Əsədov,
Milli Məclisin deputatı
Qarabağ Avrasiyanın ən mühüm ekoloji bərpa və ekoturizm mərkəzlərindən birinə çevriləcək - TƏHLİL
Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir