Azərbaycanın zəngin dövlətçilik tarixi xalqımızın azadlıq əzmini, milli birliyini və Vətənə sonsuz bağlılığını əks etdirən, gələcək nəsillər üçün qürur və iftixar mənbəyinə çevrilən möhtəşəm hadisələrlə zəngindir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 2020-ci ildə qazanılmış möhtəşəm Zəfər xalqımızın taleyində yeni dövrün əsasını qoymuş, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratmışdır. Bu Zəfərin mühüm səhifələrindən biri də 25 oktyabr 2020-ci ildə Qubadlı şəhərinin Ermənistanın uzun illər davam edən işğalından azad edilməsidir. 25 Oktyabr - Qubadlı Şəhəri Günü Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın mübarizə əzminin və Ordumuzun qəhrəmanlığının təcəssümüdür.
Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi, qədim tarixi və mədəni irsi ilə seçilir. Dağları, meşələri, çayları və münbit torpaqları ilə tanınan bu diyar tarixən mühüm yaşayış və təsərrüfat məkanı olmuşdur. İşğala qədər rayonda taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq geniş inkişaf etmişdi.
1993-cü il avqustun 31-də Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ağır humanitar, sosial-iqtisadi və mədəni fəsadlara səbəb oldu. Minlərlə insan doğma yurdundan didərgin düşdü, yaşayış məntəqələri, infrastruktur və tarixi-mədəni irs nümunələri dağıntılara məruz qaldı. İşğal dövründə rəsmi İrəvanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti, demoqrafik vəziyyəti süni şəkildə dəyişdirmək cəhdləri və təbii sərvətlərin istismarı beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi. Lakin bütün çətinliklərə baxmayaraq, qubadlılılar doğma torpaqlarına qayıdış ümidlərini itirmədilər, Azərbaycan dövləti isə ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqeyindən geri çəkilmədi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti əhəmiyyətli dərəcədə artdı. Müasir silah və texnika ilə təchiz edilmiş, yüksək döyüş hazırlığına malik Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda tarixi missiyanı yerinə yetirməyə hazır vəziyyətə gətirildi. Güclü dövlət, qüdrətli ordu və sarsılmaz xalq-iqtidar birliyi gələcək Qələbəmizin möhkəm təməlini formalaşdırdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycan Ordusunun yüksək peşəkarlığının və xalqımızın milli iradəsinin nümayişinə çevrildi. Silahlı Qüvvələrimiz düşmənin müdafiə xətlərini yararaq mühüm strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Qubadlı istiqamətində aparılan uğurlu hərbi əməliyyatlar müharibənin gedişində mühüm dönüş nöqtələrindən biri oldu, Laçın istiqamətində irəliləyişə və Şuşaya aparan Zəfər yolunda strateji üstünlüyün əldə edilməsinə əlverişli şərait yaratdı.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi xalqımıza böyük sevinc və qürur yaşatdı. Mürəkkəb relyef və ağır döyüş şəraitində qazanılan bu Qələbə hərbi rəhbərliyin düzgün strateji qərarlarının və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığının parlaq nümunəsi idi. Şəhərin azad edilməsindən sonra hərbi əməliyyatlar davam etdirildi və Vətən müharibəsi nəticəsində Qubadlı rayonu tamamilə işğaldan azad olundu.
Tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi təsis edilmişdir. Bu qərar torpaqlarımızın azadlığı uğrunda göstərilmiş qəhrəmanlığa verilən yüksək qiymətin, şəhidlərimizin əziz xatirəsinə ehtiramın və Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinin ifadəsidir.
Tarixi Zəfərdən sonra Qubadlının həyatında yeni inkişaf mərhələsi başlanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir yaşayış və sosial infrastruktur yaradılır. Qubadlı şəhərinin Baş planına uyğun yenidən qurulması, ilk yaşayış məhəlləsinin təməlinin qoyulması, Mahruzlu və Zilanlı kəndlərinin bərpası Böyük Qayıdış Proqramının mühüm istiqamətlərindəndir. Bu layihələr keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışına, əhalinin rifahının yüksəldilməsinə və rayonun iqtisadi potensialının inkişafına xidmət edir.
Qubadlının dirçəlişində nəqliyyat və logistika infrastrukturunun inkişafı da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 5-də imzaladığı “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam bölgələrarası nəqliyyat əlaqələrinin gücləndirilməsinə, iqtisadi fəaliyyətin genişlənməsinə və Şərqi Zəngəzurun digər ərazilərlə inteqrasiyasına xidmət edir. “Qubadlı” gömrük postu isə sərhəd və gömrük infrastrukturunun inkişafı, dövlət nəzarətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Rayonun əlverişli təbii-coğrafi şəraiti kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası, müasir texnologiyalar əsasında inkişafı, eləcə də turizm, xidmət və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Həyata keçirilən layihələr Qubadlının Şərqi Zəngəzurun mühüm iqtisadi və sosial mərkəzlərindən birinə çevrilməsinə zəmin formalaşdırır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri, burada Dövlət Bayrağımızı ucaltması, infrastruktur və yaşayış layihələrinin təməlqoyma mərasimlərində iştirakı rayonun inkişafına göstərilən yüksək dövlət diqqətinin bariz nümunəsidir. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən quruculuq işləri Qubadlının müasir, abad və dayanıqlı inkişaf edən yaşayış məkanına çevrilməsinə xidmət edir.
Bu gün Qubadlıda aparılan genişmiqyaslı işlər yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də yeni həyatın və iqtisadi imkanların yaradılması deməkdir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı onların pozulmuş hüquqlarının bərpası, tarixi ədalətin təmin edilməsi və milli-mənəvi bağlılıqların yenidən möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
25 Oktyabr - Qubadlı Şəhəri Günü xalqımız üçün tarixi Qələbəmizin qürurunu yaşamaq, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək və gələcəyə böyük inamla baxmaq günüdür. Qubadlı artıq işğalın və həsrətin deyil, azadlığın, quruculuğun və tərəqqinin ünvanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu qədim Azərbaycan diyarı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qubadlının azadlığı dövlətimizin qüdrətinin, onun yenidən qurulması isə xalqımızın yaradıcı gücünün təntənəsidir. Azad və abad Qubadlı bundan sonra da müstəqil, suveren və qalib Azərbaycanın əzəmətini nümayiş etdirəcəkdir.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Qarabağ Avrasiyanın ən mühüm ekoloji bərpa və ekoturizm mərkəzlərindən birinə çevriləcək - TƏHLİL
Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir