Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar milli qürurun, vətən sevgisinin və qəhrəmanlığın rəmzinə çevrilir. 25 oktyabr – Qubadlı Şəhəri Günü də xalqımızın yaddaşında xüsusi yer tutan, tarixi Zəfərimizin təntənəsini və doğma torpaqlarımıza qayıdış ümidini özündə birləşdirən əlamətdar günlərdəndir.
Qubadlı rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin tarixi, mədəni irsi, füsunkar təbiəti və zəhmətkeş insanları ilə tanınır. Bərgüşad və Həkəri çaylarının əhatəsində yerləşən bu diyar əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanıldığı məkanlardan biri olmuşdur. Qubadlı həm də öz igid oğulları, Vətənə sədaqəti və el-obasına bağlılığı ilə seçilən insanları ilə qürur doğurur.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı uzun illər doğma yurdlarından didərgin düşmüş sakinlərinin qəlbində nisgilə çevrildi. Minlərlə insan öz evindən, torpağından ayrı düşdü, doğma ocaqlarından uzaqda yaşamağa məcbur oldu. Lakin qubadlılıların Vətən sevgisi, doğma yurda qayıdış inamı heç vaxt sönmədi. Onlar hər zaman öz torpaqlarına qayıdacaqları günün həsrəti ilə yaşadılar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azadlığına qovuşması istiqamətində mühüm nailiyyətlər əldə edildi.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi. Bu tarixi hadisə yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addım deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində yeni ümidlərin yaranması demək idi. Qubadlı şəhərinin azadlığı Azərbaycan əsgərinin şücaətini, xalqımızın birliyini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Qubadlının azad edilməsi ilə yeni bir mərhələnin əsası qoyuldu. Qarşıda duran əsas məqsədlərdən biri doğma torpaqların bərpası, dağıdılmış infrastrukturun yenidən qurulması, tarixi və mədəni irsin qorunması, eləcə də keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışının təmin edilməsidir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir.
Bu gün Qubadlı gələcəyə inamla baxan, yenidən qurulan və dirçəlişə doğru addımlayan Azərbaycan torpaqlarından biridir. Doğma yurda qayıdış yalnız insanların öz evlərinə dönməsi deyil, həm də həyatın, ənənələrin, mədəniyyətin və milli yaddaşın yenidən canlanması deməkdir. Qubadlıda hər bir bərpa olunan bina, salınan yol və yaradılan yeni imkan gələcəyə olan inamın ifadəsidir.
25 oktyabr tarixi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm əhəmiyyət daşıyır. Bu günün mahiyyəti məktəblilərə və gənclərə çatdırılmalı, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhidlərimizin fədakarlığı və Azərbaycan xalqının birliyi daim təbliğ olunmalıdır. Çünki tarixi unutmamaq, milli dəyərləri qorumaq və qazanılmış Zəfərin əhəmiyyətini dərk etmək hər bir vətəndaşın mənəvi borcudur.
Beləliklə, 25 Oktyabr – Qubadlı Şəhəri Günü azadlığın, qəhrəmanlığın, milli birliyin və ümidin təntənəsidir. Bu əlamətdar gün Azərbaycan xalqının öz torpaqlarına bağlılığını, dövlətimizin gücünü, ordumuzun qüdrətini və xalqımızın Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinə ehtiramın təcəssümüdür.
Əli Hüseynli,
Milli Məclisin deputatı
Qarabağ Avrasiyanın ən mühüm ekoloji bərpa və ekoturizm mərkəzlərindən birinə çevriləcək - TƏHLİL
Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir