21 oktyabr 2026 22:47
112

Rusiya noyabrda Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffa Moskvanın noyabrın 10-dan sonra Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan danışıqların əsas mövzusu münaqişə başa çatdıqdan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin qurulması olacaq.

Tərəflər, həmçinin Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin Çində görüşünün keçirilmə perspektivini müzakirə ediblər. Rusiya Prezidentinin köməkçisinin bildirdiyinə görə, Çin tərəfi belə bir görüşün keçirilmə imkanını nəzərdən keçirir və hazırlıq işləri aparır.

Vladimir Putinlə Stiv Uitkoff arasında söhbət təxminən üç saat davam edib. Yuri Uşakov görüşü ətraflı və səmimi müzakirə kimi səciyyələndirib. Bu, Rusiya Prezidentinin ABŞ Prezidentinin xüsusi elçisi ilə doqquzuncu görüşü olub.